Üzeyir Hacıbəyovun ağır xəstəliyi haqda M.Bağırova ünvanlanmış sənədlər tapıldı...-FOTOLAR
Araşdırma
4724
19 Sep 2020 | 15:36

Üzeyir Hacıbəyovun ağır xəstəliyi haqda M.Bağırova ünvanlanmış sənədlər tapıldı...-FOTOLAR

Dünən - sentyabrın 18-də Milli Musiqi günü, yəni dahi Üzeyir Hacıbəyovun doğum günündə dəyərli oxucularımızı sabiq deputat Maksim Musayevin -a çatdırdığı Üzeyir bəyin Qərbi Azərbaycandakı soydaşlarımızın problemlərinin həlli üçün də çalışması barədə maraqlı və ibrətamiz məlumatla(bax: ) tanış etmişdik. Bu məlumatı M.Musayevə sovet dövründə Ermənistan Ali Sovet sədrinin müavini vəzifəsinə qədər yüksəlmiş  rəhmətlik atası Talıb Musayev nəql edib.  
Atasının xahişi ilə müstəqillik illərində də Üzeyir Hacıbəyov haqda fürsət düşdüksə axtarışlar aparan sabiq deputat  Moderator.az-a Azərbaycanın nəinki keçmiş Sovetlər İttifaqında, həm də dünyada tanınmış  bu nəhəng dühasıyla  bağlı iki arxiv sənədinin surətini də təqdim edib.
“Atam Üzeyir Hacıbəyovla tanışlığı barədə mənə danışdıqdan sonra onun vətənpərvərliyinə, millətsevərliyinə necə heyran qalmışdısa,  mənə vəsiyyət etdi ki, oğul, sən dövlət arxivlərində çox çalışırsan, Üzeyir bəy haqda hansı sənəd qarşına çıxsa, surətini çıxarıb saxla, nə vaxtsa gərək olar...  Təxminən  2001-2002-ci illərdə Prezidentin İşlər İdarəsinin Siyasi Arxivində   çalışarkən  gözümə rəhmətlik dahimizin adı keçən bir neçə sənəd sataşdı. Məlum oldu ki,  bunlar 1947-ci ildə Azərbaycan SSR-in o vaxtkı Səhiyyə naziri Kübra Fərəcovanın  Üzeyir bəyin səhhəti haqda 1-ci katib Mircəfər Bağırova göndərdiyi rəsmi arayış və müalicə həkimlərinin 15 noyabr 1947-ci il tarixində keçirdikləri konsiliumun gəldiyi tibbi nəticədir... 
Bu sənədlər də bir daha sübut edir ki, Üzeyir bəy kifayət qədər milli qeyrətli şəxsiyyət olmasına və hətta onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı xidmətləri haqda məlumatlılığa rəğmən  sovet rəhbərliyi, o cümlədən Stalinsayağı sərt idarəçi olan Mircəfər Bağırov özü onun yüksək səviyyəli sənətkarlığı və ictimai nüfuzu qarşısında baş əyərək dahi bəstəkarın səhhətini bilavasitə  nəzarətində saxlayıb... Arayışın foto-surətindən görünür ki, M.Bağırov onun baş hissəsində “Na Byuro”(yəni Siyasi Büroda müzakirə üçün) sözlərini yazıb. Təbii ki, sovet vaxtı yalnız ən vacib məsələ və şəxslərlə bağlı sənədlər Büronun müzakirəsinə çıxarılırdı...”

Səhiyyə Naziri K.Fərəcovanın Üzeyir Hacıbəyovun səhhəti barədə respublika rəhbəri M.Bağırova göndərdiyi arayışın rus dilindən tərcüməsini nəzərinizə çatdırırıq: 

“Sizin göstərişiniz əsasında  akademik Üzeyir Hacıbəyovun sağlamlıq vəziiyyətini müəyyən etmək üçün bu tərkibdə konsilium təşkil edilmişdir: 

Terapevtlər, professorlar –  E. Qorov, Afonski, Yaqubov, Əfəndiyev və həkim Osipyan; 

okulistlər- professor Musəbəyova və həkim Axundovanın iştirakı ilə konsilium keçirilmişdir. 
Konsiliumun nəticəsinə görə xəstə  şəkər diabeti,  hipertaniya ( damar xəstəlikləri) və ürək astmasından əziyyət çəkir. Akademik  Hacıbəyov Xüsusi Müalicə Sanitariya İdarəsinin(“leçkomissiya”- S.L.)xəstəxanasına  yerləşdiriləcək,  orada xüsusi müalicə alacaq və nəzarət ediləcək.  Onun səhhəti barədə vaxtaşırı Sizə məruzə olunacaq”.
 

Maksim Musayevin redaksiyamıza təqdim etdiyi sənəddən o da bir daha  bəlli olur ki, Üzeyir Hacıbəyovun müalicə həkimlərindən biri Osipyan soyadlı erməni olub.  

Ötən illər mediada bu haqda  verilmiş araşdırma yazılardan bəlli olub ki, məhz həmin erməni həkimin bilavasitə şəkər diabeti ilə bağlı Azərbaycanın dahi sənətkarı və ictimasi-siyasi xadiminə bilərəkdən səhv müalicə təyin etməsi  cəmi 1 il iki ay sonra Üzeyir bəyin dünyasını dəyişməsinə gətirib çıxarıb.   
Əlavə məlumat üçün 2018-ci ildə Koordinat.az saytında dərc olunmuş "Stalin səhv müalicə olunan Üzeyir Hacıbəyovu  hara göndərmişdi?” adlı materialdan bir parçanı nəzərinizə çatdırırıq. 

“Dahi bəstəkarın  konsilium həkimlərinin  tərkibində olan  Osipyan familiyalı  erməni həkim böyük sənətkarı  müalicə etməyə başlayır. Ermənilərin çoxdan axtardıqları fürsət əllərinə düşür. Əlverişli məqamı fövtə verməyən Osipyan təcili olaraq Üzeyir bəyə insulin iynəsi təyin edir və xəstəni çox ciddi pəhrizdə saxlayır. Onun  çörək, kartof, düyü, şirniyyat yeməsinə qadağa qoyur. Bunun nəticəsində Ü. Hacıbəyli bir ay ərzində 18 kq arıqlayır. Orqanizmi zəifləyir və ürək tutmaları başlayır.

Üzeyir bəy Hacıbəylinin böyük baldızının oğlu, sənətkarın şəxsi katibi olmuş və dahi bəstəkarın ev-muzeyi açılan gündən ömrünün sonuna kimi ulu öndər Heydər Əliyevin göstərişi  ilə direktor təyin edilən  professor Ramazan Xəlilov mənə danışmışdı ki, “bir gün Osipyanın yanına gəlib dedim: “Doktor, mən “Nauka i jizn” jurnalında oxumuşam ki, şəkər xəstəsinə insulin vurulursa, ona pəhriz təyin etmək lazım deyil. Xəstə ürəyi istəyən nemətlərdən istifadə edə bilər. Endokrinoloq İdelson insulin preparatından istifadə edən diabet xəstələrinə pəhriz təyin etmir, hətta mürəbbə ilə çay da içməyə icazə verir. Osipyan üzünü turşudaraq “ biz Üzeyir bəyin üzərində eksperiment keçirə bilmərik” dedi.”

Beləliklə də, Osipyanın məkrli niyyəti çox ağır nəticələrə səbəb olur. Üzeyir bəyi Yessentukiyə aparmağı məsləhət görürlər. Orada Ü. Hacıbəylinin vəziyyəti daha da ağırlaşır. Bu barədə Mir Cəfər Bağırov İ. Stalinə məlumat verir. SSRİ-nin başçısı Üzeyir bəyi təcili olaraq Moskvaya gətirməyi  məsləhət görür. 1947-ci ilin dekabrında Ü. Hacıbəylini Moskvaya aparırlar və məlum olur ki, Üzeyir bəyi Bakıda düzgün müalicə etməyiblər. Səhv müalicə nəticəsində onun ürək-damar sistemi zəifləmiş, bu isə ürək tutmalarına səbəb olmuşdur... 
 Lakin bütün səylərə baxmayaraq Üzeyir bəy Hacıbəylinin vəziyyəti yaxşılaşmır.  1948-ci il oktyabr ayının ikinci yarısında Üzeyir bəyi öz evinə gətirirlər. Həkimlərin çabaları bir nəticə vermir. Dahi sənətkarı  xilas etmək mümkün olmur. Noyabr ayının 23-də, gecə  saat 2-də Azərbaycan xalqının böyük oğlu əbədi olaraq gözlərini yumur...”

Allah rəhmət eləsin!

Sultan Laçın

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər