Gündəm
5146
11 Sep 2020 | 13:29

"Ramiz, insanları hədələmək əvəzinə, xalqdan üzr istə, bəlkə səni bağışlayalar…”

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin onu tənqid edənləri  yenidən məhkəmə ilə hədələməsi ilə bağlı yayılmış son xəbərlərdən sonra  AMEA prezidentinin “qara siyahısı”nda olan, Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının qurucularından biri, sabiq deputat Maksim Musayev bir daha Moderator.az-a müraciət edərək keçmiş komsomol və kommunist həmkarına növbəti bir müraciət ünvanlayıb.  
“Ramiz, əzizim, təsdiqləyirsən ki, günahların açıldıqca abır-həyan daha da azalır. Var-dövlət hərisi olduğun üçün indi də Elmlər Akademiyasının saytını özəlləşdirmisən. “Yaxşılılıq elədiyin”, “həyatlarını xilas etdiyin”, “ayağa qaldırdığın” adamlar  haqda yazırsan. Amma ad çəkmirsən... 

Həm də başa düşmək olmur, sən padşah imişsənmi,  ya da  kral, yoxsa imperator olmusanmı, bizim xəbərimiz olmayıb. Özün-özünü göylərə qaldırırsan ki, guya xilaskarsan... 

Deyirsən ki, “onlar mənə düşmən kəsiliblər”. Xeyr, onlar sənin maskanı yırtıblar... 
Yazırsan ki, səni dövlətçilik  əleyhinə fəaliyyətdə suçlayırlarsa,  faktlarla sübut etsinlər. Mən səni suçlamıram... Amma məhkəmə qərar verməmiş sənin cinayətlərindən birini faktla sübut edirəm. Bax, bu fotolar Xızı rayon mərkəzində çəkilib. Gör, Azərbaycan xalqının körpə balalarının evini  necə dağıdıbsan? Xızının  yeganə uşaq bağçasını nə təhər viranə qoymusan? İzi-tozu da qalmayıb... Ermənilər Qarabağdakı Azərbaycan yurd-yuvalarının, evlərinin izini itirməyə çalışır, sən də qalan torpaqlarımızda... Hətta uşaq bağçalarına da göz dikmisən. Vaxtilə bizim tikdirdiyimiz binanı elə dağıtdırmısan ki, izi-tozu da qalmayıb... 

Ramiz, xülasə, həmin uşaq bağçasının xarabazarında  çəkdirdiyim fotoları media vasitəsi ilə sənə göndərirəm. Bu foto-faktlara cavab ver... Məhkəmə “toyu”nda da, inşaallah, camaat iştirak edəcəkdir...  

İnsanları  hədələmək əvəzinə, yaxşısı budur, gəl, mənim xalqımdan üzr istə, bəlkə səni bağışlayalar...”-deyə  Xızı rayonunun ilk icra başçısı Maksim Musayev müraciətini tamamlayıb.

Həmsöhbətimiz 1991-1992-ci illərdə icra başçısı olaraq Xızı rayon mərkəzindəki yeganə uşaq bağçasının ərsəyə gəlməsi zamanı gördüyü işlərdən də bəhs edib:
“1990-cı illərin müharibə, həm də iqtisadi-sosial baxımdan ağır günlərində haqqında danışdığımız uşaq bağçasını tikdirib ərsəyə gətirincə nələr əziyyət çəkmişik... Azyaşlılarımızın təlim-tərbiyə görməyi ilə yanaşı, çalışmışıq ki, öncə imkansız, qaçqın və məcburi köçkün ailələri orada işlə də təmin edilsin. Məsələn, Orta Asiyadan didərgin Məhsəti türklərindən birinə,  Şuşadan, Laçından, Kəlbəcərdən, Qubadlıdan və s.  köçkün olanlara da iş verdirmişəm o bağçada... Ramiz Mehdiyev kimilər isə biz etdiklərimizin əksinə, biz tikdirdiklərimizi dağıtmaqla neçə-neçə körpəmizi təlim-tərbiyədən, neçə qaçqın-köçkün ailəsini işdən, çörəkpulundan məhrum edib. İnsanlar erməni zülmündən qurtarıb təzədən öz vətəninin digər hissəsində belə qaniçən məmurların zülmünə məruz qalıb...”- deyə keçmiş deputat bildirib.
Link kopyalandı!
Son xəbərlər