Cəmiyyət
4388
05 Sep 2020 | 16:30

"Sanki kimlərsə ölkədə vətəndaş-hakimiyyət qarşıdurması yaratmaq üçün fəaliyyətə keçiblər"

Koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklər fonunda ölkədə sosial gərginliyin artdığı açıq görünməkdədir. İnsanlar iş yerlərini itirib, biznes fəaliyyəti edənlərin əksəriyyəti çətin maliyyə durumuna düşüblər. Belə bir durumda ailəsini dolandırmaq üçün xırda ticarətlə və ya taksi xidmətimi ilə məşğul olan on minlərlə insanın cüzi qazanc əldə etdikləri qapıları bağlamaq nə qədər doğrudur? Söhbət bu günlərdə hökumətin gömrük sərhədlərindən keçərkən xaricdən ölkəmizə gələn vətəndaşların  özləri ilə gətirdikləri 1500 ABŞ dolları ekivalentində malların məbləğinin 800 dollara endirilməsi, onları müşayət edən ailə üzvlərinin hər birinə 500 dollar məbləğində mal gətirilməsı fürsətinin aradan qaldırılması, beynəlxalq poçt daşımaları vasitəsilə vətəndaşların xarici bazarlardan sifarişlə gətirdikləri malın dəyərinin 1000 ABŞ dollarından 300 dollara qədər azaldılması ilə bağlı müvafiq qanunvericilik aktında Nazirlər Kabinetinin etdiyi dəyişiklikdən gedir. 

Bu arada taksi xidmətində vahid tariflərin tətbiqi ilə bağlı Bakı Nəqliyyat Agentliyi NK-nə təkliflə müraciət edib. Başqa ölkələrdəki anoloqları nümunə gətirməklə bu addımları atan Dövlət Gömrük Komitəsi (NK-nin müvafiq qərarında baş vermiş dəyişikliyin təşəbbüskarı məhz DGK-dir) və Baklı Nəqliyyat agentliyi görəsən Pandemiya səbəbindən minlərlə insanın iş yerlərini itirdiyi bir vaxtda əhalinin yaşam tərzinə mənfi təsir göstərən bu addımların ən azından zaman baxımından doğru olub olmamasının fərqində ola biliblərmi? Gömrük rəsmləri inkişaf etmiş ölkələrin təcrübəsini əsas gətirəndə həmən ölkələrdə daxili bazarların yerli istehsalla necə təchiz edildiyinin, Ümümdünya Ticarət Təşkilatına üzv olan bu ölkələrdə ÜTT-yə üzvülüyün o ölkələrin vətəndaşlarına və iş adamlarına hansı üstünlükləri verdiyini, bu ölkələrə xaricdən gətirilən mallara tətbiq edilən gömrük rüsumlarının səviyyəsini bizim gömrük rüsumlarının səviyyəsi ilə (bizdə 36%) müqaisə edərək araşdırma aparıbmı? Əgər bu qərar dövlət büdcəsini doldurmaq üçün qəbul edilibsə, onda gəlin yanılmayaq, çünki onun reallaşdırılmasından dövlətin büdcəsinə də demək olar ki, simvolik bir gəlir daxil ola biləcək. Gömrük Komitəsinin israrla müdafiə etdiyi bu qərarların icrası ilə dövlətin büdcəsi bir ildə ortalama 70 milyon manat əlavə gəlir ala biləcək. Bu rəqəm 2020-ci ilin dürüstləşdirilmiş Dövlət büdcəsinin 24 milyard manatdan çox olan gəlirlərinin heç 0,3%-ni belə təşkil etmir. Bəs bu qədər “gəlirin” müqabilində Pandemiya dönəmində on minlərlə insanı hakimiyyətdən narazı salmaq kimə lazım idi? Real olaraq bu qərar monopolistlərin maraqlarına xidmət edəcək və ölkədə qiymətlərin artmasına gətirib çıxaracaqdır. Bax bu aşkardır. 

Gəlin məsələni bir qədər də dəqiqləşdirək. Fərz edək ki, bir insan  ölkə daxilində xırda ticarətlə məşğul olmaq üçün xaricə mal gətirməyə gedir. O, 1500 dollar məbləğində mal gətirmək üçün özünün nəqliyyat, kommunal, yemək və digər xərclərini də çəkməlidir. Bu isə ən azından ortalama 500 dolara bərabər bir xərcdir. Deməli, əslində vətəndaş 1500 dollarlıq mal gətirmir. Şərti desək səfərlə bağlı nəqliyyat, kommunal, yemək və digər xərclər çıxıldıqdan sonra, o, özüilə 1000 dollarlıq mal gətirir. Vətəndaş bu malın bir hissəsini ailə ehtiyaclarına istifadə edib, qalanını isə müəyyən qiymət əlavəsi ilə satıb, el dili ilə desək “çulunu sudan çıxarır”. Bunun qarşısına necə səd çəkmək olar? Dəridən-qabıqdan çıxaraq qəbul edilən qərarın az qala fövqalədə iqtisadi əhəmiyyət kəsb etdiyini əsaslandırmağa çalışmaq, insanların bu sahədəki fəaliyyətinin ölkədəki makroiqtisadi duruma mənfi təsirlərindən danışmaq sadəcə gülüncdür. İstənilən qərarın qəbulunda sırf texniki yanaşma yolverilməzdir. Təcrübə göstərir ki, məsələlərin həllinə bu cür yanaşım sonda həmən qərarların əks effekt verməsi ilə nəticələnir. Odur ki, bu səviyyədən olan qərarların qəbulu zamanı bütün reallıqlar yüz dəfə ölçülüb bir dəfə biçilməlidir.

Taksi xidmətilərində də vahid tarif siyasəti yeritmək üçün xidmətlərin keyfiyyətini əlində bayraq edənlər bilməlidirlər ki, keyfiyyətli xidmət özü də rəqabət olan yerdə formalaşır. Bu gün hər bir taksi xidmətinin öz müştərisi var. İmkanlı daha komfortlu və daha təhlükəsiz taksi sifariş edir, imkansız isə daha ucuz taksi xidmətindən istifadə etməyə üstünlük verir. Sərnişin daşıma bazarında uzuz taksi xidmətini heç bir qərarla aradan qaldırmaq mümkün olmayacaq. Ona görə də bu xidməti hələlik olduğu kimi saxlamaq lazımdır. Bazar özü bu xidməti çalxalayıb “yağını yağ, ayranını ayran kimi ayıracaq”. İndiki Pandemiya şəraitində inzibati yollarla taksi xidməti ilə məşğul olan on minlərlə insanların qazanc qapılarına qıfıl vurub, onlarda hökumətə qarşı qıcıq yaratmaq lazım deyil. Ölkədə normal bələdiyyə fəaliyyəti formalaşdıqdan sonra taksi xidmətlərinin tənzimlənməsini də onların ixtiyarına buraxmaq olar.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, 
professor
Link kopyalandı!
Son xəbərlər