“Taksi xidmətində vahid qiymətlərin tətbiqi arzuediləndir”
Cəmiyyət
2902
31 Aug 2020 | 12:17

“Taksi xidmətində vahid qiymətlərin tətbiqi arzuediləndir”

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində konsepsiya hazırlanmaqdadır. Konsepsiyada taksi xidmətində vahid qiymələrin tətbiqi məsələsi də nəzərdə tutulub.

 

Maraqlıdır, taksilərdə vahid qiymətin tətbiqi nə dərəcədə arzuediləndir? Bu yenilik taksi xidmətlərinin fəaliyyətinə necə təsir göstərəcək?

 

Moderator.az-a açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov, bu yeniliyin tətbiqinin arzuedilən olduğunu vurğuladı:

 

“Taksi ximəti sahəsində vahid qiymətin tətbiqi məsələsi bir neçə ildir ki, gündəmdədir. Burada məqsəd taksi xidmətinin keyfiyyətinin artırılması istəyi ilə bağlıdır. Bu gün 60-70 ədəd dispetçer qurumu fəaliyyət göstərir. Bir tək Bakı şəhərində taksi xidməti ilə məşğul olan 20 mindən çox taksi mövcuddur.

 

Bu gün müxtəlif şirkətlər dispetçer xidmətləri vasitəsi ilə daha ucuz xidmət təklif edirlər. Məqsəd müştəri qruplarını özlərinə cəlb etməkdir. Buna görə də onlar xidmətə görə daha az ödəniş təklif edirlər. Lakin onların göstərdiyi  xidmətin səviyyəsi isə çox zaman lazımi səviyyədə olmur. Ucuz qiymətə xidmət göstərən bu taksilərin istismara yararlılıq səviyyəsi belə bəzən sual altında olur. Əgər bu sahədə vahid qiymət tətbiq edilsə, o zaman şirkətlər diqqəti daha çox xidmətin keyfiyyətinə yönəldəcəklər.

 

Bu gün taksi xidməti ilə məşğul olan şirkətlərin sayı o qədər çoxdur ki, biz telefonda istənilən dördrəqəmli kombinasiyanı yığsaq, böyük ehtimalla hansısa taksi xidmətinə düşəcəyik. Orta istehlakçı adətən xidmətin səviyyəsi ilə deyil, daha çox xidmətin qiyməti ilə maraqlanır. Lakin vahid qiymət tətbiq edilsə, o zaman istehlakçı artıq qiymət deyil, xidmətin keyfiyyətinə diqqət yetirəcək. Keyfiyyyətli xidmət deyəndə avtombilin xarici görünüşündən başlayaraq, daxili salonu, xidmət göstərən sürücünün ünsiyyət qabiliyyəti və s. nəzərdə tutulur.

 

Bildiyiniz kimi, Bakı şəhərinə yeni taksilər gətirilib. Həmin taksilərin sürücüləri uniformalardan, təhlükəsizlik kəmərlərindən istifadə edirlər. Onların ünsiyyət mədəniyyəti də yüksəkdir. Biz məhz bu cür xidmətdə maraqlıyıq. Lakin çox zaman biz bunun əksini görürük və bunun səbəblərindən biri də qiymətlə bağlıdır.

 

Bu baxımdan şəxsən mən vahid tarifin tətbiqinin tərəfdarıyam. Çox istərdim ki, taksi şirkətləri rəqabəti qiymət üzərində deyil, göstərdikləri xidmətin keyfiyyəti üzərində qursunlar”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər