“Mikayıl Gözəlovun bu xidmətindən çox az adamın xəbəri var” -   36 min kilometr yüksəkdə
Cəmiyyət
4351
07 May 2020 | 12:05

“Mikayıl Gözəlovun bu xidmətindən çox az adamın xəbəri var” - 36 min kilometr yüksəkdə

“Bəlkə də çox az adam bilir ki, 1990-cı il 20 Yanvar hadisələri zamanı Azərbaycanın informasiya blokadasını yararaq həqiqətlərin yayılmasında Mirzə Xəzərdən başqa bir nəfərin də böyük rolu olub. Bu, həmin illərdə Şuşanın rəhbəri olan rəhmətlik Mikayıl Gözəlov idi. O zaman AzTV-nin bloku partladıldılmışdı, ondan başqa Azərbaycanda cəmi iki yayım stansiyası vardı. Biri indiki Şirvan şəhərində, biri də ehtiyat stansiya kimi Şuşa şəhərində. 1990-cı ildə mən tələbə idim. 20 Yanvar hadisəsindən bir gün sonra Hacıqabula, evimizə getdim. Həmin gün televiziyada Şuşadan bütün Azərbaycana yayım verilirdi, hadisələr barədə həqiqətlər oradakı studiyadan xalqa çatdırılırdı. Mən ilk dəfə Mikayıl Gözəlovu o yayımda gördüm. Onun bu informasiya blokadasının yarılmasında böyük xidməti olmuşdu.


Hələ o zaman Azərbaycanın özünün bir yayım peykinin olmasının nə qədər vacib olduğunu düşünürdüm və arzulayırdım. Sonralar tale elə gətirdi ki, ilk peykimizin layihəsinin hazırlanması məhz mənə nəsib oldu”.

 


Yuxarıdakı kiçik xatirənin müəllifi Azərbaycanın kosmos ölkəsinə çevrilməsinin pərdə arxasındakı qəhrəmanı, 2012-2016-cı illərdə ABŞ-da Beynəlxalq Telekommunikasiya Təşkilatının sədr müavini (Şərqi Avropa ölkələri üzrə), Azərbaycanda Zaqafqaziyanın ən böyük DATA mərkəzinin layihə müəllifi, konstruktor, texnoloq, 2004-cü ildə Azərbaycanın ilk milli peyk layihəsinin müəllifi Məzahim Quliyevdir.

 

Tanıtım: 1989-94 illərdə Taxniki Universitetin radiotexnika fakültəsində təhsil alıb. 1994-cü ildə AMEA- da aspiranturaya qəbul olunub. 1999-cu ildə peyk rabitəsi istiqaməti üzrə Kibernetika institunda namizədliyi müdafiə edəndən sonra təhsil aldığı Texniki Universitetdə müəllim kimi fəaliytə başlayıb.

Hazırda yenə də pedaqoji fəaliyyətlə məşğuldur. Bakı Mühəndislər Unuversitetində və  Xəzər Universitetində informasiya texnologiyaları üzrə dərs deyir.

 


Azərbaycanın ilk milli peykinin hazırlanmasında, layihələndirilməsindən tutmuş orbital mövqeyinin alınmasına, kosmosa qaldırılmasına qədər onun böyük xidmətləri olduğunu çox az adam bilir. Bu tarixi əməyinin layiqincə qiymətləndirilməsindən gileylənsə də hər zaman ilk addımı atdığına görə qürur duyduğunu söyləyir. 


 

Ardını özü nəql edir...

 


“İlk dəfə bankomatdan kartla pul çıxarılmasını orada gördüm ...”

 

“2002-ci ildə TEMPUS proqramı çərçivəsində Avropa İttifaqının layihəsi əsasında seçilib Almaniyaya təcrübəyə göndərildim. Alman və ingilis dilini də bilirdim. Köln Tətbiqi Elmlər Universitetində layihəmiz bəyənildi və mən oraya göndərildim. 2002-ci il may ayının 3-də artıq orada idim.

Tədqiqat apardığım elmi heyətdə ilk və tək azərbaycanlıydım. İşimin nəzəri hissəsini universitetdə işləyirdim. Nahardan sonra Köln yaxınlığında yerləşən FORD avtomolinin iki modelinin istehsal olunduğu zavoda gedirdim. Orada avtomollərin üzərində GPS sistemlərini sınaqdan keçiridim.


Mənim “Azərkosmasa” gedən yolumda bu tədqiqatlarım həlledici rol oynamışdı.


2003-cü ildə layihəmi bitirib geri qayıdanda artıq universitetdə işləmək istəmədim. Almaniyada gördüyüm texnoloji və digər yeniliklər mənim dünyagörüşümə də xeyli təsir etmişdi. Məsələn, mən ilk dəfə orada maaş kartı ilə bankomatdan pul çıxarılması ilə tanış olanda hələ Azərbaycanda bankomat anlayışı belə bilinmirdi. Ona görə də daha fərqli işdə çalşmaq isəyirdim”.

 


Təsadüf söhbətlər əsnasında o zamankı Rabitə Nazirliyində işləmək qərarı verib və sənədlərini hazırlayaraq nazirliyə müraciət etməli olub.

 

Nazirlə gözlənilməz görüş...

 

“2003-cü ildə sənədlərimi Rabitə Nazirliyinə verəndən sonra 2-3 gün gəlib -getdim. O vaxt nazir Nadir Əhmədov idi. Gəlib gedərkən qapıdakı gözətçi ilə xeyli söhbətləşib tanış olmuşdum. Bir gün Nadir Əhmədov işə gələrkən maşından düşəndə həmin gözətçi birdən-birə ona dedi ki, Nadir müəllim, bu cavan oğlan deyir ki, mən rabitə sahəsini hamıdan yaxşı bilirəm, hətta nazirin özündən də. Təbii ki, mən elə deməmişdim...

Buna baxmayaraq N. Əhmədov elə oradaca mənimlə maraqlandı, təhsilimi soruşdu. Sonra söhbətimiz kabinetində davam etdi və elə o saatda da mənim işə götürülməyimlə bağlı qərar verdi”.

 


Bu görüşdən sonra hamımızın “AzTV qülləsi” kimi tanıdığımız Teleradio İstehsalat Birliyində işə başlayıb. Lakin cəmi doqquz ay sonra milli peykin hazırlanmasına aparan yol başlayıb...

 


“Orada işlədiyim vaxt ABŞ Dövlət Departamentindən nazirliyə peyk rabitəsi, kosmik tədqiqatlarla təşəbbüslə bağlı hansısa məktub gəlib. Nazirlikdə kimin bu sahədə ixtisaslaşması ilə maraqlananda mən yada düşmüşəm. Çünki mənim Almaniyada keçdiyim təcrübə bu sahədə idi.


Beləliklə, mənə təklif etdilər ki, peyk rabitəsi ilə bağlı layihə yazım”.

 


“1995-ci ildə Serbiyanın başına belə bir iş gəldi, həmin il NATO Belqradı bombardman etmişdi”


 

Hələ tələbə ikən Azərbaycanın informasiya müstəqilliyi, peyk rabitəsinin olması barədə arzularını dilə gətirərkən bir gün bu missiyanın məhz ona tapşırılacağı ağlına da gəlməzdi...

 

“Bizim informasiya müstəqilliyimizin olması çox vacib idi. Bu, dövlətin milli təhlükəsizliyi baxımından çox vacib elementdir. İstənilən an bu məsələ bizdə problem ola bilərdi. Burada bir epizodu xatırladım. O zaman ölkənin özünə məxsus peyk rabitəsinin olmasının əhəmiyyəti daha aydın görünər...

1995-ci ildə Serbiyanın başına belə bir iş gəldi, həmin il NATO Belqradı bombardman etmişdi. O hadisədən əvvəl Fransa Serbiyanın telekanallarının yayımını kəsmişdi. Çünki bu telekanallar Fransaya məxsus olan Avropa Telekommunikasıya Peyki (EuTelSat) vasitəsilə, yayılırdı. Fransa da NATO-nun üzvü idi və bu qərarı yerinə yetirmişdi. Beləliklə, Serbiyada olanlardan dünyanın xəbəri olmamışdı. Demək, istədikləri vaxt bu addımı atıb ölkəni informasiya blokadasına ala bilərlər.


Bu baxımdan Azərbaycanın özünün peykinin olması olduqca qeyri-adi dərəcədə vacib bir hadisədir.

Biz də Rusiyanın peyklərindən istifadə edirdik...”.

 


“Cenevrədə mövqe ilə bağlı Rusiyanın nümayəndəsi bizə razılıq vermədi”

 

2004-cü ilin sonlarında bir ay ərzində milli peyk layihəsini hazırladıqdan sonra orbital mövqe axtarışı üçün Cenevrəyə göndərilib.

 


“Orada da ruslar bizə mane olmaq istəyirdilər. Məsələ onda idi ki, SSRİ dağılanda Rusiya İttifaqa məxsus olan 16 kosmik mövqenin hamısını özünə saxlamaşdı, SSRİ-nin varisi kimi. Digər müttəfiq respublikaların heç birində bu hüquq yox idi.

Bir sözlə, Cenevrədə mövqe ilə bağlı Rusiyanın nümayəndəsi bizə razılıq vermədi. Bir qədər araşdırdıqdan sonra məlum oldu ki, Malayziyanın belə bir boş mövqeyi var və Azərbaycanı tutur. Həm də bizim peykimiz 36 min km yüksəkdə olmalı idi və bu meyara da ancaq Malayziyadakı mövqe uyğun gəlirdi. Malayziya ilə danışıqlarımız uğurlu alındı və lazım olan müqavilələr bağlandı”.

 


“Həmin tarixi anın həm iştirakçısı, həm də şahidi olmaq bir azərbaycanlı kimi məni nə qədər qürurlandırırdı”

 

Bunlardan sonra Məzahim Quliyev ABŞ-a göndərilib. Peykin hazırlanması ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti, orbitə buraxılması isə Fransanın “Arianespace” şirkəti ilə həyata keçirilib.

 

“26 aylıq dövrdən sonra peyk yığıldı. Oradan Fransanın Cənubi Amerikada yerləşəm koloniyası “Fransız Qvineyası”nda kosmodroma aparıldı.

Və oradan da kosmosa buraxıldı, bunu canlı yayımda hamı görüb.

Həmin tarixi anının həm iştirakçısı, həm də şahidi olmaq bir azərbaycanlı kimi məni nə qədər qürurlandırırdı, bunu sözlə ifadə etmək mümkün deyil...”.

 


“Deməyə məcburam ki, mənim əməyimin üzərindən çoxları haqq etmədikləri adları və mövqeləri əldə etdilər”

 

Amma sonradan hər şey birdən birə dəyişdi. Rabitə və Yüksək Texnologiyalar naziri dəyişəndən sonra...


 

“Təvazökarlıqdan uzaq olsa da demək olar ki, mən təkbaşına bu prosesin texniki və elmi hazırlıqlarını aparmışam. Mənim bu işdə gərgin əməyim olub. Lakin deməyə məcburam ki, mənim əməyimin üzərindən çoxları haqq etmədikləri adları və mövqeləri əldə etdilər. Məni isə heç bir səbəb olmadan işimdən uzaqlaşdırdılar...

Ramin Quluzadə nazir təyin edildikdən sonra baxmayaraq ki, mən yüksək vəzifə tutmurdum, sadəcə elmi-texniki fəaliyyətlə məşğul olurdum, nədənsə mənim işdən çıxmağımı istəmişdi. Mən də ərizəmi yazıb getdim.


Mənə daha çox təsir edən illərlə həyatımı təhlükəyə qoyub həyata keçirdiyim layihədən haqsız yerə uzaqlaşdırılmağım oldu. Mən ABŞ-da işləyərkən ermənilərin bu layihəni pozmaq üçün apardıqları kampaniyanı, mənə qarşı təhdidlərini söyləmək yetər ki, bu iş hansı çətinliklərlə başa gəlib”.

 


“Təsəvvür edin ki, “Azərkosmos”un rəhbəri politologiya ixtisasını bitirib”

 

Bəzən Rabitə, nəqliyyat və yüksək texnologiyalr nazirliyinin fəaliyətini tənqid edir. Bunu işdinən uzaqlaşdırılması ilə izah edənlərlə razılaşmır...

 


“Məsələ ondadır ki, nazirlikdə işi bilən mütəxəssilərin çoxu uzaqlaşdılıb. Bu gün İKT sahəsində qarşımıza çıxan bir sıra problemlərin kökündə bu dayanır. Çünki işi bilən yoxdur.

Təsəvvür edin ki, “Azərkosmos”un rəhbəri politologiya ixtisasını bitirib. O, bu sahəni necə uğurla idarə edə bilər?

İnternetin ölkədə hansı vəziyyətdə olduğunu hamımız görürük. Bu sahədə keyfiyyəti artırmaq üçün investisiya yatırmaq lazımdır. Rəqabət olmalıdır”.

 


Yenə də Kovid -19...

 

“Bu gün bütün dünyanı sarsan Kovid-19-la bağlı nazirlik heç bir layihə həyata keçirmədi. Hansı ki, bütün dünyada bunu etdilər.

Kovid-19-la bağlı İP həllər verilməli idi, mobil tətbiqlər hazırlanmalı idi. İnsanlar hər cür informasiya ala bilsinlər koronavirusal bağlı, həm də kəsintisiz. Necə ki, bunu bütün dünyada edirlər. Rabitə Nazirliyi bunu etməli idi. Hazırlanıb Səhiyyə Nazirliyinə verilməli idi.

 

Bu gün biz sənaye inqilabının 3-cü dövrünü yaşayırıq. Bu nədi? Bu o deməkdir ki, İKT iqtisadiyatın bütün sektorlarına tətbiq edilir. İndi isə 4-cü sənaye inqilabı dövrünə keçirik, rəqəmsal transformasiya dövrü. Hazırda “insanların interneti”ndən istifadə edirik. 4-cü mərhələdə isə “əşyalar interneti” olacaq. Yəni əşyalar həm qərar verəcək, həm də bir-birinə informasiya ötürəcək. Bizdə bu proses də çox ləng gedir. Nazirlik bütün dövlət qurumlarına metodiki göstəricilər hazırlayıb verməlidir. Mənim tənqidlərimin əsasında aşağıdakı səbəblər durur:


Hesabatların hamısında geri qalırıq. Cenevrədə rəqəmsal qabiliyyətlik hesbatı dərc olunur, orada Azərbaycanın heç adı da yoxdur. Nəqliyyat sahəsində də bu problemlər var. Hansı ki. biz logistik mərkəzə çevrilirik və sair.


İndi 5G sisteminə keçilir. Lakin biz buna hazır deyilik. Çünki onun tətbiqindən əvvəl normaları hazırlamaq lazımdı, standartları hazırlamaq lazımdır, çünki konseragen problemlər yarada bilər.


Bizim Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi bu sadladığım sahələrin heç biri ilə bağlı heç bir iş görmür”.



Taleh

  

Link kopyalandı!
Son xəbərlər