Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə tanınmış şahmatçı, şahmat hakimi və televiziya aparıcısı Faiq Zülfüqar oğlu Həsənovun “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, hazırda Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olan Faiq Həsənovun eyni zamanda aprelin 13-də 80 yaşı tamam olub.
Tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev Moderator.az-a açıqlamasında görkəmli şahmatçımızı təbrik etməklə yanaşı, onun barəsində maraqlı xatirələrinə də toxunub:
“Mən köhnə dostumuz Faiq Həsənovu ilk növbədə ona Prezidentimiz tərəfindən “Şərəf” ordeni verilməsi münasibəti ilə, həmçinin, 80 illik yubileyi ilə bağlı təbrik edirəm. Yadımdadır ki, 2000-ci ildə ona “Şöhrət” ordenini şəxsən Heydər Əliyev özü təqdim etdi. Onun Faiq müəllim haqqında söylədiyi xoş sözlər də yaxşı xatırımdadır...
Bizim Faiq Həsənovla tanışlığımızın mənbəyi əsasən Azərbaycanda şahmatın inkişafı ilə əlaqədar olub. 1980-ci illərdə mən Qax rayonunda 1-ci katib işləyəndə o, Qaxa qonaq gəlmişdi. Faiq müəllim məndən xahiş etdi ki, rayon sakini olan Aynur Sofiyeva adlı bir 6-cı sinif şagirdi var, onun güclü şahmatçılıq qabiliyyəti olduğundan böyük gələcəyi gözlənilir; onun ata-anasını işlə təmin edim, onun şahmatçı kimi inkişafı üçün rayonda şərait yaradım. Mən də hazırda artıq ölkəmizdə qadın şahmatçı kimi məşhur olan Aynur xanımın istedadı haqda məlumatım olduğundan Faiq Həsənovun xahişini yerinə yetirdim. Aynur Sofiyevanın ailəsi üçün əlimizdən gələni etdik. Eyni zamanda rayon mərkəzində qısa bir müddətdə o vaxt məşhur “qosplan” deyilən dövlət plan komitəsinin icazəsini belə gözləmədən Şahmat məktəbi inşa etdirdim. Yadımdadır ki, Faiq müəllim rəhmətlik digər tanınmış şahmatçımız Çapay müəllimlə birlikdə Şahmat məktəbinin açılışına gələndə xahiş etdi ki, bir banket təşkil edək. Mən də dedim ki, Faiq müəllim, yalnız sən, mən, Çapay müəllim, bir də binanı tikən zəhmətkeş fəhlələrlə birlikdə sadə bir ziyafət təşkil edə bilərik. Eləcə də etdik...
Bir dəfə də Bakının çörəyinin, Azərbaycan rəhbərliyinin, şəxsən Heydər Əliyevin qayğısı sayəsində dünya çempionu olaraq şahmat ulduzuna dönmüş Harri Kasparovun digər məşhur dünya çempionu Anatoli Karpovla görüşü olmalı idi. Tapşırıq verilmişdi ki, Kasparov elə yerdə hazırlaşmalıdır ki, həm komfort olsun, həm də onun orada olmasını çoxları xəbəri bilməsin. Elə oldu ki, Faiq Həsənov rayonları gəzib məhz Qaxda mənim yenicə tikdirdiyim Qonaq evini seçmişdi. Burada Nikitin, Vladimirov, Timoşenko kimi qrossmeystrlər Kasparova dərs deyirdilər. Onlar da o vaxt rayonda yeganə pərdəli maşın olan mənim avtomobilimdə yol gedib-gəlirdilər...
Bunları ona görə deyirəm ki, azərbaycanlı şahmatçıların ölkədaxili, SSRİ və dünya miqyaslı yarışlarının təşkilində Faiq müəllimin qeyri-adi xidmətləri olub. Məsələn, 1980-ci illərin ortalarında Faiq müəllim Şəkidə də 50-dən çox ölkənin iştirakıyla bir beynəlxalq yarış təşkil etdi. O zaman mənim oğlum da iştirak edirdi yarışlarda. Yadımdadır ki, dünya çempionu Vasili Smıslovla bərabər Şəkidə nahar edəndə o, Azərbaycanda şahmat yarışmasının təşkilatçılığını yüksək qiymətləndirdi və dedi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. Bir də dedi ki, mən dünyanın bir çox ölkələrini gəzmişəm- İsveçrə elə sizdə, burada – Şəkidədir. Şəkidə olmaq mənim üçün İsveçrədən də üstündür. O zaman mən düşündüm ki, doğrudan da biz bəzən özümüz öz təbiətimizə, sərvətlərmizə, eləcə də insanlarımıza lazımi qiymət vermirik. Bu mənada sevinirəm ki, sovet dövründən bəri Azərbaycan rəhbərliyi, o cümlədən Heydər və İlham Əliyevlər Faiq Həsənov kimi bir mütəxəssisin xidmətlərini lazımınca dəyərləndirib...
Faiq müəllimin xidmətləri, işləri, onunla bağlı xatirələrim haqda çox danışa bilərəm. Dostumuzu bir daha ürəkdən təbrik edir. Ona cansağlığı, uzun ömür yeni uğurlar diləyirəm...”
Sultan Laçın