“1983-cü ildə Kəlbəcərdə 6 bal zəlzələ olanda bir nəfər də evini tərk etməmişdi...”
Araşdırma
4485
14 Apr 2020 | 19:25

“1983-cü ildə Kəlbəcərdə 6 bal zəlzələ olanda bir nəfər də evini tərk etməmişdi...”

Vəd etdiyimiz kimi, tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayevin 2019-cu ilin dekabrında işıq üzü görmüş “Parlament və sədarət” adı yeni kitabında Kəlbəcərin işğalıyla bağlı vacib məqamlara toxunulub.  Moderator.az kitabdan bəzi epizodları nəzərinizə çatdırır:

 “1993-cü il aprelin 6-da Milli Məclis Kəlbəcərin işğalıyla əlaqədar iclas keçirdi, xeyli çıxışlar, təkliflər və hesabatlar dinlənildi. İclasa sədrliyi Tamerlan Qarayev edirdi. O, sözü deputat Cahangir Hüseynova verdi. 
C.Hüseynov dedi:

“Aprelin 6-da iclas keçiririk... Bizə çatan məlumata görə, Kəlbəcərin kütləvi şəkildə köçürülməsinə martın 28-dən başlanıb...Xalqa bu qədər etimadsızlıq etmək olmaz... Deyilənə görə, yüzlərlə ölən var...”

Yerdən replika verdilər ki, kəndlər xeyli əvvəl köçürülməyə başlanıb.

Deputat İsgəndər Həmidovun da çıxışı maraq doğurdu:
“Kəlbəcərin verilməsini araşdırmaq üçün deputat-istintaq komissiyası yaradılmalıdır... Kimin kiminlə davası varsa, Kəlbəcərin üstünə gəlməsin, getsin öz dədə-baba yurdlarının üstünə... Bu gün 2 min kəlbəcərlinin  taleyi məlum deyil. 42 meyit götürülüb ki, onlar da polislərdir. Müdafiə Nazirliyinin qüvvələri tərəfindən isə ölən, itən yaralanan yoxdur... Kəlbəcərin briqada komandiri Qənizadənin əmri ilə qoşunumuz  geri çəkilib. Heç bir əməliyyat olmayıb... Ermənilərə heç bir müqavimət göstərilməyib... 5 tank, 9 “BMP” və  2 min əsgər olub.  Əsgərlər də Murov dağına qədər qaçıblar... Erməni polkovnikindən Azərbaycanın məxfi xəritəsi götürülüb... Orada  bizim postlar tam göstərilib.  Parlament- istintaq komissiyası yaradılsın, məndəki sənədləri onlara təhvil verim. Ermənilər tərəfindən rus zabitləri, tankistləri, artilleristləri olub...  Kəlbəcərdə vuruşma olmayıb... Ermənistanla kəlbəcərlilər tək və üzbəüz qalıb... Deputat-istintaq komissiyası yaradılmalıdır və ətraflı rəy veriməlidir ki, qoşunu geri çəkmək əmrini kim verib...” 
Həmin iclasda 5 deputatdan ibarət istintaq komissiyası yaradılsa da, nəticəsi  məlum olmadı... 

128 kəndi olan Kəlbəcərin əhalisi boşaldıldıqdan sonra ermənilər cüzi belə, müqavimətə rast gəlmədən rayon ərazisinə daxil oldular və bu günədək orada məskunlaşıblar. Halbuki, 1983-cü il dekabrın 14-də Kəlbəcərdə 6 bal gücündə zəlzələ baş verəndə bir nəfər belə evini tərk etməmişdi...”

Maksim Musayev, “Parlament və sədarət”, Bakı, 2019. Səh. 83-84.

Təqdim etdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər