“İrəvanda erməni dilində bir müddət  ali təhsil alarkən əmin oldum ki…” 
9184
17 Feb 2020 | 19:46

“İrəvanda erməni dilində bir müddət  ali təhsil alarkən əmin oldum ki…” 

Azərbaycanın tanınmış ictimai xadimlərindən biri olan sabiq deputat, Qərbi Azərbaycanın Basarkeçər mahalında doğulmuş Maksim Musayev işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendəki son təhlükəsizlik konfransı çərçivəsində  Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi Qarabağ diskusiyasındakı sərsəm çıxışları ilə bağlı ona açıq məktub ünvanlayıb. 
Moderator.az aktuallığını nəzərə alıb həmin materialı nəzərinizə çatdırır:

“Nikol, sən hakimiyyətə necə piyada gəldinsə, elə də piyada gedəcəksən. Öz xalqına kələkbazlıq etməyin bəs deyilmiş kimi, sən Avropada mənim millətim barədə  yalan danışıb insanları çaş-baş salmağa çalışırsan. Abır-həyan yoxdur. Sən Azərbaycan  Prezidenti cənab İlham Əliyevlə fevralın 15-də keçirilmiş Münhen təhlükəsizlik konfransında  ölkəmiz, o cümlədən onun ayrılmaz parçası olan Qarabağ barədə yalan və saxta sözlər deməkdən çəkinmədin. Utanmazcasına qeyd elədin ki, bu regionda heç vaxt azərbaycanlılar olmayıb, burada yalnız ermənilər və gürcülər yaşayıb. Sən həyasızcasına deməsəydin ki, mənim millətim, yəni azərbaycanlılar bu regionda yaşamayıb, mən də bu məktubu sənə ünvanlamazdım. Çünki özümə sığışdırmıram və layiq bilmirəm ki, sənin kimi şərəfsiz, araqarışdıran və rüsvayçı bir məxluqa məktub yazım. Erməni xalqını yaxşı tanıdığım üçün deyə bilərəm ki, sən mələk libasına bürünüb öz millətinə və bu  regiona bir bəla olaraq gəlmisən. Fəxrlə deyirsən ki, oğlun Aşot Dağlıq Qarabağda  könüllü hərbi xidmətə gedib. Məgər Dağlıq Qarabağ Ermənistan torpağıdır? Beş-on gündən bir də işğal altındakı Azrbaycan torpaqlarına gedib ağlına gələni danışırsan. Xətalı sözlərin və siyasi savadsızlığın o həddə çatıb ki, deyirsən, Dağlıq Qarabağ Ermənistandır. Dəlixanadan  qaçan erməni də belə söz deməz... 

İşğalçı olduğunuzu təsdiqləyirsən və guya lider olmağınla qürrələnirsən... Bəli, Münhendəki  fikirlərin sübut etdi ki, sən xalqın yox, Ermənistan boşboğazlarının liderisən. 2020-ci ilin fevral ayının iki həftəsi ərzində 7 əsgərin intihar etməsi sənin  hansı səviyyədə lider olduğunun göstəricisidir. Ermənistanın yaramaz hakimiyyəti iki xalqı əbədi düşmən edib. Onun günahkarlarından  biri də sənsən...

Rüsvayçı və qərəzli fikirlərinə cavab olaraq sənə onu da başa salmalıyam ki,  azərbaycanlılar hazırda “Ermənistan” adlandırılan ərazinin və ümumiyyətlə, Qafqaz regionunun ən qədim xalqlarındandır və sayca da çoxdurlar.  

Nikol, sənə məsləhət görürəm ki, Matenadarandakı erməni əlyazmalat fondundakı tarixi materiallarla yaxşı tanış olasan... Bilirəm ki, normal ali təhsil ala bilməmisən, ona görə də düşüncə tərzində çətinliklər olur. Tövsiyə edərdim ki, Yerevan dövlət unversitetinin müəllimlərindən bu barədə dərs alasan. Hərçənd,  hakimiyyətə gələn kimi həmin universitetə divan tutdun... 

Mən İrəvanda erməni dilində bir müddət ali təhsil alarkən əmin oldum ki, erməni müəllimlər arasında  Qafqaz, Azərbaycan, onun Qarabağ bölgəsi, Ermənistan və Gürcüstan haqda əsl gerçəklikləri bilən vicdanlı və savadlı olanları var. Zənnimcə, onlar sənə Azərbaycan xalqının formalaşma tarixindən də yaxşı dərs verə bilərlər. Tarixçilər sənin savadını artıra bilməsələr, o zaman öz timsalımda səni başa salmalı olacam...
Mən sovet dövründə hazırda ermənilərin “Vardenis” adlandırdıqları azərbaycanlıların çoxluq təşkil etdiyi Basarkeçər rayonunda  anadan olmuşam. Daha çox indi “Ararat” adlanan  Vedi rayonunda müxtəlif vəzifələrdə işləmişəm. Atam Talıb kişi 1908-ci ildə indi “Gekarkunik” adlanan Göyçə mahalının Hüseynquluağalı kəndində doğulub. Talıb Musayev Ermənistan SSR Ali Sovetinin sədr müavini – vitse-spikeri vəzifəsinədək yüksəlib. Babam Qurban kişi də 1860-cı illərdə həmin kənddə doğulub. Atamın babaları da hazırda "Ermənistan" adlandırılan ərazidə dünyaya göz açıblar. Yəni  mənim babalarımın əsrlərlə o torpaqlarda – Qərbi Azərbaycanda yaşadıqları faktdır. Bununla səni anlatmağa çalışıram ki, bir daha “Azərbaycan xalqı bu regionda yaşamayıb” kimi qələtlər etməyəsən... 

Nikol, bədbəxtsən ki,  Ermənistanın yaxın tarixini  də doğru-dürüst bilmirsən  və mənim xalqımın mövcudluğunu da danırsan. Anlamırsan ki,  “Ermənistan” adlanan qədim torpaqlarımızda tarixən yüz minlərlə, milyonlarla azərbaycanlı yaşayıb. Təkcə 1940-cı ildə Ermənistanın 6 rayonunda 1-ci katiblər, yəni rayon rəhbərləri, 7 rayonda Sovetlərə başçılıq edənlər, 4 rayonda prokurorlar, 9 rayonda ikinci katiblər azərbaycanlılar olub. 8 rayonda  Azərbaycan dilində çoxtirajlı qəzetlər nəşr edilib. 

Nikol,  Münhendə beynəlxalq ictimaiyyət qarşısında özünü rüsvayçı baş nazir kimi tanıtdın.  Sənin saxtakar, savadsız və yalançı olduğuna çoxmillətli  Qafqaz ictimaiyyəti də bir daha əmin oldu. 50 milyonluq dünya azərbaycanlıları barədə məlumatsız olduğuna görə yazıqsan. Piyadasan  və hələ də çarıqda addımlamaqdan əl  çəkə bilmirsən. Mənim millətimə qarşı bu davranışın faşist əqidəsi ilə üst-üstə düşür.  Ayıl və bir daha belə qələtlər eləmə...  

İndi “Ermənistan” adlanan qədim Qərbi Azərbaycan torpaqlarının sakini, Azərbaycan parlamentinin bir neçə çağırış deputatı olmuş Maksim Musayev”.

Link kopyalandı!
Son xəbərlər