“Ermənilər bu yaxınlarda Lapşini aradan götürüb günahı bizim üstümüzə yıxacaqlar...”
Siyasət
5379
19 Jan 2020 | 10:52

“Ermənilər bu yaxınlarda Lapşini aradan götürüb günahı bizim üstümüzə yıxacaqlar...”

“Ermənilər bu yaxınlarda Lapşini aradan götürüb günahı bizim üstümüzə yıxacaqlar”.

MTN-in keçmiş zabiti İlham İsmayıl blogger Aleksandr Lapşinin Facebook səhifəsində paylaşdığı statusunu şərh edərkən belə deyib.

Qeyd edək ki, Lapşin statusunda Azərbaycan DTX-nin sədri Əli Nağıyevin onu aradan götürməyi planlaşdırdığını bildirmiş, bu da erməni mətbuatı tərəfindən geniş işıqlandırılmışdır.

 

 Lapşinin bu sərsəmləməsinə münasibət bildirən İlham İsmayıl deyib: “Birincisi,  Dövlət Təhlükəsizlik Xidməti terror təşkilatı deyil.

İkincisi, Aleksandr Lapşin bizim hədəfimiz deyil ki, yeri gələndə aradan götürmək barədə düşünək. Xüsusi xidmət orqanları yeri gələndə kimisə aradan götürə bilər, amma Lapşin kimisini yox.

Üçüncüsu, hətta Dövlət Təhlükəsizlik Xidmətinin belə bir fikri olsaydı belə, Lapşin bunu ömründə bilə bilməzdi. Çünki elə bir fikir müzakirə olunmur və yaxud tapşırıq elə verilmir ki, hədəfin özü bundan xəbər tutsun”.

 

İ.İsmaılın fikrincə, bu, sırf təxribat xarakterlidir və konkret olaraq Azərbaycan dövlətinə qarşı yönəldilib, nəinki onun Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinə: “Çox güman ki, bu informasiyanı Lapşinə ermənilər ötürüblər, o da bunu yazıb. Ermənilər artıq ictimailəşdiriblərsə, deməli, həqiqətən də belə bir planları var. Bir neçə gündən sonra onlar (ermənilərin terrorla məşğul olmasını bütün dünya bilir) Laşpini öldürəcəklər və deyəcəklər ki, görürsünüz, bunu Azərbaycan dövləti edib, bu barədə bloggerin özü də yazmışdı. Bu, təxribatdır. Hesab edirəm ki, bu barədə  bizim mətbuatımız da, Dövlət Təhlükəsizlik Xidməti də konkret mövqeyini ortaya qoymalıdır”.

 

Azərbaycan Respublikası Auditorlar Palatasının Hüquq məsələləri Komissiyasının sədri Elçin Qurbanov isə Lapşinin gündəmdə qalmaq üçün ucuz reklama qaçdığını düşünür. Onun fikrincə, bir çox hallarda nə dediyini bilməyənlərin bu cür məsuliyyətsiz bəyanatları özlərinin böyük fəlakətilə nəticələnir: “Ataların bir sözü var: “Qarğa çoxbilmişliyindən dimdiyindən tora düşər”. Bu gün Lapşin də guya özünü əlahiddə şəxs olaraq göstərməyə çalışır. Halbuki, anlamır ki, bu cür sərsəm bəyanatlar həqiqətən də onu Azərbaycanı sevməyən güc mərkəzlərinin hədəfinə çevirir”.

DTX sədri Əli Nağıyevin kifayət qədər səriştəli kadr olduğunu bildirən Elçin Qurbanovun onun adının bu cür dezinformasiyalarda qəsdən hallandırılmasını da təsadüfi saymır: “Erməni mətbuatının ən çox çəkindikləri və Azərbaycana xeyir verəcək hökumət üzvlərinin adını müxtəlif məsələlərdə hallandırması adi həyat normasına çevrilib. Bir müddət əvvəl erməni mətbuatında Baş nazirin yeni müavini Şahin Mustafayev barədə də qara piar kampaniyası aparılırdı. İndisə Əli Nağıyevin hədəf seçilməsi erməni kəşfiyyatının ən çox kimlərdən çəkindiyinin göstəricisidir”.

 

Lapşinin fikirlərinə gəlincə, Elçin Qurbanov bildirdi ki, Azərbaycanın əgər bu adamı aradan götürmək fikri olsaydı, o, elə ölkəmizdə həbsdə yatarkən ya özünü asar, ya da başqa metodlarla intihar edə bilərdi: “Azərbaycan isə məhkumluq müddətinin bitməsini belə gözləmədən onu əfv edib azadlığa buraxdı. Bununla da göstərdi ki, Lapşin ümumiyyətlə bizim həbsxanada saxlanılanacaq qədər əhəmiyyətə malik olmayan birisidir. Bununla belə, erməni kəşfiyyatı Lapşinə sui-qəsd təşkil edərək, Azərbaycanın imicinə zərbə vurmaq arzusunda ola bilər. Odur ki, bu məlumatları ciddiyə alıb, proflaktik tədbirlər görülməlidir”.

Əldə etdiyimiz təqdiqlənməmiş xəbərə görə, ölkəmizin müvafiq orqanları həqiqətən də ermənilərinin belə bir planı olduğu barədə informasiyaya malikdir və Lapşinin hazırda yaşadığı Latviyanı da məlumatlandırmağa hazırlaşır. (ovqat.com)

Link kopyalandı!
Son xəbərlər