“O, yazır ki, güya Primakov Bakıya qoşun yeridilməsinin əleyhinə olub…”
Araşdırma
5322
18 Jan 2020 | 17:02

“O, yazır ki, güya Primakov Bakıya qoşun yeridilməsinin əleyhinə olub…”

Tanınmış ictimai xadim, sabiq deputat  Maksim Musayev  Moderator.az-a 1988-1990-cı illərdə Azərbaycan SSR-in rəhbəri olmuş Əbdürrəhman Vəzirovun 2018-ci ildə Moskvada rus dilində nəşr etdirdiyi “Parterin ilk sıralarında” adlı yeni kitabı ilə bağlı düşüncə və təhlillərindən ibarət geniş yazısını təqdim edib.  Ölkəmizin yaxın tarixinin öyrənilməsi baxımından aktuallığını nəzərə alaraq həmin materialı olduğu kimi dəyərli oxucularımızın müzakirəsinə buraxırıq:

“Primakovu fitə basdılar, söyərək, “əclaf”, “qatil”, “satqın”, “vicdansız” deyərək zaldan qovdular…”

“…Vəzirov yazır ki, güya Primakov 1990-cı ilin yanvarında Bakıya qoşun yeridilməsinin əleyhinə olub. Bu, ağ yalandır. Minlərlə əsgər və zabitlərdən ibarət qoşun Bakıya bir günə yox, bir neçə həftəyə gətirilib, bu işdə də Primakov ən fəal şəkildə iştirak edib. Hadisələrin şahidlərindən biri kimi deyə bilərəm ki, Bakını qan gölünə çevirən, həlledici şəxs məhz Primakov idi. Bilirdik ki, o, hər gün dəfələrlə Qorbaçovla telefonla danışır, SSRİ Müdafiə naziri Yazov və  Daxili İşlər naziri Bakatinlə “20 yanvar” planını birgə qururdular. Primakov qırğının əleyhinə idisə, Bakıda nə gəzirdi, niyə çıxıb getmirdi? Aydın məsələdir ki, yaxın dostu Primakovun Bakıya gəlməsini Qorbaçovdan Vəzirov xahiş eləmişdi… 

Qırğını törədəndən sonra Primakov Vəzirova polkovnik paltarı geyindirib hərbi təyyarə ilə, iki sovet polkovnikinin müşayiəti ilə Moskvaya qaçırtdı (dost dosta lazım gəldi)… 

Belə bir söhbət də eşitdik ki, Vəzirov qaçmamışdan öncə Azərbaycan “KQB” rəhbərliyinin iş otağında gecələyərmiş. 20 yanvar günü həmin binada səhər tezdən yuxudan oyadılıb və onu Primakovun tapşırığı ilə Moskvaya yola salan Bakatın olub… 

Etdiyi cinayəti yaxşı bildiyi üçün o, qorxusundan Bakıya bir dəfə də gəlmir… 

Vəzirov gəncləri çaşdırmağa çalışsa  da, bizi çaşdıra bilməz. Çünki biz Vəzirovun əməllərini görmüş və onun yerinə vicdan əzabı çəkmişik…
Qətliamım növbəti günü – 1990-cı il yanvarın 21-də onun tabeliyində işləyənlər, Mərkəzi Komitənin partiya təşkilatı iclasını çağırıb Vəzirovun cinayətkarlığını müzakirə edərək onu partiya sıralarından qovdu. Onu da qeyd edim ki, 1994-cü ildə Milli Məclisdə 20 Yanvar hadisələri müzakirə edilərkən deputatların çıxışında və qərar lahiyəsində Qorbaçovla bərabər “Primakov azərbaycan xalqının düşmənidir” təklifi də bir neçə dəfə verildi… 

Qanlı hadisələrdən bir neçə gün sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu oldu (iştirakçılardan biri də bu yazının müəllifi idi). Burada həm də 20 Yanvar faciəsi müzakirəyə çıxarılacaqdı. Primakov plenum iclasının sədarətliyinə doğru addımlayarkən onu fitə basdılar, söyərək, “əclaf”, “qatil”, “satqın”, “vicdansız” deyərək zaldan qovdular… 

Primakov barədə onun Azərbaycan xalqının əleyhinə fəaliyyətini sübut edən bu cür faktları çox sadalamaq olar. Onu da qeyd etməliyəm ki, erməni ziyalıları son zamanlar Ermənistan televiziyasındakı çıxışlarında gizlətmədən deyirlər: 

“...20 yanvarda Qorbaçov öz tərəfdarlarının köməyi ilə bizim əvəzimizdən azərbaycanlılardan (bəzən türk də adlandırırlar) qısas aldı....”. 
Damarlarında erməni qanı axan Primakovun millətimizə divan tutmasını unutmaq olarmı?.. 

Vəzirov sonuncu kitabında abır-həyasını itirərək çalışır ki, az qala, “20 yanvar” hadisələrindən xəbərsiz olduğunu sübut eləsin. Yazır ki (səh. 226), yanvarın 15-də Qorbaçovla telefon əlaqəsinə girib Bakıda fövqəladə vəziyyət elan olunması barədə danışıb. Faktlar başqa şeyləri göstərir... 

1994-cü ilin yanvar ayının 5-də Qara Yanvarın dördüncü ildönümü ilə əlaqədar Dövlət Komissiyası yaradıldı. Milli Məclis 29 mart 1994-cü ildə həmin Komissiyanın yoxlamasını müzakirə edib qərar qəbul elədi: 

“... 20 Yanvar hadisəsi qabaqcadan planlaşdırılmış cinayət aktıdır…1990-ci ilin yanvar ayının 15-də Azərbaycan SSR Ali Sovet Rəyasət Heyyətinin sədri Elmira Qafarova Moskva şəhərində ezamiyyətdə ikən Rəyasət Heyyəti qeyri-qanuni iclasda yetərsay olmadığı halda Ə.Vəzirovun təkidi ilə qərar qəbul edib. Qərarda Azərbaycanda fövqaladə vəziyyətin tətbiq edilməsinə razılıq verilib”. 

Bu qərar Vəzirovun yalanını ifşa etməklə bərabər Azərbaycanımıza edilən xəyanəti təsdiq edir. Əgər Vəzirov özünü günahkar hiss etmirsə, bir dəfə gəlsin Bakıya - Şəhidlər xiyabanına və şəhidləri ziyarət eləsin. Əgər özünü təqsırkar bilmirsə, məhkəmə vasitəsilə bəraət qazansın... 

Sən qorxaqsan, Vəzirov, bir cümlə də belə peşiman olduğunu yazmırsan…”
 
(Davamı var)

Redaksiyadan: Materialda adları çəkilənlərin, eləcə də oxucuların yazı ilə bağlı faktlara əsaslanan rəylərini də təqdim etməyə hazırıq.

Link kopyalandı!
Son xəbərlər