Livan müqəddəs Ramazan ayını
bombalarla başladı. Dünən xəbər məkanında manşetlərə daşınan bu terror hadisəsi
həyatını məhv etdiyi insanlardan daha çox müsəlman aləminə acı bir siqnalı
vermiş oldu:düşmənin öz təqvimi var və qətllər heç nəyə baxmadan davam edəcəkdir!
Tarixdə müharibələr üçün ilahi məna daşıyan dəyər və ya gün olubmu? Məsələn,
Stalin 2-ci dünya savaşında ağır ölüm- dirim savaşı
apararkən nəzərə alırdımı ki, səngərin o tərəfində dayanan əsgərin də inamı
,etiqadı var və bir millətin üzərinə gedərkən onun bütün inanclar sistemini
nəzərə almadan barbarlıq etmək olmaz? Yəqin ki, Sovetlər Birliyinin faşizmə
dirənişində heç bir güzəşt ideologiyası olmadığına haqq qazandırmaq da mümkün
idi, çünki hitlerizmin məhvi dünyanı böyük bir beladan qurtarmaq sayılacaqdı. Lakin
qırılanlar siyasi rejimlərin əlində aciz olan milyonlarla günahsız insan idi.
On bir ayın sultanı olan Ramazan ayında dünyadakı
hərbi-siyasi mənzərəni incəlməyə çalışsanız ,nələrin şahidi olacağınızı təxmin
etmək o qədər de çətin deyil.Dinlərarası sivilizasiyaları qovuşdurmaq cəhdlərinə,qlobal
mədəni və humanitar hərəkatların təşəbbüslərinə baxmayaraq kainatın mövcudluğu
hər an təhlükə qarşısındadır.
Soyuq müharibənin başa çatması ilə iki fərqli
sistemin arasında qalan dünyanın sülh dövrünə qədəm qoyduğunu iddia edənlər
yanıldılar. İndi iki Koreya nüvə müharibəsinin bir addımlığındadır. Rəsmi
Pxenyanın Cənubi Koreyaya və Yaponiyaya tuşladığı ballistik raketlərin
dağıdıcılıq gücü və uçma məsafəsi əvvəlki nəsil silahları ilə müqayisədə daha
böyükdür.
Yaxın Şərq ocağı həmişəki qaynarlığını saxlayır.
İndi burada dövlətlərarası savaş təhlükəsinin üzərinə daxili qeyri-stabil
siyasi sistemlər de gəlib və inqilabi hərəkatlar vətəndaş sülhünü təhdid edir. Hər
gün önə çıxan yeni tayfa, klan, cinayətkar birlikləri və ya dini fundamentalist
təşkilatları məqsədi belli olmayan xarici qrupların ssenarisi ilə cəmiyyəti
qorxuda saxlamaqda davam edirlər.
İrak həmişəki kimi insanlığa və bəşəri dəyərlərə həqarət
səhnəsi olaraq qalır. İranın nüvə planı ətrafında beynəlxalq sanksiya rejimi
daha da kÉ™skinləşir. Æfqanıstanda antiTaliban müharibÉ™si aparan koalisiya qoÅŸunları
on illik üzücü müharibədən və on minlərlə itkidən sonra bu bədbəxt məmləkəti
məğlub terk edərek çıxıb gedirlər.
İqtisadi xəritə siyasi maraqlar uğurundakı savaşı
daha da dərinləşdirir. Qərb varlandıqca onun bütün qitələrə təsiri güclənir. Çin
və Hindistanın qlobal miqyasda çəkisi artdıqca onlar enerji və təbii sərvətlərə
sahiblənməyin ən amansız vasitələrinə əl atırlar. Rusiya imperiya keçmişini
qaytarmaq üçün bütün resurslarını Avropanın elə keçirilməsinə və ya asılılıqda
saxlamağa yönəltməkdə davam edir.
Lakin dünyanın konflikt doğuran səbəbləri bununla
bitmir. Sosial bərabərsizlik, demoqrafik disbalans və təbii sərvətlərin tükənməsi
rəqabətə əlavə ton verir. 2025-ci ilde içməli suya telebat onlarla ölkənin əsas
qayğısına çevriləcək. Xüsüsilə, su mənbələri öz sərhədləri daxilində
olmayanların bir nömreli heyat meselsi bu olacaqdır.
Millətlər yüz illərdir ki, ayaqda qalmanın, sülhə
və ədalətə nail olmağın doktrinlərini yaratsalar da gərçəkdə ona nail olmaq hələ
ki, üfüqdə görünmür. Cəmiyyətdaxili aqressiya, barışmazlıq ve sinfi,dini,irqi
düşmənçilik təmayülləri hələ də tarixə qovuşmayıb.
Müqəddəs Ramazanın rəhbər tutduğu ideallarsa 15
əsrdir ki, xalqları barışa səsləyir. Bəndəsini Günəş şüalarından yanan ayaqları
ilə deyil, nəfsi ilə sınağa çəkən Tanrı ona mükafat vəd edir,hüzura qovuşmanın
yegane yolu kimi xeyirxahlığı, səxavəti, ruzisini paylaşmağı təlqin edir. Yer
üzünün sakinləri orucluq dünyasından çıxandan sonra təzədən qana, istismara və
nəfsə qayıdırsa, deməli,hər saniyənin hökmünə tabe olub gözlədikləri zamanı
boşuna itirmişlər. İnsanlığın xilası 11 ayın cinayətlərini 30 gündə bağışlatmaq
ideyasında deyil, əksinə,bütün ömrü necə yaşamağın real həyat fəlsəfəsinə məhz
bu ayda çatmağındadır!
Dünyanın harasında olursa ol, hansı dinə sitayiş
edirsen et, bundan böyük ideallar tapa bilməzsən. Yer üzünə sahiblənmək üçün
aparılan savaşda qələbə hələ heç kəsə sona qədər müyəssər olmayıb. Tarix onların
adlarını qoruyub saxlasa da əldə etdikləri qənimət bir kvadrat metrlik yerdən
artıq deyil. Çoxlarına heç bu da nəsib olmayıb.
Ona görə niyyətləri xoş olan hər bir insana və
millətə Allahın göndərdiyi çağrı odur ki, min ayın əməlindən daha üstün fəzilət
tanınacaq bu zamanı dostluğa, qardaşlığa və birgəyaşayışa xərcləyin. Bax onda
ömrünün əvvəlində rəhm, ortasında bağışlanma, sonunda isə cəhənnəm odundan
qurtuluş görəcəksiniz!
Unutmayaq ki,Tanrı bir çoxlarına cəhənnəmi elə bu
dünyada göstərib.Dilində dualar, qəlbində Allaha və bəndəsinə sevgi olan hər
bir insan yer üzünün əsil sahibidir!