Azərbaycanın İrandakı sabiq səfiri, AMEA-nın üzvü, professor Əliyar Səfərli ölkənin siyasi gündəmində baş verən hadisələrə öz mövqeyini bildirib.
Vətəninfo.az-a açıqlamasında Əliyar Səfərli bildirib ki, Mehriban xanım Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi təşəbbüsünü yüksək qiymətləndirir.
Ə.Səfərli Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mircəlal Paşayevlə bərabər işlədiyini və sıx dostluq münasibətlərinin olduğunu bildirərək qeyd etdi ki, həmin ailə ümumilikdə Azərbaycan tarixinin bir sıra dönəmlərində hər zaman dövlətə və dövlətçiliyə xidmət etmiş görkəmli insanlar yetişdirib.
“Mehriban Əliyeva da ölkəmizdə və dünyada sevilən, böyük rəğbət bəslənən bir şəxsiyyətdir” deyən sabiq diplomat əlavə etdi ki, o, Demokratik Azərbaycan Dünyası Partiyasının bu təşəbbüsünü bəyənir və bu yolda onlara dəstək olmağa hazırdır.
Ə.Səfərli vurğuladı ki, DADP tərəfindən yaradılmış “Demokratiya Uğrunda Alyans” təşəbbüs qrupunda çox aktiv iştirak edəcək. Qeyd edək ki, Əliyar Səfərli bu günə qədər heç bir siyasi partiyanın üzvü olmayıb və hal-hazırda bitərəfdir.