Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov qurumun üzvlərinə müraciət edib. Moderator.az həmin müraciəti təqdim edir:
“Qarşıdan gələn seçkilərdə mənim vahid namizədliyimi irəli sürdüyünüzə görə Sizə minnətdarlığımı bildirir və bu qərarın mənim üzərimə hansı məsuliyyəti qoyduğunu yaxşı dərk edirəm. Seçkilərdə qələbə çalacağımız təqdirdə yerinə yetirilməsi vacib olan öhdəliklərlə yanaşı, seçki öncəsinə aid bir sıra tələblər də var ki, bunlar barədə vaxtaşırı kütləvi informasiya vasitələrində xatırladılır.
Bununla bağlı Sizə bildirmək istəyirəm ki, hələ sovet dövründən məndə qalmış ikinci vətəndaşlıq problemini artıq həll edirəm. Eyni zamanda, planlaşdırdığım kimi, Avropa Komissiyası və Avropa Parlamentində danışıqlar apardıqdan sonra Bakıya dönəcəyəm.
İndiki mərhələdə qarşıdakı seçkilərə bizim necə yanaşmağımızın mühüm əhəmiyyəti vardır. Hələ Milli Şura vahid namizədini irəli sürməmişdən əvvəl, Musavat Partiyası və KXCP özünün başqa namizədlərini müəyyənləşdirmişdilər. Mən bir neçə dəfə bu fikri səsləndirmişəm ki, Milli Şuradan olan vahid namizəd qeydiyyata alınmayacağı təqdirdə, bu qurumda başqa partiya və hərəkatların irəli sürə biləcəyi bir neçə layiqli namizəd vardır. Bu da demokratik qüvvələrə qarşıdakı seçkilərdə iştirakı təmin etmək imkanı yaradacaqdır.
Lakin bu məsələyə başqa yanaşma da var: indiki situasiyada həmin yanaşma mənə daha məqsədəuyğun, ən başlıcası isə daha effektiv görünür. İş elə gətirib ki, Milli Şura vahid namizəd kimi məni göstərib, bu səbəbdən də mənim başqa namizədləri öz iddialarını geri götürməyə çağırmağım etik mülahizələrə görə çətindir. Hər kəs bunu dərk edir ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir. Bu halda, Milli Şura və Azərbaycanın demokratik ictimaiyyəti maksimum iradə və qətiyyət göstərməlidir ki, vahid namizəd qeydiyyata alınsın. Əslində, bu namizədin qeydiyyatına mane olmaq üçün heç bir qanuni əsas yoxdur və ümid edirəm ki, olmayacaq da. Hətta imtina ehtimalı olduğu variantda belə, gerçək demokratik düşərgədən ikinci namizəd olmamalı, Milli Şura isə hakimiyyətin özbaşınalığı ilə aktiv mübarizəni davam etdirməli, onu Azərbaycan xalqının iradəsi, ölkə Konstitusiyası və götürdüyü beynəlxalq öhdəliklərlə hesablaşmağa məcbur etməlidir.