Bizi sosial şəbəkələrdən izləyin:
Siyasi məhbusun həbsi ilə əlaqədar sosial mediada kampaniyalar başlayacaq, flaşmoblar keçiriləcək İyulun 5-də Müsavat başqanının müşaviri Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsi növbəti toplantısını keçirdi. Komitənin sədri Elman Fəttah çıxış edərək bildirdi ki, Y.Sadıqovun müdafiəsi istiqamətində indiyədək görülən işlərlə kifayətlənmək olmaz, müdafiə tədbirlərini gücləndirmək lazımdır. O, sosial şəbəkələrdə Y.Sadıqovla bağlı səhifə və bloq yaradılmasını da təklif etdi. Həmçinin bildirdi ki, onun ailəsi rayonda yaşadığından, həbsxanaya hər həftə sovqat aparması mümkün deyil. Bu səbəbdən həmin işlər komitənin üzərinə düşür: “Biz rayondan üç etibarnamə gətirtmişik, biri Yadigar bəyin xalası oğlu, digəri mənim üçündür. Üçüncüsünü də Tərlan Abbaszadəyə vermişik. İndi daha bir etibarnamə almaq fikrindəyik ki, ona vaxtında sovqat çatdırılması məsələlərində problem olmasın”. E.Fəttah komitənin məhbusun ailəsinə maddi yardım və köməklik etməsinin vacibliyini də söylədi: “Bu kimi dəstəyi göstərməyimiz vacibdir. Yadigar bəy həbsdə olduğu müddətdə ailəsinin ehtiyacları nəzərə alınmalıdır”. Müdafiə Komitəsinin üzvü Mustafa Hacıbəyli isə bildirdi ki, Müsavat Partiyasının Sədrlər Şurasında bu məsələni qaldırmaq lazımdır. Partiyanın rayon təşkilatlarından birdəfəlik yardım istənilməsi də qərara alındı. Komitənin digər üzvü Əfqan Muxtarlı isə qeyd etdi ki, Y.Sadıqov jurnalist kimi də fəaliyyət göstərib və bu səbəbdən köməklik üçün jurnalist təşkilatlarına müraciət etmək lazımdır: “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna müraciət etmək olar. Həmçinin hüquq müdafiəçisi İntiqam Əliyevlə də bu məsələləri, maliyyə yardımını danışmaq lazımdır”. Müsavat başqanının müşaviri Yeganə Hacıyeva isə bildirdi ki, Y.Sadıqov həbs olunmamış onunla bağlı yaranmış problemlər hüquq müdafiəçiləri vasitəsilə beynəlxalq təşkilatlara çatdırılıb: “Leyla Yunus bu istiqamətdə çox işlər görüb. Hazırda biz yerli və beynəlxalq hüquq müdafiəçiləri ilə iş aparmalıyıq. Biz mediadan ciddi dəstək istəyəcəyik. Yerli hüquq müdafiəçiləri ilə görüş planlaşdırırıq. Leyla Yunus və Arzu Abdullayeva ilə isə təcili görüş istəmişik və görüşəcəyik”. Onun sözlərinə görə, Y.Sadıqovun həbsi barədə “Amnesty İnternational”, “Human Rights Watch”, “Article 19" və ”Freedom House" kimi beynəlxalq təşkilatlara müraciətlər hazırlanıb. Həmin təşkilatlarla bu yöndə yazışmalar aparılıb və cavab gözlənilir: “Biz bugünkü toplantının nəticələri barədə də müraciət hazırlayıb hüquq müdafiəçilərinə təqdim edəcəyik. Beynəlxalq təşkilatların təmsilçiləri ilə yazışmalarda vurğuladıq ki, ölkədə davamlı olaraq siyasi həbslər aparılır. Bu həbslərə beynəlxalq aləmin reaksiyası isə adekvat deyil. Biz Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən dinləmələrdə Yadigar Sadıqovun həbsi ilə bağlı məsələnin qaldırılmasına da çalışırıq”. O, məlum həbslə bağlı sosial mediada kampaniyaların başlanmasını və fləşmobların keçirilməsini də təklif etdi. E.Fəttah isə qeyd etdi ki, onlar yerli hüquq müdafiəçilərinə müraciət edərək Y.Sadıqovla bağlı məsələni diqqətdə saxlamağı, keçirdikləri görüşlərdə bu məsələyə diqqət ayırmağı xahiş ediblər. Eyni zamanda onlar müdafiə komitəsinə dəvət ediliblər. Y.Hacıyeva isə bildirdi ki, Y.Sadıqovun ailəsinin ölkədəki xarici səfirlik və təşkilatların təmsilçiləri ilə görüşü də planlaşdırılır. Qeyd edək ki, Y.Sadıqov iyunun 27-də həbs olunub. Xuliqanlıqda ittiham edilən Müsavat başqanının müşaviri barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Onun hüquqlarını müdafiə komitəsinə isə 50-dən artıq ictimaiyyət təmsilçisi qoşulub.