Biləsuvar Gömrük İdarəsinin rəisi Elçin Quliyev Novxanı bağındakı evinin yaxınlığından dənizə düşən yolu qanunsuz olaraq özəlləşdirir.
Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, gün ərzində yüzlərlə insanın istifadə etdiyi yolu əhatəyə alan E.Quliyev, bu yolu özəl mülkiyyətə çevirməkdədir:
“Bir müddət bundan öncə Novxanıda ”“ “Metallurq” və “Günəş” məcburi köçkün düşərgələri arasından dənizə düşən yolu məftil lövhələrlə əhatəyə alan E.Quliyev, yüzlərlə bağ sakininin də istifadə etdiyi yolu özəl mülkiyyət halına gətirib. Yolun giriş hissəsinə şlaqbaumu əvəz edən xüsusi zəngir vurduran gömrük məmur, bununla ərazinin artıq xüsusi mülkiyyət olduğunu nəzərə çatdırır. Sözügedən yoldan istifadə edən vətəndaşlar isə hesab edir ki, özünə qısa zamanda dəyəri milyon manatlarla ölçülən villa inşa etdirən E.Quliyevin sovet dönəmindən insanların istifadəsinə verilən yola əl qoyması yolverilməzdir. Vətəndaşların bildirdiyinə görə, yaxın günlərdə yolun tamamilə bağlanması baş verəcək ki, bu da insanları öz yollarını bir neçə kilometr də uzadaraq onları alternativ yollardan istifadə etmək məcburiyyəti qarşısında qoyacaqdır”.