Ötən bazar günü ADP qərargahında toplaşan Naxçıvandan olan bir qurup ziyalı Muxtar Respublikada dözülməz ictimai ”“siyasi proseslərin mövcudluğundan, Vasif Talıbovun qanunsuz əməllərinin əndazəni aşmasından bəhs etmişdilər. Elə həmin gün bəzi mətbu orqanlarda Vasif Talıbovun tezliklə işdən kənarlaşdırılacağı barədə xəbərlərin dövgriyyəyə buraxılması da diqqətdən qaçmadı. Görəsən, bu iddiaların əsası varmı və doğrudanmı Naxçıvanda vəziyyət kritik, Vasif Talıbovsa “çemodan” əhval-ruhiyyəsindədir?
Moderator.az-ın mövzuyla bağlı sualını cavablandıran Naxçıvandan olan deputat, AMEA-nın vitse-prezidenti və həmin qurumun Ədəbiyyat İnstitunun direktoru İsa Həbibbəyli bu iddiaların tamamilə yanlış olduğunu bildirdi: “Həmin gün ora toplaşan insanlar Naxçıvan Muxtar Respublikasındakı mövcud vəziyyətdən xəbəri olmayan adamlardı. Onlardan bir çox atıq çoxdandır ki,Naxçıvanla əlaqələri kəsiblər və bu gün Muxtar Respublikada gedən ictimai-siyasi prosesləri olduğu kimi görə bilmirlər. Ona görə də onların iddiaları yalan və şantajdan ibarətdir. Bildirim ki, bu gün Naxçıvanda hakimiyyətlə xalq arasında dərin etimad mühiti hökm sürür, böyük quruculuq işləri gedir, milli-mənəvi dəyələrə hörmət olunur. Şübhəsiz ki, Naxçıvanda gedən bu cür inkişaf bəzi adamların ürəyincə deyil, onların harasa toplaşaraq yersiz iddialarla çıxış etmələri də ambisiyalarından doğan qısqanclıqdır.
“Vasif Talıbovun tezliklə vəzifəsindən kənarlaşdırılacağı xəbərləri dolaşır, naxçıvanlıların onun əlindən cana doyduqları, hətta prezidentin də səbrinin daşdığı iddia olunur, bu iddiaları nə dərəcədə əsaslı hesab etmək olar” sualına cavabında İsa Həbibbəyli bildirdi ki, bu cür fikirlərin də heç bir əsası yoxdur: “Hər şeydən öncə adamdan soruşarlar ki, bu cür yüksək təyinatları cənab prezident həyata keçirirsə sən hansı haqla münəccimlik edib ictimai rəyi çasdırmaq istəyirsən? Əslində belə mənasız fikilərə heç şərh verməyin özü də doğru olmaz. Ancaq bildirim ki, bunlar da böhtan və şantaj xarakterli, heç bir həqiqətə söykənməyən dezinformasiyalardı. Vasif Talıbov həm ulu öndərimizin, həm də cənab prezidentin etimadını qazanmış müstəqillik dövrünün yetişdirdiyi qiymətli bir dövlət adamı, dövlət xadimidir. Onun haqqında bu cür yersiz şayiələrlə suyu bulandıranların da arzuları ürəklərində qalacaq.”