Siyasət
9561
15 Dec 2019 | 23:54

"9 fevral Azərbaycanın seçki tarixində "Oğullar və kürəkənlər seçkisi" kimi qalacaq"

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilməlidir. Seçki prosesi yenicə başlasa da, artıq namizədlərin siyahısi və prosesə aid müxtəlif məqamlar gündəmi tədricən məşğul etməkdədir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Milli Məclisə gələn il keçiriləcək seçkilər öncəsi siyasi mühitin sabit olduğunu deyib. Onun fikrincə, son illər bir neçə dəfə gerçəkləşən NATO və Rusiya Baş Qərargah komandanlarının Bakı görüşü də Azərbaycanın sabit ölkə olduğunu göstərir, bu da seçkilər üçün münbit şərait deməkdir. Məhərrəm Zülfüqarlı xatırladıb ki, Azərbaycanda 55 partiya olduğu halda bələdiyyə seçkilərində 12 partiyanın iştirakı gözlənilir. Onun fikrincə, məsələ ondadır ki, fəal partiyalar azdır.

Məhərrəm Zülfüqarlı 9 fevral növbədənkənar parlament seçkilərinin boykot edən qüvvələrinin olması barədə isə bunları deyib:

“Əslində, partiyaların əsas vəzifəsi seçkiyə qatılmaqdır, hansı partiyanın seçkidə iştirak gücü yoxdursa, ona görə də onlar boykota qərar verirlər. Güclü olan partiya seçkilərə qatılıb mübarizə aparmalıdır”.

“Əgər qərb təhsilli adamlar parlamentdə çox olsa…”

O, yeni parlamentdə gənclərin və qadınların çoxluq təşkil edəcəyini güman edir:

“Əgər qərb təhsilli adamlar parlamentdə çox olsa, bu, ölkənin siyasi mühitinin dəyişməsinə müsbət təsir göstərə bilər”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, seçki eksperti Bəşir Süleymanlı isə bildirib ki, hələ kütləvi şəkildə namizədlərin irəli sümə prosesi sezilmir. Onun fikrincə, əgər proses kütləvi hal alarsa, problemlər ortaya çıxar. Bəşir Süleymanlı bir neçə namizəd olmaq istəyən şəxsin onlara müraciət etdiyini söyləyib:

“Onlara texniki problem yaratmışdılar, amma sənədlərini qəbul etdilər. Ancaq müşahidəçilərlə bağlı problemlər qalmaqdadır. Məsələ ondadır ki, bir seçki məntəqəsində bir müşahidəçini qeydə alırlar, bu isə problem yaradır. Əsas proses namizədlərin imza toplama və qeydə alınmasında özünü büruzə verəcək. Hələlik, kütləvi pozuntularla bağlı xüsusi fakta rast gəlməmişik”.

Bəşir Süleymanlı indiki seçkilərdə daha çox gənclərin fəal olduğunu deyir:

“Bu, formal xarakter daşımır, ikinci, ReAL Partiyası “Cümhur ittifaqı” yaradaraq prosesə qatılıb. Həmin partiyadan istefa verən Azər Qasımlı ittifaq yaradaraq seçkiyə qatılır. Bundan əlavə müstəqil şəxslər var ki, namizəd olmaqda maraqlıdırlar. Ümumiyyətlə, insanların seçkiyə bu cür maraq göstərməsi ümidlənməyin göstəricisidir. Deməli, insanlar seçkiyə qatılmaqla siyasi prosesdə iştiraklarını təmin edirlər, pozitiv haldır”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri deyir ki, o, seçkidə iştirakın tərəfdarıdır. O hesab edir ki, insanları seçkiyə səfərbər edib siyasi mübarizəni bu istiqamətdə qurmaq daha səmərəli yoldur:

“Məsələ ondadır ki, boykot edənlər aktiv, yoxsa passiv boykota üstünlük verirlər. Bəli, bu, boykot edənlərin seçimidir və əsaslandırmaları var. Ancaq mən seçkilərdə iştirak edib insanlarla təmas qurmağın tərəfdarıyam”.

ReAL Partiyasının üzvü, iqtisadçı Zöhrab İsmayıl hesab edir ki, indiki üstünlük sosial medianın yaratdığı geniş imkanlardır. 

Siyasi icmalçı Hikmət Hacızadə isə 9 fevralın Azərbaycanın seçki tarixində "Oğullar və kürəkənlər seçkisi" kimi qalacağını düşünür.

Bəzi media orqanları və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu seçkilərdə bir çox siyasətçinin,rəsminin övladları və yaxınlarının da namizədliyi irəli sürülməkdədir.

Xatırlatma

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb ölkə rəhbərliyinə göndərib. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu da dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Dekabrın 5-də isə Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-na təyin edilib.Halbuki, parlament seçkiləri Azərbaycanda gələn ilin noyabrında olmalı idi. (azadlıq radiosu)
Link kopyalandı!
Son xəbərlər