Bu gün keçirilən iclasdan sonra Milli Şuranın vahid namizəd məsələsinə tam olaraq aydınlıq gəldi. Rüstəm İbrahimbəyov bu qurumun prezident seçkilərində vahid namizədi olaraq çıxış edəcək. Bəs görəsən hakim Yeni Azərbaycan Partiyası (YAP) İbrahimbəyovun namizədliyi məsələsinə necə baxır?
Moderator.az-ın sualını cavablandıran YAP-çı deputat Aydın Mirzəzadə bunu müxalifətin uğursuz seçimi kimi dəyərləndirdi:
“Heç vaxt idarəetmədə bacarığı olmayan, siyasi mövqeyini tez-tez dəyişən, ən əsası isə Azərbaycan reallıqlarını bilməyən birinin radikal müxalifətin vahid namizədi olması onlara başucalığı gətirən amil olmayacaq. Eyni zamanda qeyd etmək istərdim ki, Milli Şurada təmsil olunan bəzi partiya nümayəndələri prezidentliyə namizəd olacaqlarını bildirmişdilər. İndi isə o partiya rəhbərlərinin zəif bir namizəd önündə geri çəkilməsi həmin partiyada təmsil olunan şəxsləri məyus etməyə bilməz. Rüstəm İbrahimbəyovun namizədliyi radikal müxalifətin yaşadığı böhranın məntiqi nəticəsidir. Hər il eyni şüarlar səsləndirən, Azərbaycandakı yenilikləri görmək istəməyən radikalların seçkiyə belə zəif namizədlə getməsi təəccüblü deyil. Onu da qeyd edim ki, seçkilərdə Rüstəm İbtahimbəyovdan da güclü müxalifət namizədinin çıxış etmək ehtimalı tamamilə mümkün variantdır”.
Xəyal Əzizov