Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gəncə Şəhər İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Gəncədə “Regionlarda vətəndaş cəmiyyətinin
gücləndirilməsində QHT-hökumət tərəfdaşlığı” mövzusunda zona müşavirəsi
keçirilib.
Müşavirəni giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı
Elmar Vəliyev açaraq dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatları
arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin
yaradılmasını, Qeyri-Hökumət Təşkilatlarının dövlət və cəmiyyətin inkişafı üçün
əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb edilməsini, vətəndaş cəmiyyətinin
inkişafının sürətləndirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən
birinə çevrildiyini bildirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxış
edərək Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması istiqamətində Qeyri-Hökumət
Təşkilatlarının rolundan danışmış, milli QHT-nin öz sıralarında 615 ictimai
təşkilatı birləşdirdiyini diqqətə çatdırmışdır. Hazırda Milli QHT Forumunun 66
rayonda koordinasiya mərkəzinin fəaliyyət göstərdiyini bildirən Azay Quliyev
deyib ki, 5 regionda resurs və təlim mərkəzi fəaliyyət göstərir. Forumun ölkəmizin
modernləşmə yolunda qazandığı nailiyyətləri, habelə dünyada və regionda sülhün
və təhlükəsizliyin təmin edilməsində, transmilli enerji və nəqliyyat
layihələrinin həyata keçirilməsində mühüm rolunu qeyd edən natiq bu uğurların
qazanılmasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq və
dövlət qarşısında müstəsna xidmətləri kimi dəyərləndirmişdir.
Müşavirədə SEDA proqramının Azərbaycan üzrə nümayəndəsi Timoti
Maqadan çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində
Qeyri-Hökumət Təşkilatlarının rolunu yüksək dəyərləndirmiş, bu sahədə insanlara
verilən sərbəstliyin gətirdiyi uğurlardan danışmışdır.
Müşavirədə Qeyri-Hökumət Təşkilatları rəhbərlərini maraqlandıran
suallara da aydınlıq gətirilmişdir. Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev
qaldırılan məsələlərə münasibət bildirmişdir.