Ermənistanda Azərbaycanın xeyrinə casusluqda ittiham edilən 3 nəfər həbs edilib. Moderator.az-ın məlumatına görə, bu məsələ ilə bağlı hərbiçi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov SalamNews-a açıqlama verib.
O bildirib ki, Ermənistan xüsusi xidmət orqanları belə tipli məlumatları yaymaqla özlərinin necə güclü iş metoduna malik olması haqqında fikir formalaşdırmaq istəyirlər. İndi bu həbs edilən şəxslərin kimliyi ilə yaxından maraqlansaq, görərik ki, onların, ümumiyyətlə, Azərbaycanla bağlılığı olmayıb və yoxdur. Ü.Cəfərov fikrincə, bu sadəcə hədə-qorxu, şantaj yolu ilə onlara məcburi şəkildə guya cinayət törətmələri ilə bağlı ortaya atılmış bir məlumatdır:
"Həm də, nəzərə alsaq ki, sabah Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Bu, bir növ guya bizim ölkənin özünə deyil, Ermənistanın içərisindən hansısa kəşfiyyat məlumatına ehtiyacı olması görüntüsü yaratmaq üçün ictimailəşmiş bir xəbərdi. Ortada heç bir ciddi məlumat yoxdur. Fikir verin ki, bu məsələdə təkcə Azərbaycanın xüsusi xidmət orqanları deyil, Türkiyənin də adı hallanır. Bununla da onlar demək istəyirlər ki, bu üçbucaq şəkilli əməkdaçlıq guya birbaşa ölkəmizdən deyil, Türkiyə ərazisindən idarə edilirmiş. Mən belə məlumatlara çox qeyri-ciddi baxıram. Çünki hər kəs gözəl bilir ki, istənilən sosial şəbəkə xüsusi xidmət orqanları tərəfindən izlənilir və heç bir ağıllı adam hansısa məxfi xəbəri açıq şəbəkədən göndərməz. Bunun üçün daha ciddi yollar mövcuddur."
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) casusluqla bağlı həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbçisi, Qafan sakini, 1982-ci il təvəllüdlü Mane Artaşesovna Movsisyan həbs edilib. Əldə edilən məlumata görə, M.Movsisyan MN-də xidmətə başladıqdan sonra da sözügedən şəxslə əlaqəni davam etdirib. O, əlinin çatdığı bütün hərbi xarakterli məxfi materialları Azərbaycan XXO-ya ötürüb.