Hazırda məhbus həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanov Milli Şuraya dəstək verməsini açıqlayandan sonra mövzu həm iqtidar, həm də müxalifət düşərgəsində geniş müzakirələrə səbəb oldu.
Əli İnsanovun son addımı ilə bağlı dəyərləndirmələr müxtəlif olsa da, yekdil rəy ondan ibarətdir ki, Əli İnsanov qərbi azərbaycanlılar arasında çox böyük nüfuza malikdir və bu səbəbdən də onun Milli Şuraya dəstək verməsi sıradan olan hadisə kimi nəzərdən keçirilməməlidir.
Bunu son müsahibəsində Mili Şuranın sədri Rüstəm İbrahimbəyov da etiraf edib: “ Əli İnsanovun çox sayda tərəfdarları var. Düşünürəm ki, onun bizə olan dəstəyi seçkilərdə yardımçımız olar. Biz dəfələrlə demişik ki, Əli İnsanov azadlığa buraxılmalıdır və bu istiqamətdə əlimizdən gələni etmişik”.
Moderator.az olaraq mövzuyla bağlı əslən Qərbi Azərbaycandan olan politoloq Qabil Hüseynlinin də fikirlərini öyrəndik:
“Əli İnsanovun qərbi azərbaycanlılar arasında çox böyük nüfuza malik olması həqiqətdir. Amma mən bunu təkcə Əli İnsanova aid etməzdim. Azərbaycanda onun qədər populyarlığa malik olan qərbi azərbaycanlılar yetərincədir. Bir nəfəri ayırıb, onun digərlərindən nüfuzlu və qüdrətli olduğunu iddia etmək isə doğru olmazdı”.
Politoloq daha sonra deputat Musa Quliyevin “hazırda Azərbaycanda 4 milyon qərbi azərbaycanlı var” fikrinə də münasibət bildirərək bu fikirlə razılaşdığını söyləyib.
Xəyal Əzizov