Sumqayıtda “Şuşa” məcburi köçkün düşərgəsində məskunlaşan bir qrup məcburi köçkün “təndirxana qiyamı”na hazırlaşır. Bu barədə Moderator.az saytına bilgili qaynaq məlumat verib.
Mənbənin sözlərinə görə, buna səbəb məcburi köçkünlərə məxsus obyektlərdə qadağan edilən fəaliyyətin məmur obyektlərində qanuni elan edilməsi ilə bağlıdır:
“Bir müddət bundan öncə köçkünlərin Sumqayıt-Novxanı yolu üzərindəki obyektləri Sumqayıt Şəhəri İcra Hakimiyyəti və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dağıdıldı. Buna səbəb həmin sözügedən təndirxanalarda hazırlanan məmulatların gigiyenik baxımdan təhlükəli elan edilməsi oldu. Məcburi köçkünlər isə elan edir ki, onlara məxsus təndirxanalar dağıdılandan sonra yolun qarşı tərəfində, məmur-oliqarxların sevimli istirahət mərkəzi olan “Diana” restoranın nəzdində çoxlu sayda təndirxana fəaliyyətə başlayıb. Lakin nə icra hakimiyyəti, nə də polis yetkililəri bu təndirxanalara hansısa şəkildə müdaxilə etmək fikrində deyil. Köçkünlər hesab edir ki, onların təndirxanalarının dağıdılması “Diana” rəhbərliyinin sifarişi də ola bilər. Məcburi köçkünlərin fikrincə, eyni ərazidə eyni şərtlər altında hazırlanan çörəklərin bir qismini gigiyenik baxımdan təhlükəli, digər qismini isə təhlükəsiz hesab etmək gülüncdür və onlar üzləşdikləri bu haqsızlığı yaxın gələcəkdə kütləvi etiraz şəklində ortaya qoyacaqlar”.
Elçin Mirzəyev