Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev dünən axşam saatlarında Bakı hava limanında saxlanılıb və barəsində 2 aylıq həbs-qəti imkan tədbiri seçilib.
Onun saxlanılma səbəbi kimi 12 min ABŞ dollarını və xeyli sayda qızıl-zinət əşyalarını ölkədən qanunsuz çıxarmaq cəhdi göstərilib. Məsələnin maraqlı tərəfi isə Muradverdiyevin Əli İnsanovun Milli Şuraya verdiyi dəstəkdən sonra həbs olunmasıdır.
Xatırladaq ki, Ə. İnsanov və Akif Muradverdiyev əslən Qərbi Azərbaycandandır və sabiq səhiyyə naziri Əli İnsanova yaxın şəxs kimi tanınır. Qeyd edək ki, bu Akif Muradverdiyevin ilk həbsi deyil, 2005-ci ildə Əli İnsanovun həbsindən dərhal sonra da Muradverdiyev həbs olunmuşdu.
Maraqlıdır, görəsən Akif Muradverdiyevin indiki həbsinin əsl səbəbləri nədir və baş verənlərin alt qatında hansı amillər dayanır?
Bununla bağlı Moderator.az-a danışan politoloq Ərəstun Oruclunun sözlərinə görə, Akif Muradverdiyevin həbsini Əli İnsanovun Milli Şuraya dəstək verməsi ilə əlaqələndirmək mümkündür. Bununla belə, ekspert hesab edir ki, əslində nə Əli İnsanovun məlum bəyanatı, nə də Akif Muradverdiyevin azadlıqda qalması hakimiyyət üçün hansısa təhlükə törətmirdi:
“ Bu köhnə yanaşmanın təzahürüdür və indi tam başqa bir mühitdə yaşayırıq. Nəzərə alaq ki, hələ 2005-ci ildə Əli İnsanovun həbsi belə cəmiyyətdə gözlənildiyi kimi ciddi etirazla qarşılanmamışdı. Akif Muravderdiyevin həbsinin motivlərinə gəlincə isə onu deyə bilərəm ki, ola bilsin, hakimiyyətdəkilər arxaik təfəkkürə malikdirlər və elə zənn edirlər ki, Əli İnsanovun kiməsə dəstək verməsindən sonra yüz minlərlə insan həmin quruma qoşulacaq. Amma yenə bildirirəm ki, indiki halda bu mümkün deyil. Görünən odur ki, iqtidar reallıq hissini tam itirib və nə etdiyinin fərqində deyil”.
Xəyal Əzizov