Bunlar AXCP sədrinin müavini Nurəddin Məmmədli və Müsavat başqanının müavini Dünyaxanım Cərullayevanın şikayətləridir. Avropa Məhkəməsində onların hər ikisinin hüquqlarını Intiqam Əliyev müdafiə edir.
I.Əliyev bildirib ki, 2010-cu ilin parlament seçkilərilə bağlı Strasburqa 120-dən çox şikayət göndərilib: “2005-ci ilin parlament seçkilərilə bağlı şikayətlərdə olduğu kimi, 2010-la bağlı işlərdə də total seçki saxtakarlıqları, o cümlədən hakimiyyət qurumlarının seçki prosesinə qanunsuz müdaxiləsi, dövlət resurslarından bir partiyanın və onun namizədlərinin xeyrinə istifadə, ayrı-seçkilik, seçki komissiyalarında və məhkəmələrdə şikayətlərin ədalətli araşdırılmaması və digər kobud pozuntulardan bəhs olunur. Hesab edirəm ki, Azərbaycan hökumətinə bu məsələlərlə bağlı Avropa Məhkəməsinin verdiyi suallara arqumentli cavablar tapmaq o qədər də asan olmayacaq”.
2005-ci ilin parlament seçkiləri üzrə şikayətlərin statistikasına toxunan I.Əliyev bildirib ki, Azərbaycandan Avropa Məhkəməsinə 40-a yaxın şikayət göndərilmişdi. Məhkəmə 11 şikayətə mahiyyət üzrə baxaraq onun müəlliflərinin azad seçki hüququnun pozulduğunu təsdiqləyib. Onların arasında AXCP sədri Əli Kərimli, xalq artisti Flora Kərimova, “Qaya” mətbuat yayımı firmasının rəhbəri Xanhüseyn Əliyev, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev də var.
Avropa Məhkəməsi 7 nəfərin, o cümlədən Müsavat başqanı Isa Qəmbər, EL hərəkatının rəhbəri Eldar Namazovun işində hökumət şikayətlərdə göstərilən pozuntuları etiraf etdiyinə görə bunlar baxılan işlərin siyahısından çıxarılıb. Bir nəfər - Ismayıl Səlimov hökumətin barışıq sazişi barədə təklifini müsbət cavablandırdığı üçün onun şikayəti də baxılan işlərin siyahısından çıxarılıb.
Hüquqşünas qeyd edib ki, 2005-ci ilin parlament seçkiləri üzrə Avropa Məhkəməsinə göndərilmiş şikayət seçki şikayətlərlə bağlı qərarı elan edilməyən bir iş qalıb. Bu da AXCP sədrinin müavini Həsən Kərimovun işidir. Intiqam Əliyevin sözlərinə görə, bu şikayət üzrə kommunikasiya mərhələsi çoxdan başa çatıb və yaxın zamanda qərarın elan ediləcəyi gözlənilir.