Müsəlman alimin dövlət büdcəsi haqda  13 əsr öncəki  əsəri üzə çıxdı...- FOTOLAR
Araşdırma
3895
19 Oct 2019 | 12:24

Müsəlman alimin dövlət büdcəsi haqda 13 əsr öncəki əsəri üzə çıxdı...- FOTOLAR

Bu gün müsəlman sayılan ölkələr, o cümlədən Azərbaycan dövlətin idarə olunması, eləcə də dövlət büdcəsi haqda əksər məsələləri müasir Avropa dövlətləri və ABŞ-ın təcrübəsinə uyğun həll edir. 

Moderator.az-ın apardığı araşdırmadan bəlli olur ki, 13-14 əsr öncə - hələ VII-VIII-IX yüzilliklərdə müsəlman alimləri dövlət idarəçiliyi, dövlət büdcəsinin optimal xərclənməsi və s. barədə əsərlər yazıb və İslam dövlətləri həmin əsərlərdəki bilgilər əsasında uğurla idarə olunub.  

...Əbu Ubeyd əl-Qasim bin Salam hicri 770-ci ildə anadan olub. Herat şəhərində İslam elmləri üzrə ibtidai təhsilini başa vurub. Sonra təhsilini Kufə, Bəsrə və Bağdadda davam etdirib. O, sonunda İslam elmləri: hədis, fiqh, ərəb dili, ərəb qrammatikası və ədəbiyyatı kimi sahələr üzrə dərin biliklərə yiyələnib.
Əbu Ubeyd vətəninə qayıtdıqdan sonra müasir Türkiyə ərazisində yerləşən və hazırda Tarsus adlanan Tars şəhərində qazı vəzifəsinə təyin edilib və 18 il bu vəzifədə çalışıb. 828-ci ildə Misirə yollanıb, sonra yenidən Bağdada qayıdıb və burada tələbələrinə öz kitablarından dərs keçib. Ömrünün sonunda bu görkəmli müsəlman alimi Həcc ziyarətinə yollanıb və  839-cu ildə Məkkədə haqq dünyasına qovuşub.


Əbu Ubeyd fiqh və hədisdə həqiqətən görkəmli bir alim olub. Bundan əlavə, o ərəb dilinin üslubu və sintaksisini dərindən bilib və biliklərini 20-dən çox fərqli əsərə köçürüb.

Əbu Ubeydin ərəb dili mövzusundakı əsərləri əl-Cahiz kimi görkəmli bir yazıçının ən yüksək tərifinə səbəb olub: "Heç kim Əbu Übeyddən daha dəqiq və daha faydalı əsər yazmamışdır" .

Onun “əl-qarib əl-musannəf” adlı təfsilatı hədis elminin inkişafında yeni bir dövr başladıb.

İslam iqtisadiyyatı ilə bağlı ən qədim əsərlər arasında Əbu Ubeydin əsərləri xronoloji olaraq Əbu Yusuf və Yəhya bin Adəmin əsərlərindən sonra üçüncü sayılır. Birinci ikisi əsasən dövlətlərarası münasibətləri tənzimləyən konstitusiya qanunu ilə deyil, İslam hüququ ilə əlaqədardır. 
 
Əbu Ubeydin əsəri isə daha çox müsəlman dövlətinin iqtisadiyyatı ilə bağlıdır. Əsər hökmdarın və cəmiyyətin qarşılıqlı hüquq və vəzifələrini, habelə İslam siyasəti çərçivəsindəki öhdəliklərini vurğulamaqla başlayır. Beytül-mal institutunu (dövlət xəzinəsi) və orada yığılan gəlirin necə bölüşdürülməsi müzakirə edilir. Əbu Ubeyd əsas maliyyələşdirmə mənbələrinə istinad edir, onlardan beytül-mal yeganə xəzinə olur və  onun gəlir və xərc baxımından bölüşdürülməsi və idarə olunmasına bilavasitə İslam dövləti məsuliyyət daşıyır. 

 “Kitab əl-Əmval” əsərində Əbu Ubeyd müharibə zamanı toplanan qənimət, hums - müxtəlif istehsal növlərindən gəlirlərin beşdə biri, cizyə (qeyri-müsəlmanlardan adam başına yığılan vergi) və xərac - müsəlman torpaqlarına qoyulan  vergi məsələlərini araşdırır. Öz əsərində də uşr və xərac arasındakı fərqi və müsəlmanların onları necə ödəməli olduğunu izah edir. Kitabın “Zəkat və sədəqə” adlanan son hissəsində onların ödənilməsi və paylanması üsulları müzakirə olunur. "Sədəkə" fəslində isə kimsəsiz və yetimlərin əmlakı və digər uyğun  problemlərdən bəhs edilir.

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər