Müsahibə
7054
13 Aug 2019 | 18:24

"Rusiya sizin etirazı milçək vızıltısı hesab edər, etiraz edən dilinizi dibindən qoparardı..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında Türkmənistanda keçirilən Xəzər İqtisadi Forumunda qonşu İran və Rusiyanın beynəlxalq hüquqa meydan oxumasını şərh edib, gündəmin digər aktual mövzusu ətrafında da fikirlərini bölüşüb:

- Qüdrət bəy, 1-ci Xəzər iqtisadi forumunda Rusiya və İran Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilişinə ekoloji məsələləri əsas gətirərək etiraz ediblər. Sizcə, Moskva və Tehranın belə bir gedişi gözlənilən idimi?
    
- İngilis dilində cinayət xarekterli əməli özündə ehtiva edən “bullying” sözü var. Mənası məktəblərdə fiziki baxımdan güclü olan xuliqanların zəif uşaqları qorxudub dəhşətə salması, öz iradələrini onlara qəbul etdirməsi mənasında işlədilir. Çox təəssüf ki, beynəlxalq münasibətlərdə də oxşar davranış sərgiləyən dövlətlər var. Məsələn, Rusiya heç kimdən icazə almadan Qara dənizin dibi ilə Türkiyəyə, Baltik dənizinin dibi ilə Almaniyaya qaz kəməri çəkir. Həm də beynəlxalq sulardan keçməklə. Amma Xəzərin dibinin orta xətt üzrə bölünməsinə baxmayaraq iki qonşu dövlətə eyni tipli kəmərin çəkilməsinə imkan vermir. Baxmayaraq ki, ən azı 4 Xəzəryanı ölkə Xəzərin dibindəki karbohidrogen ehtiyatları istismar edir və Xəzərin dibi ilə çəkilmiş neft və qaz kəmərlərinin uzunluğu min kilometrlərlə ölçülür. Türkmənistanın istismar etdiyi yataqlarla Azərbaycanın istismar etdiyi yataqlar arasında məsafə isə 40-50 km-dir.
Amma nə edə bilərik? Dünya beynəlxalq hüquqla, məntiqlə yox, cəngəllik qanunları ilə idarə olunur. Kim güclüdürsə o da haqlıdır. İrana gəldikdə isə guya bu ölkə Allahın qanunları ilə idarə olunur. Mən İran mollalarından soruşuram, əgər Türkmənistandan Rusiyaya belə bir kəmər çəkilsəydi etiraz edə bilərdinizmi? Rusiya sizin etirazı milçək vızıltısı hesab edər, etiraz edən dilinizi dibindən qopardardı. Amma bizi arxasız görüb dil uzadırsınız.İnşallah ilahi ədalət öz yerini gec -tez tapar.Yeri gəlmişkən həbsdəki əl öpən İran əlaltıları niyə cınqırını çıxarmır?
  
- Qüdrət bəy, Qarabağ Komitəsi yeni mitinqlər keçirmək istəyir, bu mitinqlərin problemin həllinə bir təsiri ola bilərmi?
  
- Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı var və hər kəs belə bir mitinq təşkil edə bilər.Ancaq bu mitinqi təşkil edənlərin mütləq əksəriyyəti müxalifətçilər olduğundan  doğru olardı ki, onlar mitinq yox, problemi sülh yolu ilə həll edəcəklərinə dair üzərlərinə beynəlxalaq təşkilatlar qarşısında 2000-ci ildən öhdəlik götürmüş ADP, AXCP, AMİP, Müsavat partiyasından tələb etsinlər ki, həmin öhdəliklərdən imtina edilisin. Sonra iqtidar və beynəlxalq birlik qarşısında tələb qoysunlar, müharibədən danışsınlar. Bu zaman onların davranışı daha məntiqli olardı. Bundan başqa, həmin mitinqə yüz minlər çıxmayacaqsa onun ziyanı xeyirindən çox olacaq.
    
Qarabağ məsələsinə gəldikdə isə xalqımızın böyük əksəriyyəti müharıbə istəmir. Ona görə də mitinqə yüz minlərin çıxacağı inandırıcı deyil. Kimsə deyə bilər ki, camaat polis dəyənəyindən və repressiyalardan qorxur, ona görə mitinqə kütləvi çıxmır. Mən həmin adamlardan soruşuram, dəyənəkdən qorxan güllə qabağına gedər?!Xalqımız həm özünə güvənmir, həm də satqınların və xarici düşmənlərin müharibəni qələbə ilə başa çatdıracağımıza imkan verməyəcəyindən qorxur. İqtidar bunları görür və xalqın iradəsini nəzərə alır. Bunu nəzərə almayan iqtidar özü də iflasa uğrayar, ölkəni də uçuruma aparar. Xalqımız müharibə istəyir deyən istənilən siyasi demaqoqa demək istəyirəm ki, müharibə istəyən xalq istənilən iqtidarı müharibəyə başlamağa, yaxud istefaya getməyə məcbur edə bilər. Hamı başa düşür ki, problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Ona görə də xalqımızı müharibəyə, yəni qurbanlar verməyə və fədakarlıq etməyə hazırlamalıyıq. 5-10 nəfər siyasiləşmiş, vəzifə istəyən adamın ah-naləsi ilə iş düzəlməyəcək. Xalqımızı qələbəyə inandırmalıyıq.
Link kopyalandı!
Son xəbərlər