Çağdaş dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərində suveren fondların sosial-iqtisadi layihələrin gerçəkləşməsində mühüm rol oynadığı şübhəsizdir. Bu baxımdan Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) fəaliyyəti, bu qurumun həyata keçirdiyi layihələr ölkəmizin maraqları baxımından əlahiddə rol oynayır. ARDNF-nin suveren fond kimi mövcudluğunun nə dərəcədə önəmli olduğunu anlamaq üçün bəzi faktlara diqqət yetirmək kifayətdir.
ARDNF iqtisadi stabilliyin təminatçısı, sosial tərəqqinin tətikləyicisi qismində..
Öncə qeyd edək ki, suveren fondlar maliyyələşmə mənbəyinə görə iki yerə bölünür. Bunlardan biri maliyyə mənbəyi xammal olan, digəri isə digər mənbələrə istinad edən fondlardır ki, ARDNF məhz birinci qəbildən olan fondlardan hesab edilir. Gəlir mənbəyi neft və qaz olan ARDNF-in maliyyə gücü ona iqtsiadi layihələrdən geniş yer almağa, ölkənin sosial-iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edən proyektləri maliyyələşdirməyə imkan verir. İqtisadi inkişaf əhalinin sosial rifahının yaxşılaşması ilə paralel müşahidə edilir ki, bu da ARDNF-in suveren fond kimi əsas funksiyasını yüksək səviyyədə yerinə yetirdiyini göstərir. Iqtisadi layihələrlə yanaşı, sosial layihələrin gerçəkləşdirilməsinə də böyük vəsaitlər ayıran ARDNF, faktiki olaraq reallaşması imkansız görünən layihələrin belə gerçəkləşdirilməsini təmin edir.
ARDNF erməni işğalının nəticələrinə qarşı necə mübarizə aparır?
ARDNF-nin ölkəmiz üçün önəminin ən böyük isbatlarından biri də bu fondun erməni işğalının nəticələrinə qarşı uzun illərdir ki, səylə mübarizə aparması, bu yöndə irimiqyaslı layihələr həyata keçirməsidir. Təsadüfü deyildir ki, ölkəmizdə erməni işğalı nəticəsində doğma ev-eşiyini itirmiş qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış binalarının, müasir qəsəbələrin salınmasında ARDNF yaxından iştirak edir.
2001-ci ildən bu günə qədər məlum istiqamətdə ardıcıl addımlar atan ARDNF, sadəcə Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə deyil, eləcə də Goranboy, Qazax, Balakən, Tərtər, Naxçıvan, Bərdə, İmişli, Yevlax, Şəki və s. kimi şəhərlərdə məcburi köçkünlər üçün hündürmərtəbəli binalar, eləcə də digər infrastruktur layihələrinin reallaşmasını təmin edib. Statistikaya nəzər salsaq görərik ki, təkcə cari ilin I rübü ərzində bu kimi layihələrə 19,7 milyon manat vəsait ayrılıb ki, bu da kifayət qədər böyük rəqəmdir. Bundan başqa, ARDNF tərəfindən bu günə qədər qaçqın və məcburi köçkünlər üçün 71 qəsəbə, 230 bina, 33781 ev və mənzil, 65 inzibati bina, 77 məktəb, 62 uşaq bağçası, 5 xəstəxana, 19 tibb məntəqəsi inşa edilib. Məhz bütün bu layihələr nəticəsində qaçqın və məcburi köçkünlərin sosial durumu əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bundan başqa, məcburi köçkünlərin həyat səviyyəsinin yüksəlməsi onların mənəvi əhval-ruhiyyəsi və psixoloji durumlarının yüksəlməsi baxımından da stimulverici rol oynayıb.
Gələcəyimizə qoyulan kapital: ARDNF və “intellekt titanları”
ARDNF-in xalqımız qarşısındakı ən mühüm xidmətlərindən biri də, onun təhsil sektoruna böyük vəsaitlər ayrıması, minlərlə tələbənin xarici ölkələrdə yüksək təhsil almasını təmin etməsi ilə bağlıdır. Xatırladaq ki, prezident İlham Əliyev 2007-ci ilin 16 aprel tarixində 2090 nömrəli sərəncam imzalayıb ki, bu sərəncam “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ARDNF və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşməsini nəzərdə tutur. Məhz bu proqram əsasında Böyük Britaniyada 960, ABŞ-da 97, Fransada 101, Cənubi Koreyada 35, Avstraliyada 84, Almaniyada 409, Sinqapurdsa 10 tələbənin təhsili maliyyələşdirilib. Bu ölkələrlə yanaşı Çin, Malayziya, Yaponiya kimi Uzaq Şərq ölkələrində də xeyli sayda azərbaycanlı gəncin təhsili təmin olunub. Qonşu ölkələrdən Rusiyada 125, Türkiyədə isə 731 gəncin təhsil almasına nail olunub ki, bu da ölkəmizin gələcəyi, onun tərəqqisi baxımından olduqca mühüm nailiyyətdir. Xatırladaq ki, prezident İlham Əliyev də öz çıxışlarında ən başlıca kapitalın insan kapitalı olduğunu vurğulayır, ölkəmizin tərəqqisi üçün bu kapitala hər şeydən daha çox önəm verməyin vacibliyinə diqqət çəkir. Bu baxımdan ARDNF-in gənclərimizin təhsilinə göstərdiyi qayğını ölkə başçısının bu mühüm tövsiyyəsinin ən yüksək səviyyədə gerçəkləşdirilməsi kimi də xarakterizə etmək mümkündür.
Dünyanı heyrətləndirən beynəlxalq layihələr: Nəhəng neft kəməri, möhtəşəm dəmir yolu xətti və daha nələr...
ARDNF suveren fond kimi yalnız ölkədaxili layihələrdə deyil, qlobal xarakterli beynəlxalq layihələrdə də yer almaqdadır. ARDNF-in bu müstəvidəki roluna aydınlıq gətirmək üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin məhz sözügedən qurum tərəfindən maliyyyələşdirilməsi faktına nəzər salmaq kifayətdir. Xatırladaq ki, uzunluğu 1767 km olan kəmərin 443 km-i Azərbaycanın ərazisindən keçir. ARDNF bu layihədə iştirak etmək üçün “AzBTC Co.” törəmə şirkətini yaradıb, əvvəlcədən əldə edilən razılaşmaya görə layihə iştirakçıları layihənin dəyərinin 30%-lik hissəsini öz vəsaitləri hesabına, qalan 70%-lik hissəsini isə beynəlxılq maliyyə institutlarının vəsaiti hesabına maliyyələşdirib. ARDNF ölkəmizin üzərinə düşən maliyyə yükünü qarşılamaqla layihənin vaxtında baaş çatmasını təmin edib. Onu da qeyd edək ki, ARDNF-nin bu layihənin maliyyələşdirməsi ulu öndər Heydər Əliyevin 30 iyul 2002-ci il tarixli fərmanı ilə tənzimlənir.
ARDNF Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin maliyyələşməsində də iştirak edib. Qeyd edək ki, adıçəkilən dəmir yolunun salınması ilə bağlı saziş 2007-ci ilin 7 fevral tarixində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanıb və uğurla başa çatdırılıb.
ARDNF Oğuz-Qəbələ-Bakı su kəməri, Neüft-Qaz və Neftkimya Kompleksinin tikintisi, Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi, “Cənub Qaz Dəhlizi”QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının və s. kimi layihələrin maliyyələşməsində iştirak edib.
Şəffaflıq nümunəsi və beynəlxalq miqyasda təsdiqlənən optimallıq...
ARDNF-in suveren fond kimi önəmini əks etdirən göstəricilərdən biri də onun yüksək şəffaflıq və hesabatlılığa malik olmasıdır. Belə ki, ARDNF tərəfindən həyata keçirilən hər bir maliyyələşmə prosesi ictimai nəzarət altında, yüksək şəffaflıqla həyata keçriilir ki, bu da adıçəkilən fondun beynəlxalq aləmdəki nüfuzuna da müsbət mənada təsir göstərir. Təsadüfi deyildir ki, ARDNF 2016-cı ildə Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondlarının Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 60 suveren fond arasında 4-cü yerə layiq görülüb. ARDNF bu gün də dünyadakı suveren fondlar aarsında ən şəffaf və hesabatlı fondlardan biri hesab edilir və ilk yerlərdə qərarlaşır.
Suveren fondlar maliyyə böhranına qarşı sipər rolunda
Suveren fondların əsas özəlliklərindən biri də onların maliyyə böhranlarına qarşı sipər rolunda çıxış etməsi, onlara qarşı mübarizədə mühüm rol oynaması ilə bağlıdır. Belə ki, suveren fondların maliyyə imkanı maliyyə böhranları zamanı dövlətə lazımi manevrlər etməyə, vəziyyəti nəzarətdə saxlamağa imkan verir. 2014-cü ildən etibarən dünyada başlayan itqisadi böhran fonunda bütün suveren fondların, eləcə də ARDNF-nin dövlətimiz üçün önəmi bir kəs daha üzə çıxdı. Yaranmış yeni vəziyyətə uyğun olaraq özünü daha da təkmiləşdirən ARDNF bütün dünya üçün çətin sayılan 2018-ci ili belə müsbət gəlirlilik səviyyəsi ilə başa vurmağı bacarıb. Hansı ki, həmin il dünyanın bir sıra qabaqcıl ölkələrindəki suveren fondlarda ciddi geriləmələr müşahidə edilib. Məsələn, Norveçin suveren fondu olan Dövlət Pensiya Fondunun 2018-ci il üçün gəlirliliyi -6,1%, Yeni Zelandiyada müvafiq suveren fondun gəlirliliyi isə -2,2% olub. ARDNF-in investisiya qoyuluşunu şaxələndirməsi onu iqtisadi-maliyyə böhranından uğurla çıxmasını təmin edib və faktiki olaraq antiböhran çətiri rolunu oynayıb.
“ARDNF-in ölkə iqtisadiyyatındakı rolu inkaredilməzdir”
Millət vəkili Vahid Əhmədov da ARDNF-in suveren fond kimi ölkə həyatındakı rolunun böyük olduğu qənaətindədir:
“ARDNF-in suveren fond kimi Azərbaycan iqtisadiyyatındakı rolu kifayət qədər böyükdür. Bu fond həm ölkə, həm də qlobal əhəmiyyətli bir sıra mühüm layihələrin maliyyələşməsində iştirak edib, bu layilərin gerçəkləşməsinə öz töhfəsini verib. Regional əhəmiyyətli bir sıra layihələrin maliyyələşdirilməsi məhz ARDNF-in adı ilə bağlıdır. Hansı ki, bu layihələr ölkəmizin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, onun beynəlxalq aləmdəki nüfuzunu da yüksəldib.
Onu da qeyd edim ki, ARDNF həm də gənclərin dünyanın qabaqcıl ölkələrində təhsil almasını maliyyələşdirən bir qurumdur. Məhz ARDNF-in dəstəyi sayəsində yüzlərlə azərbaycanlı gənc Qərbin qabaqcıl universitetlərində təhsil alıb, yüksək ixtisaslı kadrlar kimi formalaşıb.
Odur ki, ARDNF-in yarandığı gündən bu günə qədər həyata keçirdiyi layihələri olduqca yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu kimi fondların mövcudluğu ölkəmizin iqtisadi gücünə güc qatır, əhalinin sosial durumunun yaxşılaşmasına dəstək olur”.
Seymur ƏLİYEV
Məqalə Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Mətbuat Şurasının ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.