Müsahibə
3299
04 Mar 2019 | 11:08

"Görünən odur ki, bir sıra banklar yenə də kreditləri dollar ifadəsini əlavə etməklə verirlər"

Moderator. az  millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri  Əli Məsimlinin  Azərbaycan Prezidenti İlham Əliyevin  ölkədə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanının əsas məqamlarına  və həmin fərman veriləndən sonra ortaya çıxan suallara, mülahizələrə, eləcə də problemli kreditlər məsələdinin köklü surətdə çözülmasinə nail olmaqdan ötrü  zəruri olan əlavə tədbirə həsr olunmuş müsahibəsini oxuculara təqdim edir. 
        
- Əli müəllim, mətbuatdan məlum olduğu kimi, Siz problemli kreditlərlə bağlı  “Təkliflər Paketi”  hazırlayıb bir neçə il bundan öncə hökumətə, ötən il isə Prezidentə  təqdim edən və  bu ciddi məsələni  davamlı olaraq Milli Məclisdə, eləcə də mətbuatda qaldıran, bir sözlə problemin çözülmasinə daha çox səy göstərən  iki deputatdan biri olduğunuzdan, yəqin ki, ən çox siz sevinirsiz...Bu konteksdə  Prezidentin problemli kreditlərlə bağlı  fərmanını obyektiv dəyərləndilməsini necə görürsüz?
     
- Prezidentin problemli kreditlərlə bağlı fərmanı banka 10 min dollara qədər borcu olan şəxslərin  devalvasiyadan sonra yaşadığı problemlərin ədalətli şəkildə həllini özündə əks etdirən və  gerçəkdən ölkədə böyük rezonansa səbəb olmuş çox əhəmiyyətli  bir sosial layihədir. Problemli kreditlərin bütün ağırlığı əhalinin üzərində idi. Ona görə də əhalinin güzəranının yaxşılaşdırılması qarşısında  çox ciddi maneəyə çevrilmişdi. Dövlət bu fərmanla problemli kreditlərin əsas ağırlığını çox geniş miqyaslarda öz üzərinə götürməklə əhaliyə devalvasiyadan dəyən ziyanı özü ödəyəcək. Fərmanın ədalətli cəhətlərindən biri də budur ki, öz borclarını səliqə-sahmanla  ödəyib, bağlayan  şəxslər də itkiyə məruz qalmayacaq və devalvasiya nəticəsində əmələ gələn məzənnə fərqindən doğan artıq ödəmələr həmin şəxslərə qaytarılacaq. Bu baxımdan fərmanın önəmli cəhətlərindən biri odur ki, problemli kreditlərlə bağlı  cəmiyyətdə gedən diskussiyalar zamanı irəli sürülən çoxsaylı  təkliflərdən və beynəlxalq praktikanın ən yaxşı nümunələrindən yaradıcılıqla, çox əhatəli şəkildə istifadə edilməklə yanaşı, həm də bir sıra məqamlarına görə, həmin təkliflərdən də irəli gedilərək, xüsusən də devalvasiya nəticəsində manatın dollara nisbətdə 0,78 manatdan 1,70 manata qədər məzənnə fərqinin  maliyyə yükünün 92 qəpiyindən 85 qəpiyini, yəni 92 faizinin,dövlətin öz üzərinə götürməsi ilə, əhaliyə və banklara  daha artıq güzəştlər nəzərdə tutulur.
        
Bəli, çoxdan gözlənilən bu qərara görə və həm də bu dərəcədə sosal ədalətə əsaslandığından, yetərincə pozitiv  olduğuna görə təbii ki, deputat həmkarım Vahid Əhmədovla birlikdə biz daha çox sevinirik və elə bu fərman çıxan günü isti-isti televiziya çıxışlarımızda  dövlət başçısına təşəkkürümüzü ifadə etmişik.
         
Problemlli kreditlər əhalinin güzəranını pisləşdirən ciddi amillərdən biri olduğundan, bu fərmanın reallaşdırılması yüz minlərlə  ailənin  büdcəsinə müsbət təsir edəcək. Bu fərman say baxımından  banka borcu olan şəxslərin  90 faizindən çoxunu  sarsıdıcı bir maliyyə sıxıntısından azad edir. Banka borcu olanlardan  əlavə  kredit alanlara zəmanət verən 1 milyona yaxın  adam da borc tələsin düşərək əziyyət çəkir. Onların  da xeyli hissəsi bu bu fərmana aid  vətəndaşlara zamin duran insanlardır.  Bu baxımdan sözügedən fərmanın əsas əhəmiyyəti ondan ibarətdir ki, dövlət  2015-ci ilin  iki şok devalvasiyası nəticəsində yaranan məzənnə fərqini öz üzərinə götürməklə,100 minlərlə  insanı banka olan  əlavə borc yükündən azad edir, Borca görə yaranan  dəbbə pulları-peniya və cərimələr silinir.Əsas borcun qaytarılması işini isə ildə  26- 28  və daha  yüksək faizlə götürülən  kreditlərin yeni müqavilə əsasında ildə 1 faizli kredit hesabına ödənilməsini əmin etməklə vətəndaşların işini asanlaşdırır və beləliklə borclunu  gələcək risklərdən də qoruyur. Ona görə də çoxdan gözlənilən bu qərar həm əhalinin böyük bir kəsimi, həm banklar, həm də  dövlət üçün faydalıdır. 

        
- Bəs beynəlxalq praktikada problemli kreditlər məsələsinin həllində daha çox hansı üsüllardan istifadə olunur?
        
- Beynəlxalq praktikada da problemli kreditlər məsələsinin həlli  daha çox dövlətin aktiv roluna əsaslanır. Amma dövlət bu məsələdə öz  fəaliyyətini  daha çox  bankların likvidliyinin qorunub saxlanılmasınina yönəldir. Problemli kreditlərin idarə olunması üçün xüsusi qurumlar yaradılır, bu sahədə ixtisaslaşmış qurumlar da cəlb edilir və  açıq satışlar da daxil olmaqla problemli kreditlər balans dəyərinin 40 faizinindən 100  faizi intervalında olan qiymətlərlə satın alınır.Restrukturizasiya variantından geniş istifadə olunur. Lazım gələndə borcalanın müflisləşməsi mexanizmi də tətbiq edilir. Bununla belə onu da qeyd etmək lazlmdır ki,son illərin devalvasiyaları zamanı yaranan problemli kreditlərin kompleks həllinə yönəlik  sistemli tədbirləri  özündə əks etdirən sənədlərə rast gəlmək çətindir. Məlumatlar daha çox ipoteka kreditlərinə görə güzəştlərin edilməsi və  məhdud  dairədə borcların silinməsi, bir də prezident seçkiləri ilə bağlı verilən vədlərə uyğun olaraq  Gürcüstanda əhalinin problemli kreditlərinin silinməsinin maliyyə yükünün ağırlığını  iri kapital təmsilçilərinin öz üzərinə götürməsi variantı daha qabarıq görünür.

- Fərman verilsə də, onun ətrafında müzakirələr davam edir, ekspertlər fərqli  şərhlər verirlər və bir sıra aktual suallar da yaranaıb. Bununla bağlı sizə daha çox fərmanın hansı məqamları ilə bağlı suallar verilir?
     
- Çox vacib sualdır. Fərman çıxandan sonra daha çox verilən sual budur ki, Prezidentin problemli kreditlərlə  bağlı  fərmanı manatla olan kreditlərə də şamil edilirmi? Bəli, sözügedən fərman 10 min dollar kreditin manatla olan ekvivalentinə, yəni 17 min AZN-ə də şamil edilir.Amma milli valyutada olan kredditin  devalvasiya xərcləri olmadığından, məntiqi surətdə fərmanın restrukturizasiyaya həsr olunmuş 2-ci hissəsi,yəni bir il möhlət verilməklə 5 il müddətinə  güzəştli şərtlərlə illik 1 faizə kredit verilməsi, eləcə də dəbbə pullarının (cərimə,peniya) silinməsi nəzərdə tutulur.
         
İkinci daha çox verilən sual bu fərmanın 10 min dollardan artıq olan kreditlərə də şamil-edilib-edilməməsi ilə bağlıdır. 28 fevralda verilən fərmanda 10 min dollardan artıq olan kreditlərə kompensasiya verilmsi nəzərdə tutulmur.Amma islahatlar davam edir, fərmanda göstəriləndən artıq kreditlərə,xüsusən də  devalvasiya nəticəsində ağır duruma düşən kiçik və orta sahibkarlara da kömək etmək məqsədəuyğun olardı.
         
Üçüncü, insanlar ehtiyac üzündən bir neçə bankdan kredit götürüblər. Elə adamlar var ki,birinci krediti bağlamaq üçün digər banklardan da kredit alıb.Beləliklə  bir neçə banka borcu yaranıb.Bu halda da fərman yalnz bütün borcların cəmi olaraq 10 min dollar kreditə və onun  manatla olan ekvivalentinə, yəni 17 min AZN-ə də şamil edilir. Vətəndaşa verilən kompensasiya isə 5 min dollar,yəni indiki məzənnə ilə 8500 manat olacaq.Vətəndaşın borcu artıq bağlanıbsa,həmin pul vətəndaşın hesabına köçürülməklə ,ona veriləcək, borcu qalıbsa, həmin pul borcun əsas hissəsnin bağlanması üçün banka,artıq qalan məbləğ yaransa,onda  həmin artıq hissə  vətəndaşa veriləcək.
         
Dördüncü qəbildən olan  suallar isə fərmanın icrası ilə bağlıdır. Bu məsələ Fərmanda öz əksini tapıb: Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə 1 ay müddətində,yəni martın sonlarından geç olmayaraq, restrukturizasiya olunmalı,yəni  əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi məqsədi ilə kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edəcək. Eyni zamanda martın sonlarına qədər  məhkəmədə olan işlərin geri çağrılması tamamlanmalıdır.10 min dollara(17 min manata) qədər borcu olanların xarici ölkələrə çıxışını məhdudlaşdıran qadağaların da götürülməsi  gözlənilir. Hər bir vətəndaşa veriləcək  kompensasiyanın  məbləği 45 gün müddətində, yəni  aprelin ortalarınadək   məlum olacaq. Vətəndaşlara kompensasiyalar isə 3 ay müddətinə, yəni  bu ilin   may ayının  28-dək ödəniləcək. May ayının 28-i isə Azərbaycan tarixinin  çox möhtəşəm bir  tarixi gününə- Demokratık Cümhuriyyətimizin  yaranmasının 101-ci ildönümünə düşür.

- Bayaq  qeyd etdiyimiz kimi, problemli kreditlərlə bağlı fərman ətrafında  xeyli əlavə fikir və rəylər yaranıb.Bu baxımdan problemli kreditlər məsələsinin  köklü surətdı həll etməkdən ötrü daha nələr edilməlidir? 
       
- Sualınıza ümumiyyətlə yanaşdıqda, Azərbaycanda problemli kreditlər məsələsinin etibarlı şəkildə həll etməkdən ötrü, hər şeydən əvvəl bank sistemində əsaslı islahatlara gedib bir sıra banklar üçün xarakterik olan bank soyğunçuluğunu   aradan qaldırmaq lazımdır. 
         
Suala Prezidentin problemli kreditlərlə bağlı fərmanı kontekstindən yanaşdıqda isə  öncə onu demək lazımdır ki, Prezidentin problemli kreditlərlə bağlı  fərmanı mahiyyət etibarı ilə  xalqın və bankların xeyrinə olan cox zəruri və ciddi sənəddir. Bu fərman problemli kreditlər məsələsinin ədalətli həllinə  hüquqi yol açdı. Bundan sonra qarşıda  müvafiq  hüquqi-normativ aktlar və təşkilatı tədbirlər kompleksi  vasitəsilə həmin fərmanın reallaşdırma mexanizminin hazırlanması, daha sonra isə 3 ay ərzində  onun layiqincə gerçəkləşdirilməsi məsələsi gəlir. 
         
Əvvəla, bizə verilən sullardan hiss edirik ki,fərmanın yazılış dili ağır olduğundan, əhalinin  bu fərmanı sonacan razılılıqla  qarşılamasından ötrü, onun əsas məğzini və müddəalarını xalqa  sadə dildə izah etmək lazımdır ki, həmin sənəd banka kredit borcu olan insanlara necə təsir edəcək və nə dərəcədə kömək edəcək.
         
İkincisi, yəqin ki, Maliyyə Nazirliyində başlanıldığı kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər aidiyyatı qurumaların da  internet portalında xüsusi bölmə yaradılacaq və həm əhalinin qaldırdığı suallara aydın cavablar veriləcək. Bu zaman həm də əhalinin müraciətləri sistemləşdirilməli və aktual  məqamlar  fərmanın reallaşdırılma mexanizmi hazırlanarkən bu sənədin imkan verdiyi parametrlər dairəsində nəzərə alınmalıdır. Fərmanın nəzərdə tutulan səviyyədə   həyata keçirilməsi, əhalinin borc bataqlığından çıxarılmasında ağırlıq mərkəzinin vətəndaşların üzərindən götürülməklə dövlətin,bankların və əhalinin birgə səylərinin effektiv kombinasiyasını tələb edir.  Fərmanın reallaşdırma mexanizmi və  bilavasitə gerçəkləşdirilməsi ondan süni bəhrə götürmək cəhdlərindən, idarə maraqlarından kənar olmaqla dolğun şəkildə,maksimum səmərəli,insanları razı salan tərzdə  həyata keçirilməli,siyahılar düzgün hazırlanmalı və  əhaliyə  kompensasiya verilməsi işi nəzərdə tutulan  müddətdə  tamamalanmalıdır ki,  Prezidentin bu məsələyə növbəti dəfə müdaxilə etməsinə ehtiyac yaranmasın. 
       
Üçüncüsü, bu  fərman  800 mindən artıq insanı əhatə edir.Əgər nəzərə alsaq ki,Azərbaycanda orta statistik ailə 5 nəfərə yaxındır,onda  bu fərmanın gerçəkləşməsi ailə büdcəsinə müsbət təsir etməklə, borcalanla yanaşı, ailənin digər üzvlərinə  də pozitiv  təsir edəcək.Bununla belə Fərmanda təbii surətdə yazılır ki, kompensasiya borcalana ödənilir. Ancaq elə borcalanlar var, bank qarşındakı öhdəliyini vaxtlı-vaxtında yerinə yetirməyə maddi imkanı tükəndiyindən, banklar təkcə onun yox, eyni zamanda həm də ona zamin duran şəxsin də  əmək haqqı kartına əl qoyub və beləliklə həmin adamın borcunun çox hisəsini  ona  zamin duran şəxs ödəyib. Sosial ədalət prinsipi əsasında hazırlanan fərmanın  reallaşdırılması zamanı belə bir  ciddi məsələ açıq  qalıb, ədalətsizlik yaratamasın deyə, belə hallara zaminlik müqaviləsi və digər işlək mexanizm yaratmaq əsasında baxılıb həll edilməsini zəruri hesab edirik. 
      
Dördüncüsü, hazırda problemli kreditlər  1,6 milyard manata yaxın olub, kredit portfelinin  12 faizini təşkil edir. Əvvəla bu sahədəki statistika dəqiqləşdirilməlidir. 28 fevral tarixli fəramanın reallaşdırılması 1, 6 milyard manata yaxın problemli kreditlərlərin hamısının yox, onun xeyli  hissəsinin problemini həll etmiş olacaq. Ötən ilin sentyabrında Konstitusiya Məhkəməsi real vəziyyəti təhrif edən qərar verdi ki, devalvasiya - şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsi deyil, buna görə də banklar güzəştə getməli deyil. Həmin qərar da nəzərə alınaraq 28 fevral fərmanı ilə dövlət konüllü olaraq məzənnə fərqini üzərinə götürdü. Amma görünən odur ki,bir sıra banklar yenə də məişət texnikası,insanların ölkə daxildində müalicəsi və sair məqsədlərlə aldığı kreditlərə, forması bir qədər dəyişdirilmiş variantlarda yenə də dollar ifadəsini də əlavə etməklə verirlər. Ona görə də elə bir mexanixm yaratmaq lazımdər ki,28 fevral tarixli fərmanın reallşadırılması, həm 10 min dollara qədər olan kreditlər problemini həll etsin,həm də vətəndaşları “manat/ dollar  məzənnə oyunu”nun  gələcək risklərindən  qoruya bilsin.  Bundan ötrü Konstitusiya Məhkəməsinin problemli kreditlər məsələsində real vəziyyəti təhrif edib, sırf  maliyyə oliqarxiyasının xeyrinə  çıxardığı qərarları da islah etmək lazmdır ki,  kredit məsələsində vətəndaşlardan əlavə banklar da adekvat məsuliyyət daşımış olsunlar.Çünki problemli kreditlərin xeyli hissəsini banklar özləri yaratsa da və Konstitusiya Məhkəməsinin məlum qərarı risklərin bölüşdürülməsində kommersiya banklarını məsuliyyətdən kənarda saxlayır. Çətin olsa da, mümkün olmayan şey yoxdur prinsipindn çıxış edib, həmin qərara yenidən baxılmasının hüquqi mexanizmin tapılması məqsədəuyğun olar.Yeri gəlmişkən, otən ilin sentyabında problemli kreditlər məsələsinə dair Konstitusiya Məhkəməsinin çıxardığı qərara KM-in  hakimi İsa Nəcəfovun  dövlətçilik və  kredit məngənəsində sıxılan xalqın yanında olan mövqeyi  bu məsələyə xeyli aydınlıq gətirir: “Xüsusi rəydə bildirilib ki, Konstitusiyanın 16-cı və 149-cu maddəsinə əsasən, vətəndaşın devalvasiyadan sonra bankdan müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsini tələb etmək hüququ var. Bank bu müraciətə məhəl qoymadıqda, vətəndaş məhkəməyə müraciət edərək müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsini tələb edə bilər. Mülki Məcəlləinin 422-ci maddəsində nəzərdə tutulub ki, şəraitin əhəmiyyətli dəyişilməsi nəticəsində tərəflər bağlanmış müqavilənin şərtlərini dəyişdirə, yaxud ləğv edə bilərlər. 
         
28 fevral fərmanı problemli kreditlərin həlli yolunda çox ciddi və zəruri addımdır.Amma bu fərman yalnız 10 min dollar(17 min manata) qədər olan kredit borclarından artıq olan borclara şamil edilmir. Hüquqi şəxslərin,biznes strukturlarının probelmi kreditlərinin həlli zamanı fərqli yanaşma tələb olunacaq. Amma Konstitisiya Məhkəməsinin çıxardığı qərar ədalətli qərarlar verməyə mane ola bilər.Ona görə də bu fakt da sözügedən məsələyə yenidən baxılmasını zəruri edir. 
       
Bununla bağlı digər vacib məqam da var: sözügedən fərman 10 min dollar və 17 min manata qədər   olan borclarla bağlı məsələni həll etsə də,  daha iri digər borclar  yenə də sahibkarların və vətəndaşların üzərində qalmaqda davam edir.  Ona görə də ümumiyyətlə problemli kreditlər məsələsinin köklü həllinin mükəmməl bir  normativ-hüquqi bazasının yaradılmasına ehtiyac var. Bu baxımdan  “Problemli kreditlərlərin restrukturizasiyası” haqında qanunun hazırlanıb qəbul edilməsinin vacib hesab edirik. Bundan əlavə Mülki Məcəllədə və digər qanunlarda kreditlərlə bağlı hissəslər Azərbaycan Konstitusiyasının  milli valyuta ilə bağlı mövqeyini birmənalı ifadə edən vəziyyətə gətirilməkdən ötrü yenidən işlənib birmənalı şəkildə anlaşılan hala salınmalıdır ki, bundan sonra heç vaxt Konstitusiya Məhkəməsinin 2015-ci ilin mayında və 2018-ci ilin sentyabrında bankların xeyrinə çıxardığı və bu fərmandan sonra da qüvvədə olan  şərh və  qərarlarına yer  qalmasın. 
       
Beşincisi, problemli kreditlərin sürətlə artmasının və bu vəziyytə gəlib çatmasının əsas səbəbi 2015-ci ilin 2 şok devalvasiyası olsa da, onun mürəkkəbləşdirilib,əhalinin  borc tələsinə salınmasının bir sıra nüansları həm də  kredit verilərkən valyuta seçimi və məzənnə məsələsində əhalinin bu sahədə lazımı səviyyədə bilgilərinin olmamasında sui istifadə edən bankların manipulyasıyaları oldu. Bu hal devalvasiyadan sonra indiyədək yeni bağlanan kredit müqavilələrində də yer alır. Ona görə də “İstehlak kreditləri” haqqında qanun da qəbul edilməsini zəruri sayırıq ki,bu sahədə də qətiləşdirilmiş bir hüquqi baza  yaransın ki, banklar bir də vətəndaşlara məişət texnika və avadanlıqları almaq,ev təmir etdirmək, xəstəsinin Azərbaycanda müalicə xərclərini qarşılamaq və sair bu kimi məsələrə dollarla kredit vermək kimi absurd yollara əl ata bilməsin.
       
Altıncısı, bu fərmanın reallaşdırılması bütün bankların tam sağlaşdırılmasına gətirib çıxarmasa da,hər halda bankların likvidliyini artırmaqla onların durumuna müsbət təsir göstərəcəyi şəksizdir. Banklar illik 0,1 faizlə,yəni əslində faizsiz  güzəştli kredit əldə edəcəklər. Banklar onlara veriləcək  682 milyon manat kredit və 215 milyon dollarlıq qiymətli kağızlar, xüsusən də dövlər dəstəyi hesabına əhalidən borclarını  geri almaqla maliyyə imkanlarını xeyli yaxşılaşdıracaqlar. Bu yöndə ən  vacib məqamlardan biri də budur ki, fərmanın reallaşdırəlmasına yönəldilən böyük maliyyə resursları və onun multiplikativ effekti hesabına həm də müəyyən dərəcədə ucuz kredit resurları yanacaq  Bu baxımdan  banklar   faiz dərəcələrinin aşağı salınmasına yönəlik və deməli bu əsasda həm də  bankların  iqtisadiyyatın real sektoru ilə əlaqələrinin gücləndirilməsi istəqamətində səylərinin artırılmasını  zəruri hesab edirik.
         
Yeddincisi, problemli kreditlərlə bağlı fərmanı reallaşdırarkən çalışmaq lazımdır ki,onun gerçəkləşdirilməsindən yarana biləcək yan effektlər  pozitiv effeklərin əhəmiyyətinə xələl gətirməsin. Belə ki, bu fərmanın  reallaşdırılması 3 aydan  sonra   dövriyyəyə əlavə pulların  daxil olmasına səbəb olacaq. Mart  ayından etibarən isə  maaşların artmağa başlaması da dövriyyəyə əlavə pulların  daxil olmasına səbəb olacaq. Həmin məbləğlər qısa zaman kəsiyində daxil olsa, inflyasiya təzyiqini real inflyasiya çevirə bilər. Amma həmin məbləğlər pərakəndə əmtəə dövriyyəsinin 3 faizi ətrafında  bir rəqəmi təşkil etdiyindən, gözlənilən təzyiq daha çox psixoloji amillə bağlı olacaq və bu da dediyimiz  təbii qiymət artımından əlavə, həmişə olduğu kimi bu dəfə də süni qiymət artımı da yarada bilər. Ona görə də aidiyyatı qurumlar əllərində olan rıçaqlardan səmərəli istifadə etməklə suni qiymət artımın qarşısının alınması istiqamətində təsirli tədbirlərin görülməsini zəruri hesab edirik.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər