Bizi sosial şəbəkələrdən izləyin:
Son zamanlar qidaların içindən tez-tez yad maddə çıxması kimi xəbərlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bir neçə gün öncə vətəndaş İlhamə Həsənova da aldığı çörəyin içindən çıxan maddəyə görə, özünün və övladının zəhərləndiyini bildirib.
Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, rəhbəri olduğu qurumda bu cür çörəklərin kolleksiyası var:
“Bizim ofisimizdə çörəyin içindən çıxan malların kolleksiyası var. Çörəyin içindən bolt, dırnaq, dəmir və digər maddələr çıxıb. Çörək istehsalı zamanı əgər ora kənar cisim düşürsə, bu o deməkdir ki, orda heç bir sanitariyadan danışmaq olmaz. Məni bir çörək zavoduna dəvət etmişdilər və gedib gördüm ki, orda qadınlar başları açıq, qulaqlarında sırğa xəmir edirlər. Dedim ki, bunlar xəmirin içinə düşə bilər. Ona görə də burda işləyən insanlar xüsusi geyimdə olmalıdır”.
Qurum rəsmisi çörəyin qiymətinin qalxması məsələsinə də toxunub:
“Çörəyin qiymətinin qalxması ilə bağlı bizə bir neçə yerdən zəng gəlib. Bunu hardansa eşidiblər, amma bu real deyil. Hökumətin bu sahədə səhv siyasəti var, onun funksiyası qiymətə nəzarət etmək yox, bolluq yaratmaqdır. Cənab prezident bu barədə dəfələrlə deyib. Qanunlar boş olan yerdə bu cür hallar baş verə bilər. O ki, qaldı dövlət orqanlarının çörəyin qiymətinə müdaxiləsi qeyri-qanunidir. Dövlət tərəfindən tənzimlənməyən qiymətlərə dövlət orqanları müdaxilə edə bilməz. ”.
Vasif Əlihüseyn