Bizi sosial şəbəkələrdən izləyin:
Paytaxtda fəaliyyət göstərən “Judo Club 2012” idman kulubunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə şəxsi-komanda turniri keçirilib.
Moderator.az xəbər verir ki, iki gün davam edən klubdaxili turnurdə 150-yə qədər idmançı öz qüvvəsini sınayıb. İdman kulubunun icraçı direktoru, əməkdar məşqçi, cüdo və sambo üzrə SSRİ idman ustası, veteran ustalar arasında beynəlxalq yarışın mükafatçısı Hafis Hacıyev bu barədə məlumat verərkən deyib: “Ulu öndər Heydər Əliyevin xatirəsi hər birimiz üçün əzizdir. Dahi rəhbərimiz gənc nəslin həm mənəvi, həm də fiziki cəhətdən sağlam böyüməsinə xüsusi qayğı göstərirdi. Onun yaratdığı ənənələr yaşayır və inkişaf etdirilir. Azərbaycan bu dün dünyada idman ölkəsi kimi tanınır. Biz də ölkəmizin idman şərəfini layiqincə qoruya biləcək idmançılar yetişdirməyə çalışırıq. Ulu öndərin anım günü ərəfəsində keçirdiyimiz turnirdə məqsədimiz perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək və klubun müxtəlif yaş qrupları üzrə komandalarının tərkibini komplektləşdirmək idi”.
Turnir hərəsində 10 çəki dərəcəsi olmaqla üç yaş qrupu üzrə (2005-2006-cı, 2007-2008-ci və 2009-2011-ci il təvəllüdlü) keçirilib. Turnir şəxsi-komanda xarakteri daşıdığından idmançılar şərti olaraq 3 komandaya bölünüblər: “Canavarlar” (məşqçilər Məmməd Məmmədov, Tahir Xəlilov və Vüqar Budaqov), “Şahinlər” (məşqçilər Qeybulla Əliyev, İlham Cəfərov), “İppon” (məşqçilər Zaur Paşayev, İntiqam Ələkbərov). Şəxsi yarışların nəticələrinə görə komanda hesabında “Canavarlar” birinci yeri tutublar.
Xatırladaq ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta veteranlar arasında dəfələrlə dünya və Avropa çempionatlarının qalibi, əməkdar idman ustası Azər Əsgərov rəhbərlik etdiyi “Judo Club 2012” İctimai Birliyinin nəzdində yaradılmış eyniadlı klub qısa vaxtda respublikamızın idman həyatında öz diqqətlayiq göstəriciləri ilə tanınmağa nail olub. Bu yaxınlarda başa çatmış böyüklər arasında cüdo üzrə respublika birinciliyində klubun üzvləri yüksək nəticələri ilə fərqləniblər. Komanda hesabında “Judo Club 2012” respublika birinciliyində üçüncü yeri tutub.