Unudulmuş Şəhriyar Parkı...
Cəmiyyət
3945
25 Oct 2018 | 14:21

Unudulmuş Şəhriyar Parkı...

Bu yazıya oktyabr ayının 22-də Moderator.az portalında “Təbriz gecələri, Şəhriyarın məzarı və unutduğumuz Xətai” adlı məqaləni oxuduqdan sonra dərhal başladım. Bütün Azərbaycan xalqı, onun ziyalıları, gəncləri görkəmli şairimiz Məmmədhüseyn Şəhriyarı çox uca tutur, onu sevir, şeirlərini, xüsusilə “Heydər Babaya salam” poemasını, bütünlükdə olmasa da ayrı-ayrı parçalarını əzbər bilirlər. İran-İslam Respublikasına, xüsusilə qəlbimizin bi parçası olan Cənubi Azərbaycana, onun paytaxtı gözəl Təbriz şəhərinə gedən hər bir şəxs özlərinə borc bilirlər ki, “Şairlər məqbərəsinə” gedib görkəmli Azərbaycan şairləri Xəqanini, Fələkini, Şəhriyarı və digər şairlərin məzarlarını ziyarət etsinlər. Məqaləni yazan şəxsin və səfər yoldaşlarının da bu məqbərəyə gedib unudulmayan şairlərimizin məzarlarını yad etmələri və ətraflı səfər təəsüratları çox təqdirəlayiqdir.
Mən, bu gözəl, unudulmaz, səmimi söz ustadı Şəhriyara yaşadığım Nərimanov rayonunun İcra Hakimiyyəti məmurlarının münasibəti barədə bildirmək istəyirəm. 1970-ci ildən mən indiki Şəhriyar, əvvələr isə Dzerjinskinin adını daşıyan parka yaxın ərazidə yaşayıram. Bu park o illərdə çox qələbəlikli, adamların, xüsusilə uşaqların sevdikləri məkan idi. Burada xeyli sayda attraksionlar, istirahət üçün guşələr, fəvvarə və göl var idi. Parka yaxın ərazilərdəki məktəblərin şagirdləri burada, xüsusi tikilmiş estrada sahəsində konsertlər verir, ədəbi-bədii səhnəciklər göstərirdilər. O vaxtkı rayon rəhbərləri partiya qarşısında daha çox yararlanmaq üçün parkın ən görkəmli yerində sovet dövlətinin vuran əli olan Dzerjinskinin 5-6 metr hündürlüyündə olan heykəlini ucaltmışdılar. Parkda yaşlı, ahıl adamların istirahəti üçün xüsusi bir guşə də ayrılmışdı. Burada onlar söhbət edir, nərd, şahmat oynayıb istirahət edirdilər.xa0
Lakin sovetlər quruluşu çökən ərəfədə və sonrakı ilk illərdə, təsərrüfatın bütün sahələrində olduğu kimi mədəniyyət, istirahət guşələri də özəlləşdirilməyə başlandı. Istirahət parkları baxımsızlığa məruz qaldılar. O vaxt da bu istirahət parkının sahəsi bir neçə hissələrə bölünüb, restoranlara, çayxanalara çevrildi. “Şuşa”, “Bakı”, “Çanaqqala”, restoranları parkın sahələrində yarandı. Dzerjinskinin heykəli götürüldü. Parkın ortasında “Gənclik” metrostasiyasından aşağı Xətai küçəsinədək geniş avtomobil yolu salındı. “Çanaqqala” restoranı parkdan ayrılıb sağ tərəfdə qaldı. İnsaf naminə demək lazımdır ki, “Şuşa” və “Bakı” retsoranlarının sahibləri bu iaşə müəssisələrinin ətrafında yaşıl ağac və kolluqları salıb, səliqə-səhman yaradıblar. Əhalinin istirahəti üçün qalan əsas sahə isə demək olar ki, baxımsız, kustar üsulla əhatələnən çayxanalar, köhnə attraksionlar, sınıq-salxaq skamyalar, yeganə quru fəvvarə dairəsi, parkın arxa tərəfi isə tör-töküntülərlə, zibil ilə örtülmüş sahələrə çevrilib. Bu parkdakı vəziyyəti görən insanlar, uşaq və qocalar axır illərdə demək olar ki, bura az gəlirlər. Biz görmüşük ki, bir istirahət parkında bir və ya iki çayxana olar, gəlin bu parkı gəzin, görün burada neçə çayxana var. Düzünü təyin edə bilmədim ki, burada ya 5 ya da 6 çayxana var. Onlardan biri isə lap köhnə dədə-baba üsulunda, öz sahəsini adi həsirlə bağlayıb. Bu günlərdə burada olarkən mərkəzi yolda kanalizasiya sisteminin pozulması səbəbindən çirkab sular quyudan çıxıb ətrafa tökülürdü, attraksiona nəzarət edən şəxs kürəklə ora torpaqla sədd çəkdiyini gördüm.
Bu nöqsanları yazmaqda əsas məqsədim bu böyük şairimizin adını daşıyan parkdakı vəziyyətə Nərimanov rayonunun İcra Hakimiyyəti rəhbərlərinin diqqətini cəlb etməkdir. Yaxşı ki, 5 saylı marşrutla işləyən avtobuslarda gedən sərnişinlər avtobusla bu parkın yanındakı dayanacağa yaxınlaşdıqda “Şəhriyar” parkının adı çəkilir. Yoxsa heç kəs bilməz ki, bu park Şəhriyarın adını daşıyır. Bu məmurlar niyə bu böyük şairin adını daşıyan parka belə biganə münasibət göstərirlər.xa0
Çox yaxşı yadımdadır, ümummilli liderimiz rəhmətlik Heydər Əliyev Bakı şəhərinin daha da abadlaşdırılmasını, yaşıllığın artırılmasını, insanların istirahəti üçün bütün imkanlardan istifadə edib, yeni istirahət parkları və guşələrinin yaranmasını çox vacib sayırdı. Onun bu arzularını çox ehtiram və diqqətlə davam etdirən Prezidentxa0 cənab İ.H.Əliyev keçən 15 ildə Bakı şəhərini dünyanın ən yaraşıqlı şəhərinə çevrilməsi üçün çox böyük işlər görmüş, xeyli mühəndis-texniki yol infrastrukturaları salınmış, yeni möhtəşəm parklar salınmış, Dənizkənarı bulvar isə dünyanın ən gözəl istirahət guşəsinə çevrilmişdir.xa0 Cənab Prezident bir çox çıxışlarında Bakı şəhəri və onun rayonlarının icra başçılarına tapşırmışdır ki, harada imkan yaradılırsa orada insanların istirahəti üçün bağçalar, guşələr salınsın. Onun bu tapşırıqları əsasında Bakı şəhərinin bir çox rayonlarında yeni parklar, bağ və yaşıl guşələr yaradılmışdır. Şəhriyar adına park Nərimanov rayonu İcra Hakimiyyətinə çox yaxın məsafədə yerləşir. Məyər indiyə qədər rayon rəhbərlərinin bura yolu düşməyib, buradakı “səliqə-səhmanı” görməyiblər? Bu çox acınacaqlı haldır. Mən bir ağsaqqal ziyalıdan eşitmişəm ki, qabaqlarda da bu məsələ qaldırılıb, ancaq Nərimanov rayon İcra Hakimiyyətinin rəhbər məmurları parkın Mədəniyyət və Turizm Nazirliyinin balansındadır deyə, məsələni öz üzərlərindən atmışlar. Mən söz tapa bilmirəm, doğrudur sovetlər vaxtında belə parklar “Mədəniyyət və istirahət parkları” kimi bu nazirliyin balansında olub, çünki bu parklarda müntəzəm olaraq konsertlər, müxtəlif mədəni tədbirlər keçirilirdi. İndi isə vəziyyət tamam dəyişilib. Parklarda demək olar ki, heç bir mədənii tədbir keçirilmir. Ancaq istirahət guşəsi kimi fəaliyyətioni davam etdirir. Odur ki, bu parklar ərazilərində olduqları rayon İcra Hakimiyyətinin xidmətinə keçirilib. Həqiqətən də hər hansı bir rayonda belə problem yarandıqda heç kəs nazirlikləri, dövlət komitələrini yada salmırlar. Hamı bu rayonun sahibi, yəni İcra Hakimiyyətini qınayırlar. Bəs onda niyə Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərləri bu məsələdən boyun qaçırırlar.xa0
Çox yerinə düşərdi ki, Təbriz və Həsənbəy Ağaoğlu küçələrinin kəsişdiyi yerdə, yəni bu parkın künc seqmentindəki bir-iki kiçik obyektləri ləğv edib orada görkəmli Azərbaycan şairi Məmmədhüseyn Şəhriyara heykəl ucaldaydı. Bu bizim, çox yaxşı iqtisadi-siyasi və mədəni əlaqələr qurduğumuz İran-İslam Respublikasına olan rəğbətimizin, xüsusilə orada Cənubi Azərbaycanda yaşayan 30 milyon nəfərdən çox azərbaycanlı bacı-qardaşlarımıza olan məhəbbətimizi bildirəcək bir tədbir olardı. Yəqin ki, “Heydər babaya salam” mahnısının, o Vətən niskili ilə yaşayan mərhumə xalq aktrisası Rübabə Muradovanın ifasındakı yanıqlı avazı, mahnının ruhuna hopmuş, Şəhriyarın eyni adlı poemasından olan beytləri bizim musiqisevərlər heç vaxt yaddan çıxarmayıblar. Mahnının müəllifinin adını unutduğuma görə üzr istəyirəm. Şeirdən bir parçanı isə yaxşı xatırlayıram:

“Heydər Baba ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda
Salam olsun şövkətizə, elizə.”

Görün nə qədər şirin, səmimi sözlərdir. Bunlar doğma ata-baba yurdunu xatırlayan şairin qəlbindən qopan misralardır.xa0
Heykəl məsələsini qoyduqda yadıma paytaxtımızda axır 15-20 ildə Ümummilli liderimiz mərhum Heydər Əliyevin və Prezident cənab İ.H.Əliyevin təşəbbüsü ilə ucaldılan bir çox xarici millətlərdən olan görkəmli şəxslərin abidələri yadıma düşdü. Bunları göstərmək yerinə düşərdi.
Hökumət evi ərazisində, Puşkin küçəsinin başlanğıcındakı guşədə dahi rus şairi Aleksandr Puşkini, Səməd Vurğun və A.Bakıxanov küçələrinin kəsişdiyi guşədə,xa0 Türkiyə Səfirliyinin qarşısında böyük sərkərdə və siyasi xadim, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün, Azadlıq prospekti “Dostluq” kinoteatrı ilə üzbəüz guşədə Ukraynanın böyük şairi Taras Şevçenkonun, yenə də Azadlıq prospekti ilə Süleyman Rəhimov küçəsinin kəsişdiyi guşədə serb xalqının istedadlı oğlu, dahi ixtiraçı, elektrotexnikanın atası Nikola Teslanın, 8-ci mikrorayonun başlanğıcı, Azadlıq prospekti ilə kəsişən yerdəki guşədə görkəmli çex bəstəkarı və dirijoru Antonin Dvorjakın ucaldılmış heykəlləri dövlətimizin bu ölkələrlə olan yaxşı, iqtisadi-siyasi və mədəni əlaqələrinin rəmzidir. Odur ki, görkəmli Azərbaycan şairi M.Şəhriyarın yuxarıda göstərilən ərazidə heykəlinin qoyulması çox yaxşı, həm də tarixi bir hadisə olardı.xa0
Bununla yazımı bitirərək çox hörmət bəslədiyim və daimi oxucusu olduğum Moderator.az saytının rəhbərliyindən xahiş edirəm ki, yazıda qoyulan problemi Nərimanov rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyevin nəzərinə çatdırmaqla yanaşı problemin icrasına qədər redaksiyanın nəzarətində saxlanılsın.

Dərin hörmətlə,
Əhməd Kazımov, mühəndis, qocaman əmək veteranı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər