Xarici İşlər Nazirliyindən Moderator.az-a  TƏŞƏKKÜR...
Siyasət
3580
01 Mar 2018 | 14:59

Xarici İşlər Nazirliyindən Moderator.az-a TƏŞƏKKÜR...

Xəbər verdiyimiz kimi, fevralın 26-da -Xocalı soyqırımının  26-cı ildönümündə  Moderator.az-da  yaydığımız məlumatda fevralın 24-dən apardığımız müşahidələrə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında Xocalı soyqırımıyla bağlı əsas linklərin  faciənin anım günündə belə,  fəaliyyət göstərməməsi haqda yazmışdıq. 

Ertəsi gün–fevralın 27-dəki müşahidələr isə göstərdi ki, XİN saytında qeyd edilən nasazlıq aradan qaldırılıb. Yəni artıq Xocalı ilə bağlı bütün linklərə problemsiz açıb baxmaq olur: (bax://www.mfa.gov.az/content/795).


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Moderator.az redaksiyasına telefon açaraq  XİN-in rəsmi saytında yaranmış problemlə bağlı vaxtında xəbərdar etdiyimizə görə rəsmisi olduğu qurum adından saytımıza dərin təşəkkürünü çatdırdı. H.Hacıyev problemin məhz Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində və anım günündə, yəni fevralın 26-da yaranmasının məqsədyönlü düşmən təxribatı olmasının mümkünlüyünü də vurğulayaraq bu yöndə müvafiq qurumlarla birgə araşdırma aparıldığını söylədi.

“Biz ötən cümə günü- fevralın 23-də XİN-in rəsmi saytının Xocalı soyqırımı ilə bağlı linklərində yenilənmə aparmış, soyqırımı son dövrlərdə tanımış iki dövlətin- Paraqvay və Cibutinin də adını müvafiq siyahıya əlavə etmişdik. Sadəcə,  istirahət günləri –fevralın 24-25-də, eləcə də  bazar ertəsi –soyqırımın anım günü özüm də daxil olmaqla əksər əməkdaşlar Xocalı qətliamıyla  bağlı ölkə və xaricdəki tədbirlərdə iştirak etdiyimizdən saytda yaranmış texniki problem diqqətimizdən yayınıb. Türkiyə telekanallarında canlı yayımda olduğumdan bəzən telefon zənglərinə də cavab verə bilməmişik. Amma bu haqda Moderator.az-dan məlumat alan kimi dərhal müdaxilə edib problemi aradan qaldırdıq. Buna görə sizlərə öz təşəkkürümüzü çatdırırıq...”-deyə nazirlik rəsmisi açıqlamasında bildirdi.

XİN mətbuat xidmətinin rəhbəri Moderator.az saytının Azərbaycanın işğalaltındakı torpaqlarına qanunsuz səfərlər, eləcə də həmin ərazilərdə xarici dövlət və ya şirkətlər tərəfindən aparılan qeyri-qanuni istismar, tikinti-abadlıq işləri və s. haqda operativ xəbər və araşdırma yazılarını da diqqətlə izlədiklərini,təqdir etdiklərini və çox zaman həmin məlumatlardan faydalandıqlarını da bildirdi.  Qurum rəsmisi bu sahədəki işlərdə saytımızla  əməkdaşlıqdan məmnun və maraqlı olduqlarını da ifadə etdi.

P.S. Bu cür olaylar bir daha  göstərir ki, torpaqları işğal altında olan bir ölkə vətəndaşları olaraq nəinki hərbçilərimiz, eləcə də məmurlar, texniki  əməkdaşlar, o cümlədən jurnalistlər də informasiya müharibəsinin, kiber-hücumların vüsət aldığı bir şəraitdə hər bir informasiyaya, cüzi problemlərə, nasazlıqlara belə və s. qarşı  həssas olmaqla özlərini səngər başındakı kimi hiss etməlidirlər...

Sultan Laçın 
Link kopyalandı!
Son xəbərlər