“İdrak” liseyi “Media dərs” layihəsini təqdim etdi  - FOTO/VİDEO
Cəmiyyət
4164
28 Dec 2017 | 22:13

“İdrak” liseyi “Media dərs” layihəsini təqdim etdi - FOTO/VİDEO

Müasir dövrdə təhsilin yeniləşməsi günümüzün ən vacib tələblərindəndir. Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin yüksək səviyyədə təşkilinə nail olmaq üçün yeni təlim texnologiyalarından istifadə sahəsində qabaqcıl təhsil müəssisələrindən biri “İdrak” liseyidir.

Moderator.az xəbər verir ki, Dekabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “İdrak” liseyi Lökbatan qəsəbəsindəki F.Rəfiyev adına 166 nömrəli məktəb-liseydə “İKT-dən tədris prosesində istifadə təcrübəsindən” mövzusunda tədbir keçirib. Tədbirdə “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun hazırlayaraq reallaşdırdığı “Media dərs” layihəsi təqdim edilib. M.Alışov bildirib ki, “İdrak” liseyində İKT vasitəsilə hazırlanmış bütün dərslər “ağıllı” lövhələrdə yazılır və yaddaş bazasında saxlanılır. Hər bir şagird ona verilmiş xüsusi kodlarla evdə internet vasitəsilə liseyin bazasına daxil olur və istədiyi fəndən müəllimlərin izahına təkrar baxmaq və dinləmək imkanı əldə edə bilir. Liseydəki bu “media dərs” bazasından şagirdlərimizin istifadə etməsi, onlarda dayanıqlı yaddaşı formalaşdırmaqla yanaşı, yetişməkdə olan gənc nəslin bilikli, bacarıqlı və intellektli olmaları üçün əvəzedilməz şəraitin yaradılması imkanıdır. Bu layihənin liseydə tətbiqi həm “45 dəqiqəlik dərs” məhdudiyyətini, həm də zaman və məkan problemini aradan qaldırır.


Diqqətə çatdırılıb ki, yaşadığımız qloballaşma dövrü əldə olunan rəqəmsal informasiyanı biliyə çevirib həyati bacarıq və vərdişlərin formalaşmasına nail olmağı, “öyrənməyi öyrətmək” texnologiyasına yiyələnməyi, fəal təlim metodlarını, İKT-nin səmərəli tətbiqini tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2016-ci il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ümumtəhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin tələb edilməsi çağırışı məhz bu kimi vəzifələrin praktik reallaşdırılması məqsədini hədəfləyib. Bütün dövrlərdə öyrədənlə öyrənənlər arasında öyrənmə prosesini səmərəli və keyfiyyətli etmək, tədris materialının öyrənənlərin yaddaşında uzun müddət qalmasına çalışmaq məktəbin əsas vəzifəsi olub.


BŞTİ müdirinin müavini Hüseyn Əsgərov, təhsil ekspertləri Şahlar Əsgərov, Nadir İsrafilov, professor Fərahim Sadıqov, Bakı Dövlət Universitetinin professoru Əziz Məmmədov, 166 nömrəli məktəb-liseyin direktoru Şəmsi Qoca və başqaları ”İdrak” liseyində tətbiq olunan bu qabaqcıl təcrübənin digər liseylərdə də tətbiq ediməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu layihədən istifadə etmək respublikamızın ümumtəhsil müəssisələrində təhsilin yeni pilləsinin formalaşdırılmasına və inkişaf etdirilməsinə imkan verəcək.Sonra layihə ilə bağlı suallar cavablandırılıb. Tədbirdə məktəb direktorları, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Link kopyalandı!
Son xəbərlər