“Dilqəmlə Şahbaz yatan zindanda Sarkisyan, Köçəryan əzab çəkməlidir...” - Flora Qasımova
7092
28 Dec 2017 | 19:25

“Dilqəmlə Şahbaz yatan zindanda Sarkisyan, Köçəryan əzab çəkməlidir...” - Flora Qasımova

“Azərbaycan anaları sülh istəsə də, torpaqlarımızın azadlığı üçün hər şeyə hazırdır...”

Dekabrın 27-də - 122 saylı  Xankəndi seçki dairəsindən millət vəkili Flora Qasımovanın 70 yaşı tamam olur.  Bu gün Prezident İlham Əliyevin sərəncamıyla ictimai-siyasi həyatımızdakı fəlaiyyətinə görə “Şöhrət” ordeninə layiq görülmüş Flora xanım həm də 1991-1992-ci illərdə formalaşan müstəqil Azərbaycan ordusunun ilk nizami hərbi hissələrindən birinin əsasını qoyan şəhid Milli Qəhrəmanımız, o illərdə  qanunsuz erməni  silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmuş, neçə-neçə kəndləri azad etmiş və qorumuş  yenilməz bir alay komandiri, polkovnik Şirin Mirzəyevin həyat yoldaşıdır. Bu il yanvarın 5-də Şirin bəyin də 70 yaşı tamam oldu... İyunun 18-də isə  bu qəhrəman komandirin şəhidliyindən 25 il ötdü... 
 

Moderator.az-ın əməkdaşları millət vəkili Flora Qasımova ilə görüşüb bu nurani ananın ”“şəhid Qəhrəman xanımının əsrin dörddə birinə bərabər bir zaman kəsiyində  həm doğma yurddan, həm də ömür-gün yoldaşından ayrı  yaşadıqlarını bir neçə saatlıq söhbətə sığışdırmağa çalışıb... 

(Əvvəli bu linkdə: //www.moderator.az/news/205636.html)

-Flora xanım, torpaqlarımızla yanaşı,1991-1992-ci illrdə müstəqil Azərbaycan ordusunun ilk hərbi hissələrindən birini yaratmış Milli Qəhrəman, polkovnik Şirin Şirin Mirzəyev kimi bir sərkərdəni itirmiş hərbçi xanımı olaraq sizin içinizdəki  qisas hissi daha güclüdür... Bu mənada siz yəqin ki,  Qarabağımızın işğaldan müharibə yoluyla azad edilməsinin tərəfdarısız?

- Bilirsiz, torpaq itkisindən, Şirin Mirzəyev şəhidliyindən əlavə, ermənilər  bizə başqa zərbələr də vurub axı... Mənim ulu babam ”“Hacı Molla Şükür Axundzadə XX əsrin əvvəllərində Qarabağın axundu olub. Onun Şuşada- Cıdır düzündə evi və böyük bağı vardı.  Dünyasını dəyişəndən sonra elə orada dəfn olunmağı vəsiyyət etmişdi. Hazırda ermənilər babamın məzarını da, evini də darmadağın ediblər. Biz bunları necə unudaq? Necə bağışlayaq ermənilərə bu vəhşiliyi, bu vandalizmi?..


- Bildiyimizə görə, ermənilərə əsrlər boyu havadarlıq etmiş Kreml sovet dövründə sizin babalarınızı, digər doğmalarınızı, qohumlarınızı da repressiyalara məruz qoyub...

-Bəli, Moskva elə sovet dövründən əsil-nəcabətli nəsilləri birbaşa və dolaysıyla soyqırıma məruz qoyub.  Babam, Hacı Molla Şükürün oğlu Mirzə Məhəmməd o dövrdə müsavatçı olub, qəza rəisi vəzifəsini daşıyıb.  Sonra sovet hökuməti, babamı da, iki xalamın ərlərini də sürgün edib.  1950-ci illərdə belə bir qərar çıxmışdı ki, repressiya qurbanlarına bəraət verilsin və mülkləri özlərinə qaytarılsın. Anam o zaman  çox cavan olub. Odur ki, böyük xalam  vaxtilə babalarımın dövründə  bizə aid olmuş mülklərin, zinət əşyalarını siyahısını çıxardıb. Qızıl əşyaların  pulunu da geri alıb. Sonra isə Şuşadakı mülkümüzlə bağlı məhkəmə iddiası qaldırıb. Lakin məhkəmə bitməmiş qohumlardan biri təkid edib ki, o mülkü geri aldıqdan sonra orada restoran  tikməliyəm. Anam və iki xalam qəti etiraz ediblər ki, o boyda din xadimi, Qarabağın axundu olmuş, övliya timsallı babamız Hacı Molla Şükürün evinin yerində restoran tikmək olmaz, orada gecə-gündüz araq, çaxır içiləcək və o müqəddəs mülk, torpaq murdarlanacaq.  Beləcə babamın mülkü hökumətin fondunda qalıb və Hacı Molla Şükürün evi olan binanı Şuşa kənd təsərrüfatı texnikumuna çevriblər. İndi həmin vaxtdan 50 ildən  çox vaxt ötür. Düşünürəm ki, o vaxtlar rəhmətlik anam və xalalarım nə biləydilər ki, babamın mülkünə daha murdar ayaqlar- erməni ayaqları dəyəcək, onun məzarı da dağıdılacaq...

Rəhmətlik Şirin də o zaman artıq Xankəndi işğal edildikdən sonra gedib oradakı azərbaycanlıların qəbiristanlığına baxıb görmüşdü ki,  bütün məzarların, o cümlədən atasının, qardaşının başdaşlarını sındırıblar.  Bax, bunları necə unutmaq olar? Mən də unuda bilmirəm. Və qeyri-iradi qəlbimdə qisas hissi alovlanır... Ona görə də nə qədər ki, əli azərbaycanlıların qanına batanlar, bu qırğınları təşkil edənlər, tarixi abidələrimizi, məzarlıqlarımızı və s. dağıtdıranlar cəzalanmayıb, sülh, barışıq olsa belə,  hamısı müvəqqəti olacaq... Babam Hacı Molla Şükür 1925-ci ildə vəfat edib- sovet hakimiyyətinin o allahsız, kəshakəs vaxtında.. Ancaq imperiya dediyimiz sovet dövləti o müqəddəs Allah adamının, tanınmış din xadiminin məzarını dağıtmadı. Amma bizimlə qonşu olan, aramızda sülənib çörəyimizi yeyən, suyumuzu içən ermənilər dağıtdı o kişinin qəbrini... Qəddarlığın mislinə baxın... Hacı Molla Şükür 1905-1906-cı illərdə Şuşanın ermənilərdən müdafiəsini təşkil etmiş və döyüşlərdə iştirak etmişdir. Yəqin ermənilər bunu da unutmayıb...

Xülasə, çıxış yolu yalnız torpaqları azad etmək və dərhal məhkəmə qurub bu qırğınların təşkilatçılarını və fəal icraçılarını cəzalanadırmaqdır... Bu gün bizim Şuşa həbsxanamızda iki günahsız vətəndaşımız əzab çəkir. Amma Sarkisyanlar, Köçəryanlar, Balayanlar və s. kefdədir. Nə qədər ki, bu qaniçənlər zindanlara həbs edilərək cəzalarını çəkməyib. Heç bir barışıqdan  söz belə gedə bilməz...


-Əslində Sarkisyanları, Balayanları nəinki həbs etmək lazımdı... Onların yeri dar ağacıdır, edam kötüyüdür...

-Edama gücümüz çatmasa da, həbsdə çürüdə bilərik...

-Deyir, ilanın ağına da lənət, qarasına da... Amma belə bir fikir də var ki, Ermənistan erməniiləri ilə Qarabağ erməniləri fərqlidir... Bəs bunların  hansının içində, az da olsa, bir insanlıq hissi var ki, gerçəyi, ədaləti etiraf edələr?.. Yəni onları adam edib Azərbaycan vətəndaşı kimi davranmaq ola...

-Təəssüf ki, yüz illərlə aparılan anti-türk təbliğatı ermənilərin geninə hopub və demək olar ki, hamısının  içində bizlərə qarşı nifrət var. Amma o da var ki, İrəvan erməniləri hələ sovet dövründə Qarabağ ermənilərini bəyənmirdilər. Çünki Qarabağdakı ermənilər bizim aramızda yaşadıqlarından onların içində, az da olsa, bir mülayimlik, xoşsifətlilik, qonaqpərvərlik, mərhəmət duyğuları var... Belə hisslər də bizdə, bilirsiz, haradan yaranıb? Musiqimizdən, xüsusən muğamlarımızdan... Muğama qulaq asanda görün, insan hansı hallara düşür? Orada nifrət, kimisə öldürmək aşılanması yoxdur axı... Qarabağdakı ermənilər də qulaq asırdı da ara-sıra bu musiqiyə... 

-Biz, Qarabağ erməniləri bir yana,  Ermənistanla da qonşu kimi yaşamağa məhkumuq. Siz necə hesab edirsiz, əgər yaxın onilliklərdə torpaqlarımız azad edilməklə sülh əldə olunsa, o ermənilərlə yenə də təmas qurub yaşaya biləcəyikmi?

-Bilirsiz, tarix göstərir ki, bu yenə də mümkün ola bilər. 1905-1906, 1918-1920-ci illərdə ermənilər, demək olar ki, Bakıdan başlamış bütün Azəarbaycan boyu başımıza olmazın oyunlar açdılar.  O taylı-bu taylı 1 milyona yaxın soydaşımızı qətlə yetirdilər. Amma sovet hakimiyyəti bizlərə hər şeyi unutdura bildi. Yenə onlarla bir yedə yaşadıq, qaniçən Şaumyanların adına şəhər, rayon, küçə  verdik, onlara heykəl qoyduq... Biz elə millətik ki, hamı ilə yanaşı yaşamağı bacarırıq...

-Hətta kürəyimizə baltanı saplayanlarla belə...

-Bəli, yaşayırıq da... Bilmirəm. Bu dərəcədə, dözümlülük, Avropa dilində desək, tolerantlıq yaxşıdırmı, pisdirmi? Amma ermənilər dərk etmirlər ki, onlar da bədbəxt toplumdurlar. Tarix boyu dəfələrlə xarici güclər erməniləri Azərbaycanla, Türkiyə ilə toqquşdurub, hər dəfə də onlar da kütləvi itkilər verib. Ancaq bu bədbəxt ermənilər xarici güclərin, super dövlətlərin, imperiyaların əlində alət olduqlarını dərk etmir və yenə də alət olmaqda davam edirlər...


-Flora xanım,  “QarabagTV”(“KarabakhTV)-ni aldınız, yəni açılmasına, fəaliyyətə başlamasına, tədricən cəmiyyətə səs salmasına nail oldunuz. Bəs Qarabağı nə vaxt ala biləcəyik, inşallah?

-Əvvəla, Qarabağı azad etmək, bir  internet kanalı açmaq qədər asan məsələ deyil. İkinci də müharibə  çox ağır işdir. Özü də indiki mürəkkəb, xaotik bir dövrdə... Aprel döyüşləri və ondan sonrakı dövrdə də şahidi olduq ki, düşmənlər aramıza nə qədər təxribatçı qüvvələr yerlədirib. Bundan əlavə, siyasi  və dini cərəyanlarla maskalanmış radikal, terrorçu qruplaşmalar var...Yəni biz müharibəyə başlasaq, onlar da hərəkətə keçirilə və Bakıda, digər bölgələrdə hər cür terror, partlayış törədə bilər.  Bütün bunları nəzərə alıb ölkəni komleks tədbirlər sayəsində tam səfərbər etmək gərəkdir... 

Çətindir... Amma içimizdə həm haqq işimizi müdafiə edəcək Allaha, həm də dövlətmizə, ordumuza və onların başında duran Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə böyük bir inam var. Böyük ümidimiz var ki, İlham Əliyev, nə yolla olursa-olsun, torpaqları qaytarmalıdır...
 
- Flora xanım, siz uzun illər  Xankəndində yaşamısız, yəqin ki, oradakı həmyaşıdlarınız, eləcə də orta yaşlılar arasında sizi tanıyanlar da var. Xankəndində, Şuşada digər işğal edilmiş şəhər və bölgələrimizdə yaşayan erməni analarına nə deyərdiniz? 

-Qarabağda yaşayan ermənilərə, xüsusən analara demək istəyirəm ki, Qarabağı haqsız olaraq “problem” səviyyəsinə qaldırıb aramızda müharibə, qırğın salanlar xarici güclərin maraqlarına xidmət edənlər oldu. Çoxunuz bunu gözəl bilirsiz... Sadə ermənilər Azərbaycan torpaqlarının işğalından nə qazandılar? Başınızı qaldırıb bir baxın görün içinizdə milyonlar, milyardlar qazanan kimlərdir? Gəlin görək, onlardan hansı birinin oğlu döyüşlərdə ölüb. Qarabağda, Xankəndində, Şuşada, Laçında və s. yaşayan erməni anaları, üzümü sizlərə tuturam. Bu yolun heç bir perspektivi yoxdur. Özünüz də gözəl bilirsiz ki, Qarabağ Azərbaycan torpağıdır... Onu da bilirəm ki, aranızda barışıq istəyənlər, yenidən bizimlə bir yerdə yaşamağı arzulayanlar xeylidir. 30-40 il öncələri  xatırlayın. Axı siz ən azı, 70 ili  azərbaycanlılaral dinc yanaşı yaşamısız. Xeyrimiz-şərimiz bir yerdə keçib. Biz Xankəndini birlikdə tikmişik... Heç olmasa indiki oğullarınızı, bundan sonra dünyaya gəturəcəyiniz oğullarınızı bir qrup separatçı-terorçuların fətvasına qurban verməyin. 

Siz  hüquqi baxımdan Azərbaycan vətəndaşınız və Qarabağ da Azərbaycan da həm də sizin vətəninizdir.  1988-1990-cı illərdə Azərbaycana xəyanət edib indi vəzifələrdə əyləşən soydaşlarınız təkcə Azərbaycan xalqına yox, sizə də xəyanət etdilər. Amma bilin ki, onlar heç vaxt cəzasız qalmayacaq. Siz övladlarınızı qorumaq istəyirsinizsə, özünüz də səsinizi qaldırın. Bilin ki, Azərbaycan ordusu çox güclü ordudur. Azərbaycan xalqı qətiyyətlə bildirir ki, biz o torpaqları Ermənistanın xunta rejiminə verməyəcəyik. 

Bu gün Qarabağın kəndləri, qəsəbələri xarabalığa bənzəyir. Yalnız Xankəndini bir az tikib yaraşığa salmaqla iş bitmir. Amma Azərbaycanın uğurlarına, şəhər, qəsəbə və kəndlərinin abadlığına baxın... Nə qədər tez səsinizi qaldırsanız, bu qondarma problemin həlli tezləşər və siz də əvvəki kimi rahat, firavan yaşayarsız. Mən bir ana kimi müharibə istəmirəm. Mən bu müharibədə öz həyat yoldaşımı itirmişəm. Və istəmirəm ki, heç bir xanım, heç bir ana ər, oğul itkisi yaşasın. Amma torpaqlarımızı işğaldan azad etmək üçün biz Azərbaycan anaları hər şeyə hazırıq...  Nə qədər gec deyil, səsinizi qaldırıb öz rəhbərlərinizə bütün bunları çatdırın...

Söhbətləşdilər: Zülfüqar Hüseynzadə,
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər