Müsahibə
11597
23 Jun 2017 | 20:05

"Putin başa düşdü ki, ABŞ Rusiyanı dağıtmağa Ukraynadan başlayacaq"

“Xəzərdən atılan “Kalibri”lər dünyada tarazlığı Rusiyaya tərəf yönəltdi...”

Moderator.az-ın əməkdaşı tanınmış siyasi analitik, “Qarabağ tələsi” kitabının müəllifi Tahir Cəfərli ilə Rusiya lideri V.Putin və ABŞ prezidenti D.Trampın Ukrayna, Yaxın Şərq və ayrıca Azərbaycanla bağlı siyasətini müxtəlif aspektləri ətrafında söhbətləşib.


“Azərbaycan gec-tez bu seçimi etməlidir...”

-  Tahir müəllim, bəzilərinin birbaşa “Putinin adamı” hesab etdiyi ABŞ prezidenti D.Tramp hakimiyyətə gəldikdən sonra Rusiya və Amerikanın yeni müstəvilərdə qarşıdurmaları fonunda planetdə və regionumuzda yaranmış yeni situasiyanı necə dəyərləndirərdiniz?
  
- Yaşadığımız region bu saat ən təhlükəli regionlardan biridir, çünki burada fövqəl dövlətlərin maraqları toqquşur. Bu maraqların toqquşması isə Azərbaycan Respublikası üçün ciddi təhlükələr yaradır və onu seçim qarşısında qoyur.  Ã–lkəmiz əvvəl-axır bu seçimi etməlidir. Ukrayna hadisələrindən sonra dünya ABŞ və Rusiyanın başçılıq etdiyi iki güclü düşərgəyə bölünmüşdür və bu düşərgələr arasında gedən rəqabət və silahlı qarşıdurmanın təsiri bütün ölkələrdə özünü göstərir. Azərbaycan da istisna deyil. Və təbii ki, hər iki super dövlət, yəni ABŞ və Rusiya öz təsir dairələrini genişləndirmək istəyir.  Kiçik dövlətləri öz təsir dairələrinə salmaq üçün onları həm iqtisadi, həm də siyasi təzyiqlərə məruz qoyur. İndiyədək Azərbaycan bu düşərgələr arasında tarazlığı saxlasa da, bunu öz xeyrinə pozmağa çalışan hər iki dövlətin ciddi və davamlı iqtisadi, siyasi və hərbi təzyiqlərinə məruz qaldığımızı görürük. İqtisadi təzyiqi biz son bir neçə ilki devalvasiyada, hərbi təzyiqi isə ötən ilin aprel döyüşlərində gördük. 

Bismark deyirdi ki, “Bir ölkə ilə ortaya çıxan məsələnin həllini bilmək üçün, həmin ölkənin iqtisadi və siyasi prioritetlərini və ölkəni idarə edənin intellektini qiymətləndirmək lazımdır. Hər şeydən əvvəl dünyada baş verən siyasi proseslərin mahiyyətini və bu siyasətin başında duran və həyata keçirənlərin kimliyini bilmək vacibdir ”. Gəlin müdrik siyasətçinin bu fikirləri prizmasından Rusiya və ABŞ-ın qlobal siyasətdə rolu və onların rəhbərlərinin həyata keçirdikləri siyasətin mahiyyətindən danışaq. 

“Qərb Putinin düşdüyü vəziyyətdən çıxacağına inanmırdı...”

Birinci Putindən başlayaq. Çünki o, dünya siyasətçiləri arasında ən populyarıdır və faktiki olaraq bu saat dünyanı öz diktəsi ilə yönləndirə bilən siyasətçidir. Tramp isə yenidir, ancaq bununla belə onun hakimiyyətə gəlişi çox ciddi təzad və fəsadlara səbəb olub. Bu haqda sonra. Hələlik Putinin siyasətini təhlil edək.


2000-ci ildə V.Putin tükənməz resurslara malik olan bir ölkənin prezidenti seçilsə də, Rusiya SSRİ-nin süqutundan  sonra çox pis vəziyyətə düşmüşdü. Ölkə dağılma təhlükəsi qarşısında idi. Qərb də SSRİ-ni dağıdandan sonra Rusiyanın parçalanması siyasətini həyata keçirirdi. Vaxtilə güclü olan və 14 respublika ilə inteqrativ əlaqələrdə olmuş Rusiya hərbi sənaye kompleksi (HSK) çökmüş, ölkənin hərbi-texnoloji və elmi bazası dağılmışdı. Ölkənin dağılmasının qarşısını almaq üçün V.Putinin yeganə yolu bu idi ki, HSK-nin heç olmasa, 30%-ni işə salsın və bununla Qərblə toqquşacağı halda Rusiyanı qorusun. Rusiyanı özünün xammal bazasına çevirmiş Qərb inanmırdı ki, V.Putin düşdüyü vəziyyətdən çıxsın... 


- Amma bütün çətinliklərə və neqativ tendensiyalara rəğmən son iki onillikdə Rusiyada baş vermiş iqtisadi sıçrayış onu göstərir ki, deyəsən, ölkə bu asılılıqdan çıxıb...

- Elədir. Sanksiyalar Rusiyanı çökdürmək üçün idi. Amma əks proses baş verdi və Rusiya Qərbdən aldığı malları özü emal etməyə başladı. Çox geridə qalmış kənd təsərrüfatını dirçəltdi...

Putin Yanukoviçi hakimiyyətdə saxlaya bilərdi... 

- Bu əsas deyil.  Bəs sanksiyalara səbəb nə oldu? 

- Ukrayna hadisələri... 

- Amma o zaman Qərb mətbuatı yazırdı ki, V.Putin Yanukoviçi hakimiyyətdə saxlaya bilərdi. Çünki Ukrayna ilə bağlı Fransa, Almaniya və Rusiyanın razılaşması buna imkan verirdi ki, Rusiya Yanukoviçə yiyə dursun. Bəs Putin bunu niyə etmədi? 

- Putin bilirdi ki, ABŞ nəyin bahasına olursa-olsun, Yanukoviçi seçki yolu ilə uzaqlaşdıracaqdı. Və seçiləcək legitim prezidentə qarşı Rusiya heç nə edə bilməyəcəkdi. Və ABŞ Rusiyanı dağıtmağa Ukraynadan başlayacaqdı. Odur ki, V. Putin Ukraynadakı dövlət çevrilişinə göz yumdu və hakimiyyətə dövlət çevrilişi edənləri gətirdi. Özü isə bu rəhbərliyin qeyri-legitimliyindən yararlanaraq Krımı ələ keçirtdi. Krımı ələ keçirməklə V.Putin Qərbə göstərdi ki, Aralıq və Qara dənizlərdə strateji üstünlük onun əlindədir. Donbas və Luqansk olayları isə Ukraynanı diz çökdürmək üçün Rusiyanın Qərbə mesajı idi. Çünki dağılan Ukrayna Avropa ölkələri üçün bəla idi. Odur ki, Almaniya kansleri Merkellə  Fransanın o vatkı prezidenti  Olland Minsk sazişinə imza atmaqla Avropanın şərqində müharibə alovunu söndürdülər. 

“...”İdarəolunan xaos”un qarşısı Suriyada alındı, amma...”

-Ancaq bu, ABŞ-n xeyrinə deyildi... 

-ABŞ  masonların “idarə olunan xaos” siyasəti ilə bütün dünyanı çalxalamışdır. “İŞİD”-in kimlər tərəfindən yaradılmasına fikir versək, görərik ki, məqsəd Yaxın Şərqdə güc tarazlığını pozmaq, Suriya və Türkiyəni parçalamaq, hərbi və iqtisadi sahədə ciddi şəkildə inkişaf edən İrana qarşı yönəltmək idi. “İdarə olunan xaos “ siyasətinin qarşısı Suriyada alınsa da, ABŞ rəhbərliyi V.Putinin köhnə silahlarla heç nə edə bilməyəcəyini düşünürdü. Hamıya aydın idi ki, Rusiyanın taleyi, ümumiyyətlə, Yaxın Şərqdə həll olunur. Suriya güc poliqonudur- hansı ölkə bu poliqonda güclü silah işlətsə, o qalıb gələcək. Xəzər dənizindən Suriyadakı “İŞID”-çilərə atılan qanadlı “Kalibri” raketləri Rusiyanın hərbi texnologiya sahəsində inkişafını göstərdi. Dünya ölkələri anladılar ki, bu qanadlı raketlər vasitəsi ilə Rusiya istədiyi ölkəni dağıda bilər... 

Məqsədimiz heç də  Rusiyanı və ya Putini tərifləmək deyil. Sadəcə, mövcud geosiyasi gerçəkliyi təsvir etməyə çalışırıq... 

-Dediklərinizdən belə təsəvvür yaranır ki, Rusiya siyasətdə Qərbi qabaqlayır... 

- Əslində belədir. Fikir verin, Türkiyəyə. Ruslar Türkiyə rəhbərliyinin qarşısına Yaxın Şərqlə bağlı ABŞ-ın hazırladığı “Piters planını” qoydular.  Və  Putinin strateqi Aleksandr Dugin onun mahiyyətini açıqladı.  Putin  2 dəfə ABŞ-ın Türkiyə Prezidenti T.Ərdoğanı aradan götürmək planını pozdu, MKİ-nin hazırladığı dövlət çevrilişi cəhdini puça çıxardı. Və bundan sonra Türkiyə Rusiya və İrana yaxınlaşmaqla, istər iqtisadi, istərsə siyasi nöqteyi-nəzərdən gücləndi. Yeni “üçlük” yarandı... 


-Belə çıxır ki, V.Putin sərhədlərin dəyişməsinin əleyhinədir.  ABŞ-n yeni prezidenti bunu açıq şəkildə bəyan etdi. Bu nədən irəli gəlir? 

- ABŞ prezidentinin V.Putinlə yaxınlığını yazanlar anlamırlar ki, siyasətdə dostluq ola bilməz, ancaq siyasi maraq vardır. Amerika Yaxın Şərqdə uduzduğunu hiss edib və sadəcə olaraq, bəzi planlarından geri çəkilib. Əslində “B” planının nə olduğunu da görürük. Səudiyyə Ərəbistanının daha da aktivləşməsi, Qətərə qarşı sanksiyalar- bütün bunlar həmin siyasətin göstəriciləridir... 
“Azərbaycanın Qərbi yerində oturtmaq üçün qaz kəməri var...”

-V.Putinin Avrasiya İttifaqı, Çinlə və İranla yaxınlaşması- bütün bunlar ABŞ hegemonluğuna qarşıdır, yəqin ki?  

-Elədir. Bu saat Putin öz geosiyasi düşərgəsini formalaşdırır. Bu düşərgələrə üzvlük əvvəllər dəvətlə idisə, indi siyasi təzyiqlərlə də həyata keçirilir.  Rusiya, İran və Azərbaycan prezidentlərinin Bakıdakı ötən ilki avqust görüşləri Azərbaycanı bayaq adını çəkdiyimiz “üçlüyün” platformasına çevirir. Azərbaycan buna getməklə müəyyən dərəcədə öz iqtisadi və siyasi maraqlarından çıxış edir... 


-Bəs Qərb bunu necə qəbul etdi? 

-Azərbaycanın Qərbi yerində oturtmaq üçün qaz kəməri var... Odur ki, Qərb Azərbaycana qarşı getmədi, əksinə, alternativ qaz kəmərinin işləməsinə şərait yaratdı... 

“Putin Türkiyəni Leninin vəsiyyəti ilə Rusiyaya dost etdi...”

-Bəs Türkiyə? 

-V. Putin Türkiyəni sanki Leninin vəsiyyəti ilə Rusiyaya dost etdi. Yadınıza Lenin -Atatürk sazişini salın. İki qüdrətli dövlətin birliyi hələ o dövrdə böyük rol oynaya bilərdi. Rusiyanın iştirakı ilə Türkiyə tezliklə Qərbin enerji təhlükəsizliyini ələ keçirəcək və faktiki olaraq bu ölkələrlə diktə ilə danışacaq... 

-Bəs ABŞ buna necə reaksiya verəcək? 

-Əlbəttə ki, pis. Odur ki, Ağ Ev yalnız bu iki ölkəyə qarşı deyil, həmin ölkələrlə yaxınlığı olanlara qarşı da iqtisadi və maliyyə təzyiqləri həyata keçirir. 
“Putin iki ildə Rusiyanı resessiyadan çıxardı...”

-Məsələn? 

-Devalvasiya. Rusiyada milli pulun ölməsinə, dolların qalxmasına, bu ölkəni başqa ölkələrdə olduğu kimi resessiya qarşısında qoymuşdu. Bütün qiymətlər və xidmətlər devalvasiya dərəcəsində aşağı düşməyə başlamışdı, daşınmaz əmlakın qiyməti devalvasiya dərəcəsi qədər aşağı düşmüşdü, büdcədə “yırtıq” yaranmışdı və s. Aydındır ki, resessiyanın qarşısı alınmasa, ölkə bankrotluğa yuvarlanırdı. Maraqlısı budur ki, V.Putin iki ildən sonra Rusiyada resessiyanın dayandırıldığını bəyan etdi. Bu o deməkdir ki, V.Putin hakimiyyətinə qarşı maliyyə təxribatı olan devalvasiyanın resessiyasından qurtardı. Digər ölkələrdə isə resessiya dayanmadığından dövlətin mövcudluğu təhlükə altındadır...

Məşhur Amerika tarixçisi və politoloqu Stiven Koen ABŞ cəmiyyətini silkələmiş sonuncu müsahibəsində yazır: ”V.Putin iki il davam edən resessiyadan çıxdığını son çıxışında elan etdi. Bu, çox ciddi məsələdir. Deməli, Rusiya staqnasiyaya nail olub və öz iqtisadiyyatına arxalanaraq ciddi inkişafa başlamışdır...” 

-Gəlin V.Putinin son çıxışlarından danışaq. Sizcə, bu çıxışlar yalnız Rusiya xalqına, yəni daxili auditoriyaya yönəlib?

-Müəyyən mənada elədir. Ancaq başqa bir həqiqət də vardır. Onun çıxışının mahiyyəti ölkəsinə qarşı təcavüz iddiasında olanlara xəbərdarlıq etməkdir. Sonuncu çıxışında Putin ilk dəfə olaraq Rusiyanın atom silahına malik olduğunu qeyd etməklə, bu silahı düşməninə qarşı işlədəcəyi  barədə ölkələrə xəbərdarlıq etdi. Bununla da özünün ABŞ-dan zəif olmadığını vurğuladı...

S.Koen:”Putin HSK-nı SSRİ səviyyəsindən də yuxarı qaldırdı...” 

- Amma Ukrayna və Suriya V.Putini, deyəsən, dəyişdi?.. 

-V.Putin Ukrayna və Suriyaya qədər o qədər də diktə ilə danışmırdı. Ancaq Xəzərdən atdığı qanadlı raketlər dünyada tarazlığı Rusiyaya tərəf döndərdi və öz HSK-ə arxalanan Putin daha sakit durmadı. Dünya ictimaiyyəti qarşısına qətiyyətli və cəsur lider kimi çıxdı. Bu nə Qorbaçov, nə də Yeltsin deyildi. Artıq Putin bircə anın içində dünyanın taleyini həll edə biləcək bir liderə çevrilmişdi. S.Koen yazir ki, Putin Türkiyədə dövlət çevrilişinin qarşısını aldı, Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrə öz sanksiyalarını yeritdi və bununla dünyaya göstərdi ki, daha Rusiya özü-özünü dolandırır və neftdən asılı deyil. Əgər V.Putin hakimiyyətə gələndə Rusiya büdcəsinin 78%-dən çoxu neftin hesabına dolurdusa, indi bu rəqəm 20%-dən də azdır. Bu isə o deməkdir ki, neftin qiymətinin aşağı enməsi Rusiya iqtisadiyyatına heç bir zərbə vura bilməyəcək. Yəni Rusiya daha M.Qorbaçovun idarə etdiyi SSRİ deyil ki, neftdən tam asılı olsun. S. Koen yazır: “V.Putin siyasi lider kimi, HSK-nı SSRİ səviyyəsindən də yüksəyə qaldırdı və ölkənin müdafiəsini təmin etdikdən sonra ordunu yeni silahlarla silahlandırdı. Bununla V.Putin Qərbə qarşı ciddi hücuma keçdi, yəni öz strateji maraqlarını hansı ölkələrə yayıldığını açıq şəkildə dedi... 


“Rusiyanın inkişafı Azərbaycan üçün də təhlükədir...”

-Bunu necə başa düşək? 

-Çox sadə dildə. Bismark demişkən, “dövlət balaca uşaqdır, həmişə inkişafdadır, böyüdüyünə görə o, paltarına yerləşmir. Yeni paltar almasalar, dağılar. Başqa sözlə desək, ölkə inkişafdan qalarsa, dağılar. Bu, dövlətçilik prinsipinin aksiomasıdır...”

-Rusiyanın inkişafı Azərbaycan üçün də təhlükədirmi? 

-Əlbəttə ki. V.Putinin Avrasiya İttifaqı elə keçmiş imperiyanın bərpası deyilsə, bəs nədir? Ancaq indiki dövrdə Rusiya heç vaxt keçmiş sovet respublikalarını öz tərkibinə qata bilməz, onları yalnız iqtisadi inteqrasiyaya vadar edə bilər... 

-Necə? Hansı yollarla? 

(Davamı var)

Sultan Laçın



Link kopyalandı!
Son xəbərlər