Nadan olanda
Nə xeyri var, üç oğulun bir səy,
Biri sarsaq, biri nadan olanda.
Şimşək vurar, sel aparar, qurd boğar,
Çoban əfəl, sürü nadan olanda
Uyan yoxsa sərəncama, fərmana
Beşcə gündə ölkə dönər xırmana
Tülkü, çaqqal şahlıq edər ormana
Pələngi tək, şiri nadan olanda.
Seyidcahan yazsa neçə ballada,
Gedən gəlməz ha ismarıc yolla da
Qəbristanda “Yasin” satar molla da
Ölü mağmın, diri nadan olanda.
Namus, qeyrət alveri var harda ki
Qəbri yanar, yata bilməz gordakı.
Müəllimə daş atarlar, orda ki,
Ağsaqqalı, piri nadan olanda.
Şəmsi Qoca, dayağıdır tir evin
Od ocağın, tüstü damın, sirr evin,
Bərəkəti olmaz vallah, bir evin,
Arvadı kəc, əri nadan olanda.
Başdaşıma yazılan yazı
Tanrı verdiyinə şükür elədim,
Bir sadə ömürdü yaşadım, getdi,
Qəlbimi həmişə haqqa bələdim.
Nə qədər ağrılar daşıdım, getdi.
İki qız, bir oğul böyütdüm, şükür,
Onlar da özüm tək halal, nəfsi tox.
Haqqın dərgahında üzüm ağ olsa,
Tanrıdan bir özgə umacağım yox.
Bəzən duymadılar adamlar məni,
Bir kəlmə sözümü yüz elədilər.
Mənə qıymadılar bir təsəllini,
Bağrımın başını köz elədilər.
Daha olan olub, keçən keçibdi,
Görürsüz, mənsiz də dünya fırlanır.
Burda tərəzilər elə nizamdı,
Geri qayıtmağa adam utanır.
Arxamca bir gözəl ağlayır indi
Görən təntiyəndə üz tutur kimə?
Bu şeiri oxuyub ona deyin ki...
Qıymasın göz yaşı axa qəbrimə.
Deyil
Bu sazın simləri ayrı oxuyur,
Bu Lələ Kərəmin Lələsi deyil.
Bu gülün ləçəyi solub, ay bala
Bu lalə dağların laləsi deyil.
Daha üz döndərib qar, dağdan küsüb,
Kök göyə ucalan budaqdan küsüb.
Ceyran su içdiyi bulaqdan küsüb,
Qayıdıb bir daha gələsi deyil.
Çoxdandır sahilə yan almır gəmi,
Yağışa həsrətdi, təşnədir, zəmi.
Çoxdan unudubdur könül həmdəmi,
Gəlib kədərimi böləsi deyil.
Elə yaşamaq var ölümdən betər,
Elə ağrılar var, zülümdən betər.
Şəmsinin öz dərdi özünə yetər,
Özgənin dərdindən öləsi deyil
Saxla, çatmışıq
Özgələri fili minib çay keçir,
Biz də filin qulağında yatmışıq.
Bazarlarda tacir, tüccar olalı
Əlimizə nə keçibsə satmışıq.
Quraşdırıb hər tində bir çayxana,
Ucaltmışıq neçə-neçə toyxana.
Qəlyan çəkib, kresloya yayxanıb
Qeybət edib başımızı qatmışıq.
Bir nadan da vəkil olub millətə,
Əli çatıb var-dövlətə, sərvətə,
Osmanlıya təpik atır bu gədə,
Dinməmişik, bax beləcə batmışıq.
Bataqlıqda bata-bata gedirik,
Çördən, çöptən tuta-tuta gedirik,
Dost-tanışa ata-ata gedirik,
Düşünürük, ax nə gözəl atmışıq.
Tamah salıb yaşıl-yaşıl dollara,
Çoxu düşüb əyri-üyrü yollara.
Belə getsə bənzəyəcik qullara.
Saxla daha, mən düşürəm, çatmışıq.
Şəmsi Qoca