MTN-dən xəyanətkar cütlüklərin “sevgi gecəsinə” kameralı sürpriz
Araşdırma
14446
08 Jul 2016 | 10:28

MTN-dən xəyanətkar cütlüklərin “sevgi gecəsinə” kameralı sürpriz

Saytımızda sabiq MTN rəhbərliyinin varlı və ayağısürüşkən evli qadınlardan şantaj yolu ilə külli miqdarda pul aldığından, bu məqsədlə silsilə əməliyyatlar təşkil etdiyindən bəhs etmişdik. (//www.moderator.az/news/143548.html ). Vurğulamışdıq ki, ərinə xəyanət edən qadınların foto və video görntülərini əldə edən MTN, bu görüntüləri ictimaiyyiləşdirmək hədəsi ilə qarşı tərəfə təzyiq göstərib, nəticədə onlardan böyük miqdarda pul alıb.

Bugünlərdə məlum olaylarla bağlı Moderator.az-a yeni məlumatlar daxil olub. Məlumatda MTN rəhbərliyinin bu cür qadınlar haqqında ilkin informasiyanı necə əldə etməsi, onların sevgi səhnələrini hansı yolla “əbədiləşdirməsi” ilə bağlı ilginc məqamlar yer alıb.

 

VİP restoran, otel, ticarət və istirahət mərkəzləri MTN nəzarətində

 

Mənbənin sözlərinə görə, həyat yoldaşına xəyanət edən varlı qadınlar və eləcə də kişilər haqqında ilkin məlumat əsasən VİP restoran və ticarət mərkəzindəki agentura vasitəsi ilə əldə edilib:

“MTN-nin həyat yoldaşına xəyanət edən qadın və kişilərlə bağlı əsas məlumat mənbəyi rolunda VİP restoranlar, ticarət və istirahət mərkəzləri çıxış edib. Belə ki, bütün bu obyektlərin hamısında öz agentura sistemini yerləşdirən MTN rəhbərli bu agentlərin vasitəsi ilə burada baş verən hər şeyi “görüb” və “eşidib”, ən cüzi yenilikdən belə operativ şəkildə xəbərdar olub.

“Seçilmişlər” üçün nəzərdə tutulan  bu cür obyektlərə gələn insanlar haqqında ilkin məlumat toplayan agentlərin təqdim etdiyi informasiya əsasında lazımi şəxslər xüsusi nəzarətə götürülüb, bu cütlüklərin kimliyi, əlaqəsi təsbit edilib. Bu cütlüklər arasında “kənar əlaqə”nin mövcudluğu təsbit olunan kimi atılan növbəti addım isə onların mənzil və telefonlarının nəzarətə götürülməsi, görüş yerlərinin müəyyənləşdirilməsi olub. Cütlüklərin telefon əlaqəsinə nəzarət etməklə onların nə zaman harada görüşəcəyini asanlıqla öyrənən, bir neçə dəfə görüş yerini kənardan müşahidə edən və öyrənən sabiq MTN əməkdaşları bunun ardınca “əsas işə” keçib.

Xəyanətkar cütlüklərin aşkarlanmasında E.Mahmudov komandasının bütün ölkə boyu tətbiq etdiyi gizli kütləvi dinləmə siyasəti də az rol oynamayıb”.

 

Çağırılmamış qonaqların “sevgi gecəsi” hazırlığı: mini kamera və onlayn ötürücülər...

 

Bilgili qaynağın sözlərinə görə, zəngin və tanınmış cütlüklərin görüşləri adətən bahalı otellərdə, daha çox isə şəhərətrafı villalarda təşkil olunurdu ki, bu görüşdən öncə MTN əməkdaşları həmin məkana baş çəkir, sözügedən cütlüklər üçün sözün həqiqi mənasında sürpriz hazırlayırdı:

“Görüşdən bir neçə saat öncə görüşün keçirələcəyi məkana daxil olan MTN mütəxəssisləri otel və ya villanın bütün əsas otaqlarına mini kamera və onlayn ötürücülər yerləşdirir, bundan sonra bir neçə yüz metr kənarda MTN-ə məxsus xüsusi maşınlarda oturub cütlüklərin gəlməsini gözləyirdi. MTN tərəfindən hazırlanan “sürprizdən” xəbərsiz olan cütlüklər məkana daxil olan kimi onların bütün hərəkət və danışıqları lentin yaddaşına həkk olunur, əbədiləşirdi”.

 

Nömrəsi silinən tapança və ya qondarma əməliyyat məlumatı

 

Mənbənin sözlərinə görə, MTN əməkdaşları otaqlara mini kameralar yerləşdirən zaman bu əməliyyatı üçün zəruri olan daha bir addım da atırdı ki, bu da otaqlardan birinə nömrəsi silinən tapançanın qoyulması idi:

“Əməliyyat qrupu kameralar yerləşdirən zaman otaqlardan birinə nömrəsi silinmiş tapança da qoyurdu. Bu tapança əməliyyat qrupunun ev və ya otelə basqın erttməsi və ya baxış keçirməsi üçün əsas olurdu. Belə ki, cütlüklərin sevgi səhnəsini sona qədər kasetin yaddaşına köçürən, şantaj materialını hazır edən əməliyyat qrupu bunun ardınca evə daxil olur, onlarda mənzildə qanunsuz odlu silahın mövcudluğu ilə bağlı əməliyyat məlumatı olduğunu bildirirdi. Evə “baxış keçirən” əməliyyatçılar qısa müddətdən sonra axtardıqları silahı “tapır”, onu dəlil kimi götürürdü. Bundan sonra hər iki şəxs hadisə yerindəcə qandallanır və onların MTN-ə aparılacağı, ailə üzvlərinə xəbər veriləcəyi bildirilirdi. Bunu eşidən cütlüklər MTN yetkilisinə problemi “yerindəcə həll etməyi” xahiş edir, istənilən təklif və şərti qəbul edəcəklərini bildirirdi. Belə olan təqdirdə cütlüklərin hər birinə külli miqdarda pul ödəmək təklif edilir, bunun üçün onlara bir və ya bir neçə günlük müddət tanınırdı. Bildirilirdi ki, əgər bu müddət ərzində pul ödənilməsə, o zaman onlar video görüntülər vasitəsi ilə bütün ölkədə ifşa ediləcək. Məhz bu hədə hər şeyi həll edir və cütlüklərin hər birini sözün həqiqi mənasında MTN-nin əsirinə çevirirdi”.

 

Ardı var.

 

Anons:

 

1.MTN rəhbərliyi “sevgi gecələri”nə görə öz əməkdaşlarından niyə pul yığıb?

 

2.Şantaja məruz qalan qadınlar sadəcə pul verməklə canlarını qurtara bilibmi?

 

3.”Əməliyyat xərci” şantaj puluna bonus olaraq necə əlavə edilib?

 

4.MTN əməkdaşlarının xaricdəki təkmilləşdirmə kurslarında iştirakı ilə şantaj olayları arasında hansı əlaqə var?

 

 

 

Link kopyalandı!
Son xəbərlər