“Atamı məclislərdə içirdib bədahətən dediklərini öz adlarına çap edərmişlər”- MÜSAHİBƏ
Müsahibə
9158
18 Jun 2016 | 15:32

“Atamı məclislərdə içirdib bədahətən dediklərini öz adlarına çap edərmişlər”- MÜSAHİBƏ

Böyük qəzəlxan-şair  Əliağa Vahidin oğlu Ramiz İsgəndərov atası haqqında çox maraqlı faktları, həqiqətləri bizimlə bölüşüb. 

Moderator.az saytı müsahibəni oxucularına təqdim edir.

-Ramiz müəllim, Əliağa Vahid şeiri  sifarişləmi yazırdı? 

-Yox deyirdilər qəzəllərlə Nəsimini “yarala”, Füzulini “yarala”  atam da yazırdı. O bir çox imzalar üçün əsərlər yazıb. Çoxlarının bu barədə heç bir məlumatı yoxdur. Mikayıl Müşviq, Cəfər Cabbarlı, Səməd Vurğun və s. üçün şeirlər yazıb.

-Əliğa Vahidin tərcümə əsərləri də çoxdur, onlara da öz əlavələrini edirdi?

-Atam Füzuli yaradıcılığını demək olar ki, tamamilə farscadan öz dilimizə tərcümə edən yeganə insandır. Onunla yanaşı Əlişir Nəvai və başqalarını da tərcümə edib. 

-Necə oldu ki, Əliağa Vahidin əsərlərini digər yazarlar öz adlarına çıxıblar? 

-Atamın sənət yoldaşlarına çap etdirmək üçün verdiyi bütün qəzəlləri, şeirləri onlar öz adları, imzaları ilə dərc etdiriblər. Bu səbəbdən də  əsərlərin  Əliağa Vahidin olduğu heç kəsə bəlli olmayıb. 

-Əliağa Vahid yaşadığı dövrdə çox haqsızlıqlarla üzləşib, bəs ona haqsızlıq edənlər kimlər idi? 

-Atam rus və fars  dillərini çox yaxşı bilirdi. Bütün sənət yoldaşları ondan bəhrələnirdilər. Dövlət başında duranlar da vaxtikən ona çox haqsızlıq ediblər”. 

-Yuxarıda dediniz ki, Səməd Vurğun da onun bir neçə şeirini öpz adına çıxarıb. Səməd Vurğun Əliağa Vahidi çox istəyirdi bəs necə olub onun əsərlərini öz adından çap etdirib? 

-Atamdan çox istifadə ediblər. O bədahətən şeir deyə bilən, dahi şair idi. Bəzən məclislərdə onu içirdər, bədahətən dediyi şeirləri hər kəs öz imzası ilə dərc edərdilər. Bu yaxınlarda Atv kanalında mənim çıxışım oldu. Aparıcı atamdan danışanda qeyd etdi ki, Əliağa Vahidin Seyid Əzim, Səməd Vurğunun adına çıxan şeirləri olub.  Hamısını söyləməsə də, mən buna çox sevindim. Bunu gərək hamı bilə, xəbərdar ola. 

-Şahmar Ələkbərovun atanıza həsr etdiyi  “Qəzəlxan” filmində hansı nüanaslar əskikdir? 

-Əvvəla filmin adı məni qane etmir. Atam dahi şair idi. Filmin adını gərək ki, “Dahi şair” qoyardılar. Atam qəzəllər yazan ustad şair idi. Qəzəlxan-qəzəli səsləndirənə deyirlər, yazana yox. Bununla yanaşı filmdə, Vahid obrazının qan qusması səhnəsi mənə xoş gəlmir. Onun ölümü belə olmayıb. O, həmişə yeyib-içən bir insan olub. Guya şəraitsizlikdən o, xəstə düşüb. Belə deyildi. Hələ o vaxt Mircəfər Bağırov ona 2 otaqlı mənzil bağışlamışdı. Atama 10 min manat dəyərində də dövlət mükafatı verilib. Film çox zəif çəkilib. Anam da sağlığında filmdəki o yalnış səhnələrdən gileylənirdi. Deyirdi ki, gərək məndən bu barədə soruşaydılar, filmi həqiqətə uyğun çəkəydilər. Anam tibb bacısı deyildi. Bu fakt filmdə yalnış çəkilib. Evdar qadın idi. Atam anamı çox sevib, arxasınca çox dolanıb. Filmdə isə əksinə təsvir olunur.” Guya atam deyir mənə gələrsənmi? Anam da deyir alsan niyə də gəlməyəm”. Bunlar tamamilə yalnış məqamlardır. Anam Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın qohumu idi. Atam anamı onlardan istəyib. 

Filmdə Əliağa Vahidin mənzil şəraitsizliyi də vurğulanıb...

-Atamın iş otağı kimi kiçik bir daxma təsvir olunub. Atama əvvəlcə “Montin”dən ev verdilər. Daha sonra atama dağlı məhləsində iki otaqlı ev də verdilər. 

-Əliağa Vahidin ədəbi mühitdən incikliyi hiss olunurdu. Bunun səbəbi nə idi? 

-Atama lazımı qiymət verilmirdi. O zamanlar atam layiq olduğu dəyəri görmürdü. Əliağa Vahid bunlardan incik idi. 

-Yazıçılar İttifaqının atanızla münasibətləri necə idi? 

-Çox yaxşı. Atam demək olar ittifaqda hamı ilə dost idi”. 

-Bu barədə fərqli-fərqli fikirlər var. İstəyirik ki, doğrusunu siz deyəsiz: Vahid represiyadan necə yayınıb? 

-Düzdür, bu barədə  cürbəcür fikirlər var. Atam ağıllı adam idi. Hökümətə yazılar yazırdı. Dövlət başında duranları daim tərifləyirdi. Bununla da represiya ondan yan keçib. Yazdığı əsərlərə görə Mircəfər Bağırov ona Əməkdar İncəsənət Xadimi adı verib. Lakin bu ad ancaq kağız üstündə qalıb. M.Bağırovun hörmətini də çox görüb. Atam üçün hər şəraiti qurub. O atamla yaxın dost idi. Evimizə bütün əşyaları, süpürgəyəcən alıb qoymuşdu. 

-Stalinin ölümünü, Bağırovun sonunu, bir sözlə 1953-cü illəri necə xatırlayırsız? 

-Atamın yaxşı kitabları çıxırdı. O dövrlərdə daha çox satılmağa başladı. Ard-arda kitabları çap olundu. O vaxt üçün mənim yadıma ən çox bu düşür. Atamın kitabları heç yerdə tapılmırdı. Bu gün çıxırdı, sabah alınıb qurtarırdı.

-Əliağa Vahidi övlad kimi necə xatırlayırsınız? Uşaqlıq illəriniz yaddaşınızda necə qalıb? 

-Atama mən  Tanrı kimi baxırdım. Sanki onun nuru bizi işıqlandırırdı. Çox zəhmli insan idi. Dahi insan olub. Atamın bizimlə çox yaxşı münasibəti vardı. Heç nədən yoxluq çəkməmişik. Atamın digər həyat yoldaşı rus qadın biraz xəsis idi. Atam bizə can yandıranda o çox qısqanırdı. Bizim üçün bağ evi almışdı. Vahid evində çox ciddi idi. Heç zarafat etməzdi. Lakin çox hazırcavab idi. Bir misal çəkim. Yaşadığımız həyətdə it vardı. O öləndə qonşular istəyir ki, Vahidlə zarafatlaşsınlar. Gəlib deyirlər  ki, başın sağ olsun. Atam da rus xanımına müraciətlə “ay qız, dur çay-çörək hazır et, itin qohum- əqrabaları gəlib” deyib. (gülür) Çox iti zəkalı bir insan idi.

 -Əliağa Vahiddən sizə mənəvi olaraq nə qaldı? 

-Onun təmiz adı, hörməti. Bizim üçün əsas miras budur. Hara getsək hörmətlə anırlar, təmənnasız hər şey edirlər. Sağlığında da belə olub. Nardarana getmişdik. Orda əlimizi nəyə uzatsaq verirdilər, bizi evimizə qədər yola salırdılar. Atamı çox sevirdilər. Atamın kitabları 100 min tirajla çap olunurdu. Heç bir neçə günə qalmadan hamısı satılırdı. Deməli, bir nəşriyyatın borcu olur. Düşünüblər necə edək. Sonra qərara alıblar ki, Əliağa Vahidin kitabları satılsın. Belə də olub. Kitablar nəşriyyatın bütün borcunu ödəyib. 

-Əliağa Vahidin xatirəsinin necə anılmasını istərdiz? 

-Onun adı dahi şair kimi çəkilsin. Əsas bunu istəyirəm. Onun qəzəllərinin tayı-bərabəri yox idi. Nizami Gəncəvinin əsərlərinin içindən 7 qəzəl atama məxsusdur. Rəsul Rza, Ənvər Məmmədxanlı, Sabit Rəhman və digərləri Buzovna bağında yığışanda Əliağa Vahidi də xüsusi dəvət edirlərmiş. Atamın söhbətləri onlara zövq verirdi. Xüsusən də Müşfiq atamdan çox təsirlənib. 

-Əliağa Vahidin 120 illik yubileyinin təqdimatı sizə necə təsir bağışladı? 

-Çox pis, heç mənə söz verilmədi. İlqar Fəhmi imkan vermədi bir-iki cümlə də mən deyim. Biz tədbirin olcağını sonradan öyrəndik. Biletləri də özümüz xahiş etdik ki, versinlər, biz də iştirak edək. Gərək o tədbirdə birinci mən çıxış edəydim. Əliağa Vahidin ilk sanballı kitabı bu yaxınlarda çap olunacaq. Qeyd edim ki, Mənim də “Qəzəllər” kitabım çap olunmalıdır. 




Elmin Nuri 
Kəmalə Yusifli

Link kopyalandı!
Son xəbərlər