Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...
Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...
QARABAÄž İLİ-AZƏRBAYCAN DƏRDİ
1988-ci il gəldi. Azərbaycanın həyatında təlatümlü hadisələrin, dəyişikliyin, faciələrin, milli oyanışın başlanğıc ili. İctimai-siyasi hadisələrin fərqli istiqamət aldığı bu ildən, xüsusi xidmət orqanı olaraq bizim də fəaliyyətimiz daha çevik, daha təsirli, daha təhlükəli xarakter almağa başladı.Yanvarın ikinci həftəsi həmişə olduğu kimi ilin yekunlarına aid Gəncədə ətraf rayon bölmələrinin iştirakı ilə əməliyyat müşavirəsi keçirildi. Müşavirəni Bakıdan komitənin artıq əməliyyat işləri üzrə müavini təyin olunmuş Namiq Abbasov aparırdı. Ənənəvi hesabat-çıxışlardan sonra N.Abbasov Şəmkir rayon bölməsinin baş əməliyyat müvəkkili Aşot Osipova üzünü tutub kəskin formada: Sən nə işə baxırsan, sənin vəzifən erməni millətçilərinin xidməti ərazidə istənilən əməlini zamanında xəbər vermək deyilmi?”- soruşdu. Osipov vəziyyətə nəzarət etdiyini deyib bəraət qazanmaq istədi. N.Abbasov: Necə nəzarət edirsən ki, Çardaxlı kəndinin adamları sovxoz direktorunun dəyişdirilməsinə etirazı Yerevanda edir, ardınca restoranda yığışan erməni alimlərinin Dağlıq Qarabağla bağlı Moskvaya, Mərkəzi Komitəyə göndərdikləri müraciətə Çardaxlıdan olan bir nəfər də imza atır?” Abbasov son zamanlar Dağlıq Qarabağın Ermənistana verilməsi barədə Yerevanda bəzi erməni millətçilərinin fəallaşdığını, ötən ilin noyabrında Parisdə akademik Aqanbekyanın bu barədə Fransa mətbuatına müsahibə verdiyini də nəzərimizə çatdırıb, bu istiqamətdə diqqətli olmağı tapşırdı. Sonuncu fakt-Aqanbekyanın müraciəti artıq hamının bildiyi məsələ idi. Yenə də məsələnin açıq forma ala biləcəyi ağlımıza gəlmirdi. Təəssüf ki, respublika rəhbərliyinə, o cümlədən DTK rəhbərliyinə Ermənistanda, hətta Qarabağın özündə müəyyən hazırlıqların getdiyi barədə informasiyalar məlum olsa da təsirli əks tədbirlər görə bilməmişdilər. Partiya məmurlarının erməni millətçilərini dilə tutmaq məqsədilə Qarabağın erməni rayonlarında partiya yığıncaqları keçirməsi “donuzun kiş-kişlə darıdan çıxarılması “na bənzəyirdi. Demək olar ki, bu partiya iclasları ermənilər tərəfindən boykot edildi və faktiki olaraq baş tutmadı.
Fevralın 14-də adi qaydada işə gəlmişdik. Rəis hamımızı otağına çağırdı. Hələ də nə baş verdiyini bilmirdik. Rəis: ”Dünən Stepanakertdə mitinq olub, erməni əhalisi Dağlıq Qarabağın Ermənistana verilməsini tələb ediblər. Vəziyyət gərgindi. DTK-nın kadr üzrə müavini Nəriman İmranov artıq Stepanakertdədi. Bakıdan bəzi əməkdaşlar da ordadılar. Ehtiyat edilir ki, ermənilərlə azərbaycanlılar arasında qarşıdurma yarana bilər. Biz də imkan daxilində kömək etməliyik.” Rəis danışdıqca bədənimdən giziltilər keçirdi. Kömək sözünü eşidən kimi ayağa qalxıb Stepanakertə getməyimə icazə istədim. Rəis: -“Sənin orda nə imkanların var? - soruşanda Şuşada qohumlarımın, tələbə yoldaşlarımın və başqa xeyli tanışlarımın olduğunu dedim və bir az da yalandan artırdım ki, mənə icazə versin. Sonra şöbənin erməni millətindən olan işçisi Aleksey Arzumanyanın mütləq getməsini, dəmir yolunun Stepanakert hissəsi də Gəncə dəmir yolu idarəsinə tabe olduğu üçün dəmir yolu üzrə məsul əməliyyat işçisi, əslən tərtərli Eldar Rüstəmovun da getməsini vacib bilindi. Silahımızı - tapançaları götürüb Stepanakertə yollandıq. Mən də, Eldar da şəxsi maşınlarımızda getdik. Arzumanyan mənim maşınıma mindi.
Yolboyu Arzumanyanın həyəcanlı olduğunu sezməmək mümkün deyildi. Əsgərana çatanda evlərinə 5 dəqiqəlik baş çəkdi, geri dönəndə üzü gülürdü. Səbəbini özü belə izah etdi ki, evdəkiləri sağ-salamat gördüyünə sevinib. Arzumanyan və Qarabağ erməniləri atdıqları addımdan sonra Azərbaycanın görəcəyi sərt tədbirlərdən, ən azı həbslərdən, dava-dalaşdan qorxurdular. Kim indi nə deyir desin, o vaxt Azərbaycan rəhbərliyi sərt tədbirlər görə bilmədi, hər bir məsələni Moskvanın ixtiyarına verdi. Moskva da sona qədər öz marağının, yəni erməninin yanında oldu. Arzumanyan Gevorkovu söyməyə başladı ki, dünən çıxış edib deyib ki, Stepanakerti qanda boğacam. Arzumanyan artıq mövqe nümayiş etdirirdi. Stepanakertə çatıb N.İmranovla görüşdük. İmranov şəhərdən informasiyanın qıtlığını, erməni əməkdaşların faktiki hərəkət etmədiyini, Şuşadan isə narahat olduğunu deyib daha çox şəhərdən informasiya almaq üçün imkanlardan istifadə etməyin vacibliyini bildirdi. Arzumanyanı çağırıb şəhərdəki tanışlarıyla əlaqəyə girməyi tapşırdı. Arzumanyan çıxandan sonra İmranova onun xəbər gətirməyinə şübhəm olduğunu dedim. İmranov başını bulayıb: ”bilirəm, amma başqa imkan varmı?” Bəli, dəhşət o idi ki, Muxtar Vilayətdə bütün sferalarda, o cümlədən DTK-da heç bir təsir rıçaqları yarada bilməmişdik. Zaman ”“zaman Yerevanda vilayətin birləşdirilməsiylə bağlı atılan addımlar, vilayətin özündə ermənilərin respublika hakimiyyətinə sözdə tabe olduğu, reallıqda özlərini Ermənistanın bir parçası saymaqları barədə informasiyalar Azərbaycanın rəhbərlərinə çatdırılıb, təəssüf ki, vəziyyəti xeyrimizə dəyişdirmək istiqamətində nə gizli, nə aşkar siyasət yürüdə bilməyiblər. Stalindən Qorbaçova qədər hər dəfə rəhbər dəyişdikcə vilayətin Ermənistana verilməsi barədə ermənilərin müraciət etdikləri Azərbaycan rəhbərlərinə məlum idi, yəni bu məsələ daim ermənilərin gündəmində olub,bizim rəhbərlərin bu prosesə qarşı əks tədbirləri isə,hansısa erməniyə Azərbaycanın xalq artisti,xalq yazıçısı adı verməkdən ,orden,bayraq təltifindən ,televiziyada erməni mahnıları səsləndirməkdən və s. effektsiz təbliğatdan uzağa gedə bilməmişdi. Açıq və gizli formada demoqrafik ,ideoloji-milli siyasət yürütmək ,daha çox qanunun sərt diliylə millətçiləri cəzalandırmaq, bu məqsədlə vilayətin hüquq mühafizə orqanlarına daha çox milli kadrlar yerləşdirmək, həmən Moskvanın əliylə vilayətin Azərbaycandan iqtisadi-siyasi asılılığını hüquqi cəhətdən əsaslandırmaq siyasəti faktiki olaraq aparılmadığından Stepanakertin ortasında Azərbaycan SSR DTK sədrinin müavini “başqa imkan varmı?” sualı ilə aciz durumda qaldığımızı dilə gətirmişdi.
DTK vilayət komitəsində yeganə azərbaycanlı kadr Tahir Hümmətovla Stepanakertin ortasına çıxdıq. Maşınla bir neçə dövrə vurandan sonra mitinq gözlənilən meydanda maşını saxlayıb düşdük.Topa ”“topa yığışıb söhbət edən ermənilər bizə baxır, bir-birlərinə nəsə söyləyir, qayğılı və ehtiyatlı olduqları hiss olunurdu. Çox saymazyana şəkildə paltomun qabağını açıq qoyub silahlı olduğumu nümayiş etdirdim.Tahir bunu hiss edib dedi: ”Bunların ən çox qorxduğu Ağdamdı. Ağdamlılardan it kimi qorxurlar. İndi sənin də boyuna-buxununa, geyiminə, maşınına, silahına baxıb elə bilirlər ki, ağdamlısan, elə bu saat silahını çıxarıb atassan”. Tahir sözünü təzə bitirmişdi ki, boz paltolu bir gödək kişi toplaşanlara rus dilində qışqırdı: Burda durmaqla heç nə edə bilməyəcəksiniz, qorxaqlar mitinqə gəlmədilər, gecə elə qorxudublar ki, indi çölə çıxmırlar, çıxın gedin, Ermənistandakılar da bilsin ki, biz qorxağıq”. Ardınca erməni dilində danışa-danışa çıxıb getdi. Tahir onun həkim-cərrah, həm də Balayanın qohumu olduğunu dedi. Axşam düşürdü, şəhərdə sakitlik idi. N.İmranovun yanına gəlib şəhərdə bu gün mitinq olmayacağını dedik. Tahir zarafatla: İlhamdan qorxdular- dedi. Söhbət məndən getmir, amma bu zarafatın həqiqət pərdəsi o idi ki, Azərbaycan Respublikası Stepanakert üsyanını beşiyində boğmaq üçün Daxili İşlər Nazirliyinin, DTK-nın canlı qüvvəsindən elə həmin gün istifadə etməli, çoxsaylı həbslər aparmalı, komendant saatı elan etməliydi. Moskvaya da bildirilməliydi ki, qanunun bütün gücündən istifadə edirik ki, hadisələr məcrasından çıxmasın və sairə,və sairə təsirli tədbirlər. Yaxşı, biz sadəcə əməliyyat işçiləri idik, amma respublika rəhbərliyində oturanların ki, idarəetmə təcrübəsi, hüquq ”“mühafizə orqanlarının rəhbərlərinin Kamran Bağırov qarşısında tələb qoyub hərəkətə keçmək imkanları var idi axı.Niyə hər şeyi ilana zəhər verən kərtənkələyə tapşırdılar? Elə bilməyin ki,indi bu fikirləri yazmaq asandı, o dövrün tələbi başqa idi..,xeyir həmin günlərdə də bütün əməliyyat müşavirələrində,yazdığımız arayışlarda respublika rəhbərliyinin qəti addım atmasının vacibliyi,məqsədəuyğunluğu xüsusi vurğulanırdı.Maraqlananlar arxivə girib baxa bilərlər.
Mən Şuşaya getmək istədiyimi bildirəndə İmranov: - çalışıb camaatı sakitləşdirmək lazımdı,məlumat daxil olub ki,Laçından bir maşın adam gəlir Şuşaya. İmkan verilməsin,elə Şuşadan da geri qaytarın onları-dedi.
Şuşaya heç vaxt qışda gəlməmişdim. Qarlı dolamaları çıxdıqca mənzərəyə baxır, amma narahatlığım mənzərədən ləzzət almağa qoymurdu. O vaxtlar Şuşada DTK-nın bölməsi yox idi, birbaşa milis şöbəsinə gəldim. Rəis yerində olmadı, birinci katib Niyaz Hacıyevin də Stepanakertdə iclasda olduğunu bilirdim. Şəhərdə sakitlik idi, adi gününü yaşayan kimi görsənirdi və açığı bu sakitçilik məni əsəbləşdirirdi. Camaatın aşağıda-Stepanakertdə nələr baş verdiyindən xəbərimi yoxdu? 1983-cü ildə tanış olduğum İlhami Cəfərsoyu axtardım, milis işçilərindən biri evini tanıdığını deyib, məni ora gətirdi. Qapını döydüm, İlhami qapını açanda yarıyuxulu vəziyyətdə idi. Yarızarafat,yarıciddi: ”Şuşanı Ermənistana veriblər, sən də yatırsan?” ”“dedim. İlhamini də götürüb kinoteatrın qabağına-meydana gəldik. Artıq adamlar burda da topa-topa yığışır, dünənki mitinqdən, daha çox Moskvanın nə deyəcəyindən danışırdılar. Açığı o zaman Bakıdan çox hamı Moskvanın ağzına baxırdı və ümidli idi ki, Moskva Qarabağı verməz. Camaatın içindən bir nəfərin bərkdən dediyi sözlər indiki kimi yadımdad: -Əə, kim qorxursa getsin girsin arvadının tumanının altına, mənim bir baltam var, onu da götürüb gedirəm aşağı”. Məni camaatı sakitləşdirməyə göndərmişdilər, amma bu sözlər mənə ləzzət elədi, camaatın da səsləri bərkdən çıxmağa başladı. Başıma xeyli adam toplaşmışdı, Stepanakertdən, büro iclası getdiyindən danışırdım. Açıq deyə bilmirdim ki, camaat etiraz mitinqi keçirməlidi. Bu vaxt bir oğlan yaxınlaşıb: ”İlham müəllim, bəlkə Üverturanı səsləndirim, camaatda bir ruh qalxsın?” Üzümü sual verənə tutub dedim ki, məni göndəriblər ki, sakitlik yaradam, dediyin mənim də ürəyimdəndi, amma özünüz bilərsiniz. Bu vaxt birinci katib Niyaz Hacıyev gəldi, camaat onun ətrafına yığışanda katib büro iclasından çıxdığını, Moskva ilə danışıldığını və heç bir torpaq verilməsindən söhbət belə getmədiyini deyib toplaşanları sakitləşdirirdi ki, milis rəisi Ələmdar Tağıyev meydana gəldi, katibi görmürdü, camaata səslənib: -dağılışın,dağılışın -dedi .Yavaş-yavaş adamlar çəkilirdilər. Ələmdar müəllimə yaxınlaşıb özümü təqdim etdim, şöbəyə getdik. Qaranlıq tam düşmüşdü. Vəziyyətdən, baş verənlərdən danışıb milis işçilərini topladıq,bəzi tapşırıqlar verib Malıbəyli kəndinə getməyi qərara aldıq. Məlumat gəlmişdi ki, ermənilər kəndə hücum etmək istəyirlər. Malıbəyli kəndi mənim üçün doğma kənd sayılırdı. Birinci sinifdə mənə əlifba öyrədən müəllimim Bəşir Teymurov bu kənddən idi, ən əsası tələbə yoldaşım, dostum, Malıbəylidə toyunda olduğum Vasif Quliyevin kəndi idi. Ələmdar müəllim həm də məktəb direktorunun axşama yemək hazırlığını gördüyünü dedi. Kəndə yaxınlaşanda əli silahlı kənd cavanları bizi saxlatdı. Yerə düşüb söhbət etməyə başlayanda bir oğlan: -İlham, qardaş, sən nə gəzirsən burda? Tanıdım, əlində təklülə tüfəng tutan oğlan Vasifin qardaşı Ziyad idi .Camaatın ayıq-sayıqlığı mənə xoş gəldi.
Gecə İlhamigildə qaldım. Ertəsi gün günortaya yaxın Şuşanı tərk etdim. Hardan biləydim ki, Şuşanı uzun müddətə-ən azı bu sətirləri yazana qədər bir daha görməyəcəm. Şuşanı görmək ümidilə yaşayır, Şuşa uğruna döyüşmək istəyilə ilə qocalıram. Şuşanı alacağıqmı, Şuşa bizim olacaqmı? Olacaq! Bu ümidlə ölə də bilərəm. Bir gün də Şuşanı əbədi itirməyimizə inanmıram!
Dolamalarda içi milis işçilərilə dolu olan avtobuslar vardı. Maşınlar da, içindəkilər də çox tanış idi. Gəncə milis işçiləri üç avtobusla dolamalarda idilər. Çox sevinirdim, maşından enib Gəncənin Nizami rayon şöbəsinin rəisi İbrahim Quliyevlə görüşdüm. İbrahim müəllimin üzündəki təlaş , həyəcan heç vaxt yadımdan çıxmaz. ”Qardaş, Sizin məlumat olmamış deyil, doğrudan Qarabağı verəcəklər? ”Mən axşam Moskvadan gələn xəbəri, Bakının da etiraz etdiyini, Stepanakertdə də vilayət partiya komitəsi bürosunun əleyhinə olduğunu danışdım. İbrahim müəllim : "Vallah, əmir versinlər, bu saat bunları qovub çıxaraq"-deyib bir az sakitləşdi. Biz o vaxt dəmiri isti-isti döyə bilmədik. Stepanakertə gedib İmranovla görüşdüm, ümumi məlumat verdim. Gəncəyə qayıtmağımı tapşırdı.Çox narahat idi,elə mən də.
Gəncəyə gələndə möhkəm soyuqlamışdım. Şuşanın sərt havasına alışqan olmadığım özünü göstərdi. İki gündən sonra işə çıxdım.Ermənistandan ilk qaçqınlar düz şöbəmizə gəlmişdilər. İki qadın qohum əqrəbalarıyla canlarını birtəhər qurtardıqlarından danışırdı. Bu başlanğıc idi. Fevralın 19- da Bakıda mitinqin olması bizi sevindirirdi. Prokurorluq, məhkəmə ,milis orqanlarından olan qarabağlı dostlarımla hər gün işdən sonra görüşüb vəziyyəti müzakirə edirdik. Stepanakertdə deputatlar vilayətin Ermənistanla birləşməsinə qərar vermişdilər. Səhərisi gün Siyasi Büro bu qərarı pislədi, respublika ərazilərinin dəyişdirilməsini qəbuledilməzliyini bildirməklə yanaşı, vilayətin inkişafı üçün əlavə tədbirlər görməyi vacib hesab etdi. Sumqayıtda baş verən hadisələr günü Gəncədə də həmən gün günortadan başlayaraq kütləvi iğtişaşlar başladı. İlk olaraq cavanların çoxluq təşkil etdiyi kütlə dəmiryolu vağzalı yaxınlığında Baqramyanın büstünü söküb maşının arxasına bağladılar. Büstün içi boş olduğundan asfalta dəyib gurultu qoparırdı. Şəhərin küçələrində etiraz edənlərin sayı artırdı,ermənilərin kompakt yaşadığı “vtoroy çast” deyilən hissəyə,xüsusilə erməni kilsəsinə gedən yollara hərbiçiləri,milis qüvvələrini yerləşdirib təxribatların qarşısını almağa çalışırdıq. Gecə saat 10 radələrinə baxmayaraq sakitləşmə hiss olunmurdu. Təxminən iki min nəfər Lenin meydanının qarşısından keşəndə heykəlin postomentinin üstünə çıxıb “ ay camaat, Sizə vacib xəbərim var” qışqırdım. Kütlə bu sözə bəndimiş kimi heykəlin ətrafına cəmləşməyə başladı.Şəhər komsomolunun birinci katibi, bir neçə partiya məmuru da orda idi. Üzümü onlara tutub təklif etdim ki,kütləni sakitləşdirmək üçün çıxış edin. Hamısı imtina etdi. Əlimdə “Azərbaycan” jurnalının 2-ci nömrəsi vardı. Jurnalı Bəxtiyar Vahabzadə və tarixçi alim Süleyman Əliyarlının birgə yazdığı məqaləyə görə götürmüşdüm. Məqalə Aqanbekyana cavab kimi yazılmışdı və o dövr üçün sıradan bir yazı deyildi. Jurnal əlimdə postomentə çıxıb birinci özümü təqdim etdim ki, heç kəsdə başqa fikir yaranmasın. Sonra Qarabağı heç zaman verməyəcəyimizdən, Bəxtiyar Vahabzadənin məqaləsindən danışıb əlavə etdim:”, bizdə məlumat var ki, hərbiçiləri ,tankları,əsgərləri şəhərə yeridəcəklər. Mən istəmirəm ki, gənclərimiz qurban olsunlar. Sakit olun, respublikanın rəhbərliyi hər şeyə nəzarət edir.”Son sözlərimi yalan deyirdim. Tanklar çıxası deyildi, vəziyyətə də nəzarət itirilmişdi. Ekstremal situasiyada şəhər rəhbərliyi də nə edəcəyini bilmirdi. Mən sözümü bitirəndə məscid tərəfdən kimsə uşaqları səslədi, əksəriyyəti yeniyetmə olanlar” ura “deyib səs gələn tərəfə qaçdılar. O günləri yada salanda hərdən deyirəm ki, Gəncədə ilk mitinqin təşkilatçısı,çıxışçısı mən olmuşam,həm də təkcə Gəncənin yox.
Ardı var...