Gömrükdə vətəndaşlar niyə kodlaşdırılır?
4025
28 Mar 2016 | 11:10

Gömrükdə vətəndaşlar niyə kodlaşdırılır?

Gürcustanla olan gömrük sərhədlərimizdə ən çox mübahisə doğuran məsələ fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların təyinatı ilə bağlıdır. Bir neçə gün əvvəl bunun canlı şahidi oldum. Əgər gömrük orqanları hesab edirsə ki, fiziki şəxsin (vətəndaşlığın dəxli yoxdur, bu qayda hər iki ölkənin vətəndaşlarına şamil olunur) Gürcüstandan Azərbaycana keçirdiyi mal şəxsi istifadə üçün deyil, kommersiya məqsədləri üçün nəzərdə tutulub, o zaman hətta Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda nəzərdə tutulmuş miqdarda belə mal keçirilməsinə icazə vermir. Və gömrük orqanları belə şəxsi (kommersiya fəaliyyəti ilə məşğul olan) digərlərindən (şəxsi istifadə üçün mal gətirən) fərqləndirmək üçün onu kodlaşdırır və həmin kodu pasportun ilk səhifəsinə həkk edir. “Həkk edir”i gəlişi gözəl söz kimi yazmadım. Məhz həkk edir, bundan sonra o kodu o pasportdan heç fələk də silə bilməz. Kod xüsusi yapışqanlı kağıza (nakleyka) adi diyircəkli qələmlə yazılır və pasporta yapışdırılır. Bundan sonra həmin fiziki şəxs HƏTTA ayda-ildə bir dəfə sərhəddi keçsə belə, HƏTTA yuxarıdakı qaydalarda nəzərdə tutulan miqdarda malı sərhəddən keçirə bilmir, çünki adı artıq qara siyahıya düşüb. Burda maraqlı olan 2 məsələ var. Birincisi, gömrük orqanları hansı əsasla malın kommersiya və ya qeyri-kommersiya təyinatlı olduğuna qərar verirlər? İkincisi isə, yerli və xarici vətəndaşları bu şəkildə kodlaşdırmaq qanunidirmi?
Başlayaq birincidən. Yuxarıda adı çəkilən qaydalarda yazılır: “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir”. Bu həmin qaydalarda yeganə müddəadır ki, malın təyinatı necə müəyyən edilir. Belə çıxır ki, malın kommersiya və ya qeyri-kommersiya təyinatlı olduğunu müəyyənləşdirmək üçün 3 əsas faktor var: malın xassəsi, miqdarı və sərhəddən keçirilməsinin mütəmadiliyi.
2001-ci ildə Kömrük Komitəsinin sədrinin əmri ilə “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair Təlimat” qəbul edilmişdi. Bu təlimatın hazırda qüvvədə olub-olmaması ilə bağlı bir fikrim yoxdu. Ancaq Komitənin saytında bu Təlimat hələ də qalır: //www.customs.gov.az/az/dgks70.html. Təlimatda bu məsələ Qaydalara nisbətən daha da konkretləşdirilib.
Təlimata görə isə təyinat müəyyənləşdirilərkən aşağıdakı amillər nəzərə alınır:
a) malların xarakteri, istehlak xassələri, onların tətbiqi və istifadəsinin ənənəvi təcrübəsi; məsələn: məişətdə istifadə olunmayan malların gömrük sərhədindən keçirilməsi onu guman etməyə əsas verir ki, bu cür mallar kommersiya məqsədləri üçün gətirilir (əgər malları keçirən şəxs bunun əksini sübut edə bilməzsə);
b) malların miqdarı; şəxsin və onun ailə üzvlərinin tələbatından artıq miqdarda gətirilən (aparılan) eynicinsli mallar (eyni adlı, fasonlu, rəngli, ölçülü və s.) bir qayda olaraq kommersiya məqsədləri üçün gətirilən (aparılan) mallar hesab olunur;
v) malların gömrük sərhədindən keçirilmə tezliyi; eyni şəxs tərəfindən eynicinsli malların, hətta az miqdarda bölünməz mal vahidinin dövri olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi, əgər şəxs əksini sübut edə bilməzsə, malların kommersiya məqsədləri üçün gətirilməsi (aparılması) kimi qəbul edilə bilər;
q) fiziki şəxsin səfərinin halları; bu zaman fiziki şəxsin səfərinin məqsədi, davamiyyəti, olduğu ölkədə qazanılmış valyutanın miqdarı və s. nəzərə alınır.
Həm Qaydalarda, həm də Təlimatda fiziki şəxslərin gömrük sərhədindən keçmə tezliyi, dövriliyi məsələsi açıq qalır. Hər iki sənəddə konkret göstərilməyib ki, hansı tezlikdən (tutaq ki, ayda 2 dəfəmi və ya həftədə 1 dəfəmi sərhədi keçə bilərsən) söhbət gedir. Məncə, burada konkret bir müddətin göztərilməsi də düzgün olmazdı. Əvvəla, bu insan haqlarının məhdudlaşdırılmasıdır. İkincisi də, tez-tez sərhədi keçmək heç də o demək deyil ki, sən kommersiya məqsədləri üçün bunu edirsən. Gürcüstanla sərhəd bölgələrində yaşayan Azərbaycan əhalisinin bəzisi, məsələn qonşu ölkədə ali təhsil alan tələbələr həftədə beş dəfə hər gün 2 dəfə sərhədi keçirlər. Demək, belə çıxır ki, yekunda hər şey gömrük müfəttişinin subyektiv yanaşmasından asılıdır.
Kod məsələsinə gəlincə, bununla bağlı qanunvercilikdə heç bir hüquqi əsasa rast gəlmədim. Belə görünür ki, Gömrük Komitəsi işini asanlaşdırmaq məqsədilə kommersiya məqsədləri üçün sərhədi keçdiyini yəqin etdiyi (və ya şübhələndiyi) fiziki şəxslərin xüsusi bazasını yaradıb. Bu, daxili istifadə üçün nəzərdə tutulan və vahid elektron bazasya inteqrasiya olunmamış bir sistemdir. Hər halda belə bir kodlaşdırmanın (xüsusilə, xarici pasporta xüsusi yarlığın yapışdırılmasının) hüquqi baxımdan nə qədər qanuni olduğunu elə Komitə özü şərh edə bilər.

Qalib Toğrul, iqtisadçı ekspert
Link kopyalandı!
Son xəbərlər