MTN Antiterror Mərkəzinin daha bir tükürpədici əməliyyatı....
Kriminal
16136
04 Mar 2016 | 01:38

MTN Antiterror Mərkəzinin daha bir tükürpədici əməliyyatı....

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, hörmətli Mədət Quliyevə
Baş Prokuror, hörmətli Zakir Qaralova

Gəncə şəhəri 83 saylı hərbi şəhərcik, bina 399, mənzil 28-də müvəqqəti məskunlaşmış Ağdərə rayonundan məcburi köçkün, Qarabağ veteranı Qədimov Tahir Dağıstan oğlu tərəfindən 

MÜRACİƏT

Yazıb Sizlərə bildirirəm ki, oğlum Ramil Qədimovu ötən ilin 26 sentyabrında axşam saat 17-18 radələrində müvəqqəti məskunlaşdığımız binanın qarşısında, həyat yoldaşımın gözləri önündə heç bir məlumat vermədən başına qara torba keçirib zorla gəldikləri maşına basaraq oğurlayıblar. Hadisədən 3 gün keçməsinə baxmayaraq onun kim tərəfindən və niyə aparılmasını, harada saxlanılmasını öyrənmək üçün bütün cəhdlərimiz nəticəsiz qaldı. Yalnız hadisədən 4 gün sonra naməlum nömrədən mobil telefonuma zəng gəldi və oğlum MTN əməkdaşları tərəfindən oğurlanaraq ağır işgəncələrə məruz qaldığını və ağılasığmaz işgəncələr nəticəsində istədikləri izahatı ondan aldıqlarını bildirdi və həyatının sözlə ifadə edilməyəcək təhlükədə olduğunu bildirdi. 
Oğlum həmin zəngi Nərimanov Rayon Polis Şöbəsindəki bir polis nəfərinin telefonundan etdiyini bildirdi və özümü çatdırmasam ola bilsin bir daha görüşə bilməyəcəyimizi bildirdi. Onun bu sözlərindən sonra dəhşət içərisində Bakıya gəldim və ağır şəkər xəstəsi olan həyat yoldaşımı da komada qoyub oğlumun harayına tələsdim. Çoxsaylı cəhdlərdən sonra oğlumun başına gətirilənlərdən qismən də olsa xəbərdar ola bildim və bəlli oldu ki, ona Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində cinayət işi açıblar və iş müstəntiq İbrahim Lənbəranskinin icraatındadır. Oğlumu Cinayət Məcəlləsinin 182.3.2 və 310-cu maddələri ilə təqsirkar bilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına göndəriblər. 

Hörmətli generallar!

Oğlumun hansı əməli törətdiyini müstəntiqdən soruşmaq cəhdlərim nəticə verməsə də öyrənə bildim ki, son aylar cəmiyyətdə ciddi rezonansa səbəb olmuş MTN əməkdaşlarının növbəti tükürpədici cinayətinin qurbanı da biz olmuşuq. Belə ki, Bakıdakı avtomobil salonlarından kirayə götürdüyü bahalı avtomobili görüb Ramilin hansısa milyonçunun ərköyün balası olduğunu zənn edib onun kimliyini araşdırıblar, bir qondarma şikayətçini də cəlb edərək guya oğlumun ona qarşı quldurluq etməsini quraşdıraraq 26 yaşlı gəncə “torba tikmişlər”. İşin diqqətçəkən bir məqamı da ondan ibarətdir ki, MTN əməkdaşlarının bu dəfə əli boşa çıxıb və araşdırma nəticəsində oğlumun məcburi köçkün övladı və idarə etdiyi avtomobilin sadəcə bir neçə günlüyə kirayəyə götürülmüş salona məxsus olduğunu bildikdən sonra ondan əl çəkiblər, amma törətdikləri cinayəti ört-basdır etmək üçün onu baş prokurorluğun müvafiq qurumuna transfer ediblər. 
Bildirmək istəyirəm ki, mən uzun illər polis orqanlarında şərəflə xidmət edib təqaüdə çıxmışam. İşlədiyim  28 il ərzində qüsursuz xidmət keçərək hamıya bacardığım qədər yaxşılıq etmişəm, heç zaman barəmdə nə yazılı, nə şifahi şikayət rəislərimə və yuxarı instansiyalara edilməyib. Oğlumun da xuliqanlıq və hətta quldurluq etməsini də təsəvvür edə bilmirəm. Bu mümkün olan iş deyil və onu tanıyanlar oğlumun belə bir cinayətdə təqsirkar bilinməsindən şoka düşüblər. 

Cənab generallar!

Məni narahat edən ən vacib məsələ oğlumun polis və prokurorluq orqanları deyil, məhz MTN əməkdaşları tərəfindən günün günorta çağı qəddarlıqla, şəxsiyyətini alçaltmaqla, ətrafda xof və təşviş yaratmaqla həbs edilməsidir. Axı məncə MTN belə bir əməliyyat keçirmə haqqına sahib deyil. Yaxud oğlumu bu yolla həbs etməyə nə gərək vardı? Bircə dəfə rəsmi olaraq onu hansısa orqana dəvət etməyiblər ki, o da bundan imtina etmiş olsun. İkinci bir vacib məqam İbrahim Lənbəranskinin adı dillər əzbəri olan MTN Antiterror Mərkəzinin keçmiş rəisi, həbsdə olan general Elçin Quliyevin yaxın qohumu, səhv etmirəmsə, bacısı oğlu olmasıdır. Məncə istintaqçılar bu məqamı diqqətdə saxlasalar İbrahim Lənbəranskinin nədən oğlumun bir quldur kimi təqdim edilməsi üçün hədsiz canfəşanlıq göstərməsinin səbəblərini asanlıqla üzə çıxara bilərlər. 

Hörmətli Mədət müəllim və Zakir müəllim!

Mən hər ikinizin ədalətinə və oğlu amansız işgəncələrə məruz qalmış bir atanın fəryadına biganə qalmayacağınıza ümid etdiyimdən Sizdən kömək istəyirəm. Oğlum 4 aydan artıq həbsdə olmasına baxmayaraq vəkilimizin qaldırdığı heç bir vəsatət təmin olunmayıb və xüsusən də onun məhz vəkilin iştirakı ilə yenidən dindirilməsi barədəki cəhdlərimiz nəticəsiz qalıb. Müstəntiq MTN-də işgəncə altında alınmış izahatın mötəbərliliyiə xələl gələcəyi ehtimalının yüksək olduğunu bilərək hər vəchlə bu məsələni uzatmaq yolu seçərək vəkilimizin qaldırdığı vəsatətlərə cavab verməkdən boyun qaçırır. Odur ki, oğlumun istintaqının İbrahim Lənbəranskidən alınaraq başqa müstəntiqə verilməsini və bu barədə də vəkilimizin qaldırdığı vəsatətin təmin olunmasını Sizdən xahiş edirəm. Eyni zamanda keçirdiyi ağır stres və işgəncədən sonra oğlumun psixi durumunda ciddi dəyişikliklər olmasını nəzərə alaraq müstəqil tibbi ekspertizanın təyin edilməsini də Sizdən xahiş edirəm. Bir daha oğlumun həyatının təhlükədə olduğunu bildirərək hər ikinizdən bu məsələni şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm. 

Redaksiyadan: Biz də bu xahişə qoşularaq hörmətli baş prokurordan və DTX rəisindən bu cinayət işini şəxsi nəzarətlərində saxlamağı xahiş edirik və keçmiş MTN əməkdaşlarının daha bir qanunsuz əməliyyatının qurbanı olmuş ailənin keçirdiyi ağır sarsıntıya biganə qalmamalarını təmənna edirik. 
Link kopyalandı!
Son xəbərlər