"Artıq çevrəmdəki bir qrup insanların indiyədək davam edən Türkiyənin Rusiya təyyarəsini vurması ilə bağlı münasibətinə cavab verməkdən yorulmuşam. Hamısı sanki əvvəlcədən yazılmış şparqalkanı təkrar edirlər: "Gərək Türkiyə Rusiya təyyarəsini vurmayaydı."
Bu adamların heç biri işdir əgər hansısa müharibə şəraiti olsa, şübhəsiz ki, Türkiyənin əvəzinə gedib döyüşən deyillər. Hər bir dövlət öz gücünü, əhalisinin xarakterini, dövlət qürurunu nəzərə alaraq hansısa addım atır və bunun da bədəlini özü ödəməyə hazır olur. Ancaq məni düşündürən bir sual var. İl yarım öncə bizim də hərbçilər Ağdam səması üzərindən uçan Ermənistanın hərbi helikopterini vurmuşdu və nəticədə düşmən hərbçiləri ölmüşdü. O zaman kimsə xatırlayırmı ki, Türkiyədən 80 milyondan kimsənin üzünü bizlərə tutub "Gərək erməni helikopterini vurmayaydınız" söyləyişini? O zaman ölkə prezidenti İlham Əliyev də haqlı olaraq bəyan etmişdi ki, erməninin Ağdamda nə işi var ki, gülləmizə tuş gəlsin. Əslində Ermənistanın helikopteri mahiyyətcə elə rusun helikopteridir və o zaman biz də risq etmişdik, təqribən rusun helikopterini vurmuş durumdaydıq, indi nə deyirsiniz, səhv etdyimizi söyləyib biz də üzr istəyək? Bəs onda bir dövlətin qüruru, suverenliyi harada qaldı? Allah göstərməsin, gələcəkdə hansısa dövlət öz gücünə arxalanıb müstəqilliyimizə qəsd etməyə çalışsa, söyləyəcəksiniz ki, niyə müqavimət göstəririk, elə torpağı verək getsin ki, qan tökülməsin.
Əlbəttə, müharibə yaxşı hadisə deyil, Allah etsin ki, bölgəmizdə müharibə risqi azalsın, ancaq biz niyə bu qədər öz müdrikliyimizin heyranı olmuşuq ki, Türkiyə insanına qalxıb dərs keçirik? 20 yanvarda işğalçılığa gəlib qardaş-bacılarımızı məhv edən bir Sovet tankını içi mən qarışıq partlada bilməmişik, bir nəfər də olsun qatil Sovet əsgərini öldürə bilməmişik, bu günədək İrəvanda bir Xocalı qatlinə qarşı qisas aksiyası törətməmişik, üstəlik də 25 ildir səfalı Vətən torpağını erməninin istirahət zonasına çevrilməsinə dözümlü yanaşmışıq, bu xarakterimizlə hələ Türkiyədən də tələb edirik ki, sən niyə qabadayı ədasıyla sərhədini pozan rus təyyrələrinə dözümlü yanaşmırsan? Görünür Çanaqqala savaşından keçmədən dövlət və müstəqillik sevgisi tam olmur. Məhz bu səbəbdən Azərbaycanın bir çox ali məktəblərində, orta məktəblərində gənclərimizin 23 fevralı, yəni 1918-ci ildə Rusiya ordusunun yaranması gününü hələ də Kişilər Bayramı kimi qeyd etməyini təəccüblə qarşılamaq olmaz."