Vahid Əhmədov: “İnhisarçılıq hökumətin ən zəif yeridir”
Millət
vəkili Vahid Əhmədov manatın ikinci devalvasiyası və bunun ölkə
iqtisadiyyatına, xalqın sosial həyatına mümkün təsirləri ilə bağlı Moderator.az
saytı və “Hürriyyət” qəzetinə müsahibə verib:
-Vahid müəllim, öncə ikinci devalvasiya və bunun cəmiyyətdə
yaratdığı narahatlıqla bağlı fikirlərinizi bilmək istərdik.
-Ümumiyyətlə,
bununla bağlı mənə edilən zənglər və müraciətlər xeyli çoxalıb. Elə iki gün öncə
mən Qubada idim, Gənclər və İdman Nazirliyinin böyük bir tədbiri var idi, tədbir
iştirakçıları da xahiş etdi ki, ikinci devalvasiyadan sonra yaranmış durumu şərh
edim, onun neqativ təsirlərinin qısa zamanda aradan qaldırılması yolları barədə
fikirlərimi bölüşüm. Mən də çıxışımı bu məsələlərin üzərində qurdum. Təbii ki,
bir ildə iki dəfə devalvasiyaya gedilməyə məcbur olmağımız vəziyyətin
ciddiliyindən xəbər verir və Azərbaycan iqtisadiyyatı dünyada baş verən bəlli
proseslərin mənfi təsirlərindən minimum itkilərlə çıxması üçün hökumətin çevik
antiböhran tədbirləri həyata keçirməsinə ehtiyac var. Dövlət büdcəmizin faktiki
olaraq neftdən asılı olması şəraitində dünya bazarında neftin qiymətlərinin bir
ildə 3 dəfə aşağı düşməsi təbii ki, məsələlərə yeni yanaşma tələb edir. Təbii
ki, biz birinci devalvasiyadan öncə də, 21 fevraldan sonra da dəfələrlə mətbuatda
fikirlərimizi bildirmişik və bu cür şok devalvasiya tərəfdarı deyildik. Biz ilk
gündən yumşaq devalvasiya xəttini irəli sürürdük ki, insanlar əziyyət çəkməsinlər.
Onu da etiraf etmək lazımdır ki, 21 dekabr devalvasiyasının nəticələri ilə 21
fevral devalvasiyasının nəticələri arasında xeyli fərqlər var. Təsəvvür edin
ki, 21 fevral devalvasiyasından sonra hökumət hərəkətə keçdi və təxminən bir ay
müddətində qiymətləri stabil saxlamaq mümkün oldu. Amma sonuncu devalvasiya qərarının
səhərisi günü bütün məhsulların qiymətləri qaldırıldı. Mən Qubada qəbula gələn
bütün insanlardan qiymət artımı ilə bağlı soruşurdum. Məsələn, Qubada 25 qəpiklik
çörəyi 40 qəpiyə qaldırıblar. Bakının özündə də demək olar ki, bütün market və
digər ticarət obyektlərində qiymətlərdə ciddi artımlara əl atılıb. Hesab edirəm
ki, bu, sahibkarlar tərəfindən kəmfürsətlikdir, çünki adamdan soruşarlar ki, sən
hansı əsasla köhnə qiymətə aldığın məhsulu alıcıya yeni qiymətlə təklif edirsən?
-Sizcə qiymətlərin süni şəkildə artırılmamasına
hansı qurum nəzarət etməlidir? Ümumiyyətlə, market və ticarət mərkəzlərini nəzarətdə
saxlamaqla, sırf inzibati üsullarla bu prosesin qarşısını almaq mümkündürmü?
-Təbii
ki, bu məsələləri tənzimləyən dövlət qurumları var və İqtisadiyyat və Sənaye
Nazirliyinin müvafiq strukturu bu istiqamətdə ciddi monitorinqlər həyata keçirməlidir
ki, niyə köhnə qiymətlərlə alınıb anbarlara doldurulan məhsullar yeni qiymətlərlə
satılır. Etiraf etmək lazımdır ki, yalnız inzibati metodla bazardakı qiymətləri
stabilləşdirmək mümkün olmayacaq. Əsas məsələ bazara daha çox mal çıxarılması və
rəqabət mühiti şəraitində təbii yolla qiymətlərin tənzimlənməsidir. Mən millət
vəkili olaraq belə hesab edirəm ki, Azərbaycan hökuməti vəziyyətin ən qısa
zamanda stabilləşməsi üçün kompleks tədbirlər həyata keçirməlidir. Bir tərəfdən
Mərkəzi Bank pul kredit siyasətində, hökumət isə digər sahədə böhranın təsirlərini
minimuma endirən islahatlara getməlidirlər. Məsələn, mən təklif etmişəm ki, 10
min dollara qədər olan kreditlərin qaytarılmasında fərqli yanaşma sərgilənsin.
Yəni bunlar əsasən istehlak kreditləridir və aztəminatlı ailələr istər
övladlarına toy etmək üçün, yaxud təhsil haqlarının ödənilməsi, evə zəruri məişət
avadanlıqlarının alınması üçün bu borclanmaya getməyə məcbur olublar. Məhz bu
kreditlərin elə köhnə məzənnə ilə, yəni 1,05 nisbətində ödənilməsi daha ədalətli
yanaşma olardı. Mərkəzi Bankda bizim bu təklifimizi araşdırırlar və bunun həyata
keçirilməsi olduqca vacibdir. Bilirsiniz ki, dünən Naxçıvanda Naxçıvanbank belə
bir qərar verdi və kreditlərin köhnə məzənnə ilə qaytarılması haqqında tədbirlər
görüldü. Doğrudur, Naxçıvanda bir milyon dollarlıq bu cür kredit var və 400 nəfərə
yaxın kreditorun probleminin həllindən söhbət gedir. Təbii ki, Naxçıvandan fərqli
olaraq ölkə miqyasında istər kredit götürənlərin sayı, istərsə də məbləğ dəfələrlə
çoxdur. Amma istənilən halda presedent var və düşünürəm ki, Mərkəzi Bank çəkinmədən
anoloji qərar verməlidir. Ola bilsin ki, hökumət də bu istiqamətdə Mərkəzi
Banka yardım etsin. Çünki etiraf etmək lazımdır ki, heç bankların özlərinin də
vəziyyəti ürəkaçan deyil və bir ildə iki dəfə devalvasiyaya getmək onları xeyli
zəiflədib.
Başqa
bir vacib məqam da sığorta olunan kreditlərin məbləğinin olduqca aşağı
olmasıdır. Yəni bu gün yalnız 30 min manatadək əmanətlərin sığortalanması
yolveriməzdir və bu məhdudiyyət milyardlarla vəsaitin əhalinin əlində, obrazlı
desək, balış və döşəyin altında saxlanılmasına səbəb olub. Həmin vəsaitlərin
banklara yənəldilməsi üçün Mərkəzi Bank bu siyasətə yenidən baxmalıdır. Mən təklif
etmişəm ki, qorunan əmanətlərin miqdarı 10 dəfədən çox artırılsın, lap 500 min
manat həcmində olsun ki, insanlar pullarını bankalara etibar etsinlər.
Eyni
zamanda əmanətlərin qorunacağı ilə bağlı zəmanət verilsin ki, istənilən halda
tutaq ki, bir neçə il müddətində kimsənin bir manatı da bata bilməz. Buna
gedilsə kredit portfelindən əziyyət çəkən banklar da, banka pul qoyan vətəndaş
da, bankdan ucuz kredit alacaq sahibkar da qazanar. Başqa bir təklifimizsə dəfələrlə
deyilsə də, nəticə verməyən bankların sayının həddindən artıq çox olmasıyla
bağlıdır. Azərbaycan kimi ölkələrdə 42 banka ehtiyac yoxdur və heç kimə sirr
deyil ki, az qala hər bir iri məmurun bir bankı var. Bu azmış kimi burada rəqabət
kredit faizlərinin daha aşağı olması deyil, əksinə, daha da yuxarı faizlə
verilməsi üzərində qurulub. Bu isə tamamilə ədalətsizlikdir. Necə olur ki, sən
mənim əmanətimi 9 faizdən qəbul edirsən, amma səndən kredit istəyəndə həmin
pulu gətirib mənə 30-35 faizlə verirsən, bu nə dərəcədə doğrudur?
-Sonuncu devalvasiyadan Mərkəzi Bankın əldə
etdiyi 3 milyard manatdan artıq vəsaitin heç olmasa 1 milyardını kommersiya
banklarına verməklə kredit faizlərinin aşağı salınması təklifi səsləndirilir.
Amma Mərkəzi Bank 3 -cü devalvasiya xofundan həmin pulları “dar gün” üçün saxladığını
və heç nəyə xərcləmək niyyətində
olmadığını bildirir. Doğrudanmı 3-cü devalvasiya təhlükəsi var?
-Belə
bir təhlükə həmişə var və bunu danmaq olmaz. Devalvasiyanın əsas səbəbkarı
neftin sürətlə düşən qiymətləridir. Digər səbəbsə, etiraf etmək lazımdır ki, Azərbaycan
hökumətinin qeyri-neft sektorunun inkişafına nəzərəçarpacaq diqqət
ayımamasıdır. Bunun nəticəsidir ki, hələ də ixracımızın 90 faizindən yuxarısını
neft və qaz təşkil edir. Yəni ötən bu dövr ərzində nə yazıq ki, biz ixrac
yönümlü məhsulların istehsalı ilə məşğul olmamışıq. Təbii ki, bu gün ixracda
qeyri-neft sektorunun payı heç olmasa 30-40 faiz olsaydı, bu cür şok effektli
devalvasiyaya da getməyə gərək qalmazdı. Konkret olaraq 3-cü devalvasiyaya gəldikdə
isə bəllidir ki, neftin qiyməti 20-25 dollar həddinədək aşağı ensə, 3-cü
devalvasiyanın baş verməsi də qaçılmaz ola bilər.
-İndi hamı maaş və təqaüdlərin simvolik də olsa
artırılması zərurətindən danışır. Maraqlıdır, qəpiyə güllə atan hökumətimiz o
boyda vəsaiti hardan tapacaq?
-Yox,
mən o cür deməzdim və hökumətimiz heç də sizin dediyiniz kimi, qəpiyə güllə
atmır. İmkanlar var və lazımi resursların cəlbini təmin etmək heç də çətin
deyil. Amma bütün bu məsələlərə paket şəklində baxılmalıdır və ilk növbədə vəziyyətdən
çıxmaq üçün konkret hədəflər və müddətlər qoyulmalıdır ki, neçə ildən sonra
qeyri-neft sektorunun ixrac potensialını tutaq ki, 20, 30 və ya 40 faiz edəcəyik,
bunun üçün mərhələ-mərhələ hansı prosslərdən keçmək lazımdır, məsuliyyəti kimlər
və ya hansı qurumlar öz üzərinə götürməlidir. Yəni bu elə bir məsələdir ki,
burada cavabdehlik ilk növbədə olmalıdır ki, sabah nəticə də onlardan tələb
olunsun. Mən hesab edirəm ki, Azərbaycan hökuməti fövqəladə iş rejiminə
keçməlidir və gecə-gündüz işləməlidir. Əhalini də mütəmadi məlumatlandırmaq
lazımdır ki, hansı tədbirlər görülür. Hər şeyi cənab prezidentin üstünə yıxmaq
doğru deyil. Çevik hökumətə gərək var və hər gün ciddi qərarların verilməsinə
ehtiyac yaranıb. Kimsəni qorxutmaq və ya vahiməyə salmaq istəmirəm, amma əminəm
ki, hökumət tərəfindən qeyri-neft sektorunun sürətli inkişafı üçün radikal qərarlar
verilməsə, 3-cü devalvasiyanı gözləmək lazımdır. Amma məndə olan məlumata görə,
dövlət başçısı Azərbaycan hökumətinə bu istiqamətdə ciddi tapşırıqlar verib və
düşünürəm ki, vəziyyətin dramatikləşməsinə imkan verilməyəcək.
- Prezident inhisarçılığın aradan
qaldırılmasının zəruriliyinə növbəti dəfə toxundu və gömrük-vergi orqanlarında
maksimum şəffaflıqla bağlı tapşırıqlarını verdi. Sizcə ölkə başçısının xəbərdarlığından
sonra bu sahədə fərqli mənzərənin şahidi olacayıqmı?
-
Bayaq dediyim kimi, devalvasiyanın mənfi təsirlərini aradan qaldırmaq üçün
kompleks tədbirlər görülməlidir. Rəqabət mühitinin yaradılması, inhisarçılığın
aradan qaldırılması, gömrük-vergi orqanlarında ciddi islahatların aparılması bu
gün ikiqat aktuallıq kəsb edir. Mən sizə bir faktı deyim. Cənab prezident
oktyabrda bir fərman verdi. Fərmanda qeyd olunurdu ki, əhali sərhəddən gömrük
rüsumu ödəmədən 10 min dollar civarında mal keçirə bilər. Amma həmin fərmanda
yazılıb ki, istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar
keçirilə bilər. Amma indi siz fikir verin. Bizim vətəndaşları gedib İrandan və
ya Rusiyadan nisbətən ucuz ərzaq məhsulu və ya gündəlik tələbat malları alıb gətirir,
bunun nəyi pisdir ki? Amma dünən mən Qubada soruşdum. Deyirlər ki, yox, hələ də
10 kiloqramdan artıq mal buraxmırlar sərhəddən. Niyə? Qoy bu yazıq yağ, düyü və
ya digər ərzaqları alıb gətirsin öz balasına və lap bir neçə qonşusuna da
versin, lap mağazaya da satıb yol pulunu çıxarsın. Buna imkan yaratsa, hökumət
kasıb düşəcək? İnhisarçılığa gəldikdə isə hamı bilir ki, bu çox ciddi məsələdir
və hökumətin ən zəif yeridir. Mən həmişə deyirəm ki, bizim camaatımız
diribaşdır, ona mane olmasan yetər, o gedib öz dolanışığını tapacaq, yetər ki,
ona mane olma, işinə əngəl törətmə. Cənab prezidentin son vaxtlar verdiyi bir
sıra sərəncam və fərmanlar, Milli Məclisdə qəbul olunan qanunlar əhalinin vəziyyətinin
yaxşılaşmasına hesablanıb. Amma bu qanunların, fərman və sərəncamların icrasına
çox ciddi nəzarət olmalıdır.
-İnhisarçıların kimlər olduğunu nəinki media və
iqtisadçı ekspertlər, hətta xırda ticarətçilər də bilir. Elə isə hökumət niyə
bu istiqamətdə kəsərli addımlar atmağa tələsmir?
-Bilirsiniz,
fikirlərim bir qədər sərt alınsa da deməliyəm ki, bunlar hökumətin istəyib-istəməməsindən
asılı deyil və artıq ayrı çıxış yolu da yoxdur. Yəni vəziyyət elə həddə gəlib
ki, başqa yol yoxdur və nəhayət hökumət inhisarçılığın qarşısına sədd çəkməlidir
ki, iqtisadiyyat bu fırtınadan salamat çıxa bilsin.
Seymur Əliyev