Bu gün Liberal-Demokrat Partiyasının (ALDP) qərargahında “Azadlıq-2015” seçki bolokunun təsisçiləri olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev və ALDP-nin sədri Fuad Əliyev arasında görüş keçirilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, ikinci devolvasiyadan sonra yaranmış durum və iştirakçı partiyalar arasında münasibətlərin perspektivi müzakirə edilib.
Öncə ALDP sədri F.Əliyev ABŞ səfirliyində keçirdiyi görüş haqqında məlumat verdikdən sonra ilk məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qarşılıqlı münasibətlərin tənzimlənməsinə dair məsələnin müzakirəsinin yekununda qeyd olunan altı partiyanın iştirakı ilə “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin yaradılması qərara alınıb.
Görüşün sonunda Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi adından bəyanat qəbul edilib. Bəyanatda deyilir:
“Son illər dünyada müşahidə edilən qlobal maliyyə-iqtisadi böhran fonunda Azərbaycan hakimiyyətinin fəaliyyətsizliyi və zəruri addımları atmaması ölkə iqtisadiyyatını acınacaqlı vəziyyətə salıb. İqtisadiyyatın mütləq hissəsinin neft istehsalı və emalından ibarət olması, qeyri-neft sektorunun inkişafına yönəlik ciddi tədbirlərin görülməməsi nəticəsində ölkədə ümumi durum kifayət qədər gərginləşib. Təxminən son iki il ərzində Qərb-Rusiya qarşıdurması səbəbindən dünya bazarlarında neftin qiymətinin tədricən ucuzlaşaraq artıq psixoloji həddən də aşağı düşməsi birmənalı neftdən asılı olan Azərbaycan iqtisadiyyatını və bank-maliyyə sistemini çöküş həddinə gətirib.
Azərbycan hakimiyyətinin mənfi istiqamətdə gedən qlobal iqtisadi-maliyyə proseslərini düzgün qiymətləndirməməsi yekunda milli valyutamız olan manatın ABŞ dollarına nisbətdə sürətlə ucuzlaşması ilə nəticələnib. Azərbaycan hakimiyyətinin yaranmış ekstremal şəraitdə düzgün və operativ qərarlar vermək qabiliyyətində olmaması manatın bu il fevralın 21-də təqribən 33 faiz, dekabrın 21-də isə 50 faiz devolvasiyaya uğramasına, nəticə etibarilə milli valyutamıza olan etimadın itməsinə səbəb olub.
Hakimyyət fevralda olduğu kimi, dekabrda elan etdiyi devolvasiya zamanı da vətəndaşların hüquq və maraqlarını nəzərə almayaraq, milyonlarla soydaşımızın həyatını növbəti dəfə çətinləşdirmək yolunu tutdu. Ölkədə 2,5 milyon vətəndaşın
banklara kredit borcunun olduğunu, əhalinin gəlirlərinin indekləşdirilmədiyini və sürətli qiymət artımını qeyd etsək, hakimiyyətinin bu qərarının hansı sosial gərginliyə yol açdığını təsəvvür etmək olar. Hesab edirik ki, ölkə iqtidarı bu qərarına yenidən baxaraq, vətəndaşların sosial hüquqlarının qorunmasına hədəflənmiş təcili addımlar atmalıdır.
Eyni zamanda, qeyd etməyi lazım bilirik ki, yaranmış gərgin şəraitdə ölkədə siyasi konsensusa olan ehtiyac daha da artıb. Bu baxımdan, ötən ilin əvvəlindən başlayan, lakin bizə aydın olmayan səbəblərdən dayandırılan hakimiyyət-müxalifət dialoqunun tezliklə bərpa olunmasını və ölkənin üzləşdiyi problemlərin məhsuldar müzakirələr yolu ilə həlli yollarının tapılması zərurətini bir daha bəyan edirik”.