“Türkiyə-Rusiya gərginliyi özünü Qarabağ cəbhəsində də göstərməkdədir”
Gündəm
5141
14 Dec 2015 | 12:28

“Türkiyə-Rusiya gərginliyi özünü Qarabağ cəbhəsində də göstərməkdədir”

Türkiyə-Rusiya gərginliyi fonunda Azərbaycanın qardaş ölkəyə verdiyi siyasi-mənəvi dəstək Kremli ciddi şəkildə narahat etməkdə, qıcıqlandırmaqdadır. Təsadüfi deyil ki, dekabrın 4-də “Günəşli” yatağının 10-cu platformasında baş verən yanğının da məhz Rusiyanın təxtibatı ola biləcəyi ilə bağlı fikirlər səslənir ki, bu da Putin hakimiyyətinin mahiyyətinə az-çox bələd olan hər kəs üçün tamamilə real görünür.

Maraqlıdır, Azərbaycanın Türkiyəyə dəstəyindən heç cür məmnunluq duymayan Rusiya, Azərbaycan-Ermənistan təmas xəttində yeni bir  gərginliyə start verməklə vəziyyətin bir qədər də mürəkkəbləşməsinə cəhd edə bilərmi? Mümknüdürmü ki, Rusiya Azərbaycana olan bu qəzəbini yenidən Qarabağ kartını işə salmaqla büruzə versin?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov  bu ehtimalın kifayət qədər ciddi olduğuna diqqət çəkdi:

“Noyabrın 24-dən bu yana dünya sanki bir savaş meydanına çevrilməkdədir. Rusiyanın “SU-24” bombardımançı təyyarəsinin Türkiyə dövlət sərhədini pozması nəticəsində vurulması rusların yuxusuna haram qatıb. Putin və ətrafı heç cürə sakitləşmək bilmir. Türkiyə tərəfinin dəfələrlə bu məsələni şişirtməmək, sakit tonda, təhqirsiz, hədə-qorxusuz, ən əsası isə şantazsız şəkildə bu məsələni müzakirəsi təklifi nədənsə hikkəli və özündənrazı Rusiya siyasi və hərbi rəhbərliyinə çatmır. Əlbəttə ki, belə bir gərgin atmosferda iki dost və qonşu arasında olan gərginlikdən ən çox ziyan görən ölkələrdən biri də Azərbaycandır. Biz çox doğru olaraq bizə hər mənada yaxın olan qardaş Türkiyənin maraqlarını nəzərə alıb onun yanında olmalıyıq və necə ki, yanındayıq. Necə olur ki, bizim torpaqlarımızı işğal edən və həyasız Ermənistanla Rusiyanın həm iqtisadi sahədə, həm də hərbi sahədə strateji müttəfiqlik mövcuddur və biz buna sakit yanaşırıq, Rusiyanın da borcudur ki, bizim Türkiyə ilə münasibətlərimizə son dərəcə ehtiramla və hörmətlə yanaşsın.

İki ölkə arasında olan gərginlik özünü Qarabağ cəbhəsində də göstərməkdədir. Rusların əlaltıları olan Ermənistan rəhbərliyi cəbhədə müxtəlif təxribatlar törədir və istifadə etdiyi silahların çeşidini də bir qədər artırıb. Əvvəllər avtomat və pulemyotlardan daha çox istifadə olunurdusa, indi minaatan və artilleriya qurguları istifadə edilir. Azərbaycan tərəfi də düşmənə layiq olduğu cavabı verir. Bu, bundan sonra da belə olacaqdır. Rusları əlbəttə ki, Azərbaycanın Türkiyəyə verdiyi dəstək qıcıqlandırır, amma onlar yaxşı başa düşürlər ki, bu belə də olmalıdr. Onlar bunu açıq biruzə verməsələr də, hardasa çalışırlar ki, ya birbaşa, ya da dolayısı ilə bizə müəyyən çətinliklər, problemlər yaratsınlar. Yəqin ki, yaxın zamanlarda Rusiya-Türkiyə arasında olan gərginlik nisbətən səngiyəcək və münasibətlər yavaş-yavaş məcrasına düşəcəkdir. Bu, Türkiyədən daha çox iqtisadi vəziyyəti daha da ağırlaşan Rusiyaya daha çox lazımdır. Bu yumşalma özünü cəbhə bölgəsində də göstərəcəkdir. Amma ordumuz da son dərəcə diqqətli və ayıq-sayıq olmalıdır”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər