Hacı Tale Bağırzadənin tərəfdarlarının facebookda yaydıqları məlumata görə, əslində atışma bu din xadiminin evində namaz vaxtı baş verib.
Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.
Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.
***
Bakıda xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
Sabunçu rayon Polis İdarəsindən əməliyyat keçirildiyini təsdiqləyiblər.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır, bu barədə ictimaiyyətə məlumat veriləcək.
***
Yaralılardan birinin verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13.00 radələrində qeydə alınıb. (Bizimyol.info)
***
3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov bildirib ki, xəstəxanaya daxil olan yaralıların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir. (virtualaz.org)
***
Hadisə şahidlərinin verdiyi məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib.
Sabunçu rayonunda baş vermmiş silahlı insident nəticəsində Sabunçu Rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Sadiq Həsənov yaralanıb. (Femida.az)
***
Nardaran dindarlarından daxil olan məlumata görə, bu gün Nardaranda Rəhimə xanım ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Hacı Tale Bağırov və yaxınlarınının telefonlarına zəng çatmır. İlkin məlumatlara görə 2 nəfər ölüb, bir neçə nəfər də yaralanıb. (İslamazeri.az)
Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı virtualaz.org-a təsdiq ediblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilməyib.
Şahidlərdən birinin azadliq.info-ya bildirdiyinə görə isə Sabuncu rayon polis idarəsinin qarşısına bir avtobus polis, bir hərbi maşın, bir suvuran maşın, 5-6 post-patrul xidməti maşını gətirilib.
Hadisəni diqqətdə saxlayacağıq.