İran ABŞ-ın müdafiə sistemlərinə uyğunlaşıb.
İran son dövrdə ABŞ ərazisindəki mühüm hədəflərə daha effektiv zərbələr endirməyə başlayıb. Bu isə amerikalı rəsmilərdə Tehranın hədəflərin müəyyənləşdirilməsi və zərbələrin dəqiqləşdirilməsi üçün Çin və ya Rusiyadan yardım ala biləcəyi ilə bağlı narahatlıq yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
Nəşr yazır ki, İran ABŞ-ın hava hücumundan müdafiə sistemlərinə uyğunlaşaraq çox yüksək sürətə çatan və hədəfə yaxınlaşarkən manevr edə bilən raketlərdən istifadə edir. ABŞ rəsmiləri hesab edir ki, İranın həssas obyektləri vurmaq imkanlarının artması onun Rusiya və ya Çindən texniki dəstək alması ehtimalını gücləndirir.
ABŞ itkiləri və yeni zərbələr
Daha əvvəl İranın İordaniyadakı "Muvaffaq Salti" aviabazasına hücumu nəticəsində iki amerikalı hərbçi həlak olub, bir neçə nəfər yaralanıb. Hücum zamanı bəzi pilotlu və pilotsuz uçuş aparatları da məhv edilib. Nəşr yazır ki, bu, Trampın aprelin əvvəlində atəşkəs elan etməsindən sonra düşmən atəşi nəticəsində ilk ABŞ itkiləridir.
ABŞ prezidenti daha əvvəl İranın amerikalı hərbçiləri öldürəcəyi halda müharibəni yenidən başlatma ehtimalını nəzərdən keçirəcəyini bildirib. Sonradan Pentaqon İraqda daha bir ABŞ hərbçisinin öldüyünü açıqlayıb. Hərbçi İranın vurulmuş hücum dronunu zərərsizləşdirərkən həlak olub.
ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir
ABŞ İranın hücumlarına cavab olaraq regiona əlavə hərbi təyyarələr göndərir. Bunların arasında Almaniyadakı "Şpandahlem" aviabazasından F-16 qırıcıları, Britaniyadakı "Leykenhit" bazasından isə F-35 gizli döyüş təyyarələri var. Bundan əlavə, yanacaq dolduran təyyarələr də bölgəyə yerləşdirilir.
Tərəflər arasında diplomatik danışıqların başladığına dair əlamətlər yoxdur. ABŞ ordusu bildirib ki, İran ərazisinə zərbələrin yeni mərhələsi başlayıb. Pentaqonun mümkün əməliyyat variantları arasında İranın enerji infrastrukturu, nüvə obyektləri və yeraltı qurğularına əlavə zərbələrin endirilməsi də nəzərdən keçirilir.