Rusiya yarandığından bu günə qədər daxili problemlərinin həllinin ancaq bir yolunu qəbul edir -müharibə.
Eks - spiker Rəsul Quliyev
Moderator.az - a bu dəfəki açıqlamasında Rusiyanın Suriyaya müdaxiləsini şərh edərək Putinin bu təxribatcı gedişinin iflasla nəticələnəcəyini bildirib:
"1979-cu ildə Baş katib Brejnyevin fiziki və intellekt zəifləməsindən istifadə edən Rusiyanın yastrebləri KQB-nin sədri (3 ildən sonra baş katib olacaq) Andropov, müdafiə naziri marşal Ustinov və xarici işlər naziri Qromıko Siyasi Büronu qoşunları Əfqanıstana yeritmək qərarını qəbul etməyə məcbur etdi. Məhdud qoşunla və əsasən hərbi təyyarələr və vertolyotlarla təcavüzə başlamış Sovet İttifaqı çox qısa bir müddətdə hərbi gücünü 10 dəfələrlə artırmağa məcbur oldu. Bütün ərazidə, yəni Pakistandan tutmuş Tacikistana və Hindistandan tutmuş İrana qədər uzanan Əfqan ərazisinin hər yerində geniş miqyaslı müharibəyə başladı. 9 il çəkən bu müharibə 2 milyona yaxın insanın qətlə yetirilməsi və Sovet İttifaqının dağılması ilə qurtardı.
ABŞ-la 20 illik silahlanma yarışında bütün parametrləri ilə uduzmuş, ölkəsini iqtisadi bankrot həddinə çatdırmış, artıq ərzaq mallarını (olan-qalan pulunu hərbə sərf edən Sovetin başqa təsərüfat sahələrini, o cümlədən kənd təsərrüfatına investisiya qoya bilmədiyindən hər şey - çörək, ət, yağdan tutmuş qab-qacaq, pal-paltar da defisit olmuşdu.) xaricdən alan Sovetlər neftin qiymətinin 1977-78 ”“ci illərdə düşdüyünə görə ümumi aclıq və səfalətin astanasında idi. Əfqanıstana təcavüz neftin qiymətinin qalxmasına kömək etməli idi. Həmin ildə İranda baş vermiş İslam inqilabı da Sovet ittifaqının ömrünü bir qədər uzatdı. Çünki neftin qiyməti artıq 1979-cu ildən qalxmağa başladı və 1982-ci ilin axırında ən yuxarı həddinə çatdı.
Həmin vaxtlar ABŞ prezident seçkisi ərəfəsində idi. Sivil ölkələrin SSRİ-ni cəzalandırmasının tək Moskvada keçiriləcək olimpiya oyunlarını boykot etməklə qurtarmayacağı aydın idi.
O vaxt SSRİ-nin informasiya orqanları beynəlxalq borcunu yerinə yetirməsindən, necə müvəffəqiyyətli Əfqanıstanda imperialist qüvvələri artıq məhv edib qurtarmasından bol-bol yazırdı və danışırdı, ancaq sink tabutların gəlməsi gündən-günə artırdı.
1982-ci ildə Brejnyevin vəfatından sonra hakimiyyətə gəlmiş Andropovun ilk addımı "dissiplinanı" qaldırmaqdan başladı. Küçələrdə adamları tutub milisə aparıb sorğu - suala tutmaqla başladı. Yəni iş vaxtı nə üçün küçədə gəzirsən, kinoya gedirsən, kafedə oturmusan və sair. Bir sözlə, çox qısa bir müddətdə bu diktator metodunun işləməsi üçün tək milisə aparıb sorğu - suala tutmağın elə bir xeyri olmadığını anladılar. Effekti olması üçün 1920-ci illərdəki kimi 5-indən birini güllələmək lazım idi. Yadımdadır, milisdən bizim zavoda da zəng edirdilər. Biz onları zorla başa salırdıq ki, bizdə 3 növbəli işdir və onlar gündüz hara istəsələr gedə bilərlər.
Bundan bir şey çıxmadığını anlayıb müəssisələri partiyanın rəhbərliyi altında təsərrüfat hesabına keçirmək qərara alındı. Ancaq bu mexanizm işə düşməyə macal tapmadı. ABŞ-da prezident seçkilərini Reyqan uddu. Sovet İttifaqını "Şər imperiyası" adlandırdı və məqsədinin bu imperiyanı dağıtmaq olduğunu açıq elan etdi. Hərbi büdcəni 30 faiz artırmağa nail oldu və sovetlər hər şeyi bir kənara qoyub bütün resurslarını balans saxlamaq üçün hərbə xərcləməyə başladı.
Prezident Reyqan komandası ilə sovetlərin çörək ağacı olan neftin qiymətini aşağı salmaq proqramını ardıcıllıqla həyata keçirməyə başladı. Nəticədə 1987-ci ildə neftin qiyməti ən aşağı həddinə çatdı. Sovet İttifaqında hər şey yenidən 30-cu illərdəki kimi talon sisteminə keçdi. Sovet bir ölkə kimi bankrot oldu.
Kiçik bir təkan, 1991-ci il avqust putçu onun dağılması ilə qurtardı.
Nə üçün 1979-cu ildə baş vermiş, sonra davamı 1991-ci ildə sovetlərin dağılması ilə qurtaran hadisələri geniş izah etdim? Çünki dünyada bu gün baş verənlər eyni ilə həmin 36 il bundan öncə baş verənlərin təkrarıdır.
1979-cu ildəki kimi indi də Rusiya addımbaaddım iqtisadi bankrota yaxınlaşır, çünki neftin qiyməti iki dəfə aşağı düşüb. ABŞ hərbi büdcəsini 632 milyard dollar səviyyəsində qəbul edib və Rusiya məcburən bütün resurslarını hərb üçün xərcləyir. Başqa sahələrə, o cümlədən kənd təssərrüfatına investisiya qoymaq imkanı yoxdur. Suriyaya girməklə neftin qiyməti 5 faiz qalxdı, ancaq yenidən stabilləşdi. ABŞ neftin eksportuna qoyulmuş qadağanı (40 ildir ABŞ neft eksportuna qadağa qoyub) aradan götürüb Avropanın Rus neftindən asılılığına son qoymaq istəyir. Bu qanun qəbul edilsə və Rusiyanın bu günkü dostu İran bazara əlavə 2 milyon barelə yaxın neft çıxarsa Rusiyanın büdcə fəlakətinin qarşısını almaq mümkün olmayacaq. Rusiyada 1982-ci ildə olduğu kimi başda KGB polkovniki dayanıb. (Fərq ondadır ki, o vaxt KGB generalı dayanmışdı) ABŞ Reyqanını gözləyir. Rusiyanın son aqressiv hərəkətləri istənilən seçiləcək prezidenti artıq Rusiyanı dağıtmaq siyasətini aparmağa məcbur edir.
İran Rusiyadan öz məqsədləri üçün ustalıqla istifadə edir. Özündən müştəbeh Putini təriflər və müxtəlif vədlərlə Suriyaya salmaqla bütün ərəb dünyası, o cümlədən Türkiyə və İsraili ona düşmən edib. Bu ölkələrin hamısı həm də İranın qatı düşmənləridir. Putinə İranın onunla birlikdə olduğunu və Qərblə düşmən olduğunu sübut etmək üçün İranın lideri Xomeneyi ABŞ-la bütün danışıqların və iş birliyinin yaranmasına xitam verdiyini elan edir. Baxmayaraq ki, İranın prezidenti Ruhani bir neçə gün əvvəl BMT çıxışında ABŞ-la əlaqələrin genişləndiriləcəyindən söhbət açmışdı. Düşünürəm ki, Xomeneyinin (İran İslam Respublikasının konstitusiyasına görə ölkənin 17 dindarından büro yaradılır. Sovetlərin siyasi bürosuna bənzər. Onun başçısı faktiki ölkənin başçısıdır, ordu, polis, KGB və sair ona tabedir. Bir sözlə, İran diktaturasının sütunu bu siyasi bürolarıdır) bəyanatı reallıqdan uzaqdır və Putinin daha da qətiyyətli olması üçündür. İran "düşmənimin düşməni mənim dostumdur" prinsipi əsasında çalışır və onun əsas düşmənləri Səudiyyə və Türkiyəni Rusiya ilə düşmən olmağa nail ola bilib.
Suriyada Rusiyanı nə gözləyir? Sovetləri Əfqanistanda nə gözləyirdisə Rusiyanı daha tez və ondan betəri gözləyir. Rusiya Çeçenistanı bombalamaqla (Qroznıda salamat heç bir ev də qalmamışdı) heç bir şeyə nail ola bilmədi. Sovetlər Əfqanıstanda və Ruslar Çeçenistanda istənilən şəhər və kəndi bombalayır, əsasən dinc əhalini qırırdılar. Ancaq Suriyada bu işi görmək mümkün olmayacaq. Çünki beynəlxalq aləm buna imkan verməz. Onların bombalamasının ( 90 faizi dəqiq olmayan) nə Xilifət, nə də rejimə müxaliflərin ordusuna elə bir ziyanı dəyə bilməz. Əsədin ordusu bu bombalamadan istifadə edib bu qüvvələri məğlub etmək imkanına malik deyildir. Addımbaddım Rusiya (Əfqanıstanda olduğu kimi) yerüstü ordusunu Suriyaya yeridəcək və sözsüz böyük itkilərə məruz qalacaq, ancaq heç bir qələbə çala bilməyəcək.
Ölkəsinin daxilində ən geci 1 aydan sonra terror aktları başlayacaq.
Rusiyanın əcaib və həyasız yalanlarla dolu təbliğatına baxmayaraq həqiqətən ordusunun, silah və texnikasının vəziyyəti ağlardır. Xəzər dənizindən atdığı raketləri ilə Azərbaycan, İran, Türkiyə və Ərəb ölkələrinə məndən qorxun mesajı göndərmək arzusu fiaskoya düşdü. Çünki atdığı 4 raketin İrana düşməsindən başqa yerdə qalan 22 raketin də heç birinin nəzərdə tutulan obyektlərə dəyməməsi bu qorxunu aradan götürdü".