Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Novruz bayramı öncəsi işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyən vətəndaşlara müraciət edib.
Moderator.az xəbər verir ki, müraciətdə bayram günlərində doğma torpaqları və əzizlərinin məzarlarını ziyarət etmək üçün çoxsaylı müraciətlərin daxil olduğu bildirilir. Agentlik vətəndaşların bu istəyini anlayışla qarşılasa da, həmin ərazilərdə mina təhlükəsinin hələ də ciddi şəkildə qaldığını xatırladır.
"Bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi yerlərdə əvvəllər də bədbəxt hadisələr qeydə alınıb. Bu səbəbdən hər kəsi səbirli olmağa və dövlət qurumlarının müəyyən etdiyi qaydalara ciddi əməl etməyə çağırırıq", — deyə müraciətdə vurğulanır.
ANAMA vətəndaşların təhlükəsizliyi üçün aşağıdakı qaydalara əməl etməyi xahiş edir:
Yalnız icazə verilmiş və təhlükəsiz elan edilmiş yollarla hərəkət edin;
Mina təhlükəsi işarələrini diqqətdə saxlayın və onları görməzdən gəlməyin;
Çəpərlənmiş ərazilərə heç bir halda daxil olmayın;
Bələd olmadığınız ərazilərdən uzaq durun və tanımadığınız əşyalara toxunmayın;
Təhlükə anında dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin.
Agentlik bir daha xatırladır ki, bir anlıq diqqətsizlik həyat üçün geri dönülməz təhlükə yarada bilər.