Yazar
Sultan Laçın
Bütün yazılar
qarabagh
761
20:20, Bu gün

Qarakənd helikopter faciəsindən sıralanan “qara qutu”ların sirri...

“...Hələki “qara məni basınca mən qaranı basım” deyərək qara sudan qaymaq tutan qara güclər  qara günlərimizin “qara qutu”larda yatan sirlərini açmağa imkan vermir...”
 
Bir qərinədən çox zaman ötdü o qara gündən... -34 il qabaq Qarabağın Qarakənd səmasında vurulan helikopterdə müstəqilliyi cəmi 33 gün öncə bərpa edilmiş  milli(!) dövlətimizin milli(!) elitasının qaymaqları şəhid edilərək qara tabutlara qoyulub qara torpağa gömüldü...
 
İmperiyaya bağlı qara qüvvələr tərəfindən Qərb dövlətlərindən birinə yox, milli faciələrimizin ssenari müəllifi, rejissoru və təşkilatçısı olan Moskvaya göndərilən “qara qutu”nun sirri açılmadı... 
 
13 il öncə yazdığım bir köşədə bu faciəni “Azərbaycanın taleyini dəyişən faciə...” adlandırmışdım...  20 Noyabrın bir xalq olaraq taleyimizə vurduğu zərbələrin mahiyyətini və doğrudan da taleyimizi dəyişdiyini anlamaq üçün ilk növbədə bir neçə suala cavab vermək lazımdı: 
O vertolyotda həlak olan Azərbaycan vətəndaşları kimlər idi? Faciə ərəfəsində bölgədə hansı proseslər gedir və həmin proseslərdə onlar necə iştirak edirdi? Onların qətli  hansı qüvvələrə və kimlərə sərf edirdi? Onlar qətlə yetirilməsəydi, Qarabağın, Azərbaycanın və ümumiyyətlə, Güney Qafqazın taleyi necə olardı?..
 
Allaha şükürlər olsun ki, o faciədən 29 il sonra şəhid və qazilərimizin canı-qanı bahasına Kremlin fitvasıyla qaragüruhçu, terrorçu ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız işğaldan azad edildi. Amma təəssüf ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağdakı keçmiş xunta rejiminin separatçıları üzərində iki ilə yaxın davam edən prosesdə o hadisənin detallarını danışa bilən şahidlər üzə çıxmadı...
 
Həm də ona görə ki, Moskva Qarakənd faciəsi də daxil olmaqla ümumiyyətlə, 1988-1991-ci illər ərzində Qarabağın işğalının bünövrəsinin qoyulduğu dövrün əsas sirlərini bilən, o günlər Azərbaycana qarşı görülmüş işlərin, törədilmiş terror və qətliam olaylarını təşkil və icra edən “KQB”, “QRU” agentləri- Vitali Balasanyan, Samvel Babayan və s.  kimi fiqurların əlimizdən qaçmasına şərait yaratdı... Əsal təşkilatçı və icraçılar olan Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyana isə əlimzin çatması hələ çox çətindir... 
 
...Qarakənddən başlayaraq Kremlin qara əlləri ilə bağlı olmuş bir çox helikopter, təyyarə faciələrimizin “qara qutu”larının sirləri hələ də açılmamış qalır... Ta ki 25 dekabr 2024-cü ildə Qroznı səmasında Rusiya hərbçiləri tərəfindən vurulmuş sərnişin təyyarəmizin, bəlkə də cəmi 9 gün öncə Gəncədən havalanaraq Gürcüstanda müəmmalı şəkildə qəzaya uğramış qardaş türk hərbi uçağınadək...  
 
...Hələki “qara məni basınca mən qaranı basım” deyərək qara sudan qaymaq tutan qara güclər  qara günlərimizin “qara qutu”larda yatan sirlərini açmağa imkan vermir... 
 
İnşalllah, qara günün ağ günü də var... Xalqımızın qara günləri göy əskiyə bükülsün...
Qaranlığın qənimi işıqdır...
Qaranlıqların nura boyanması üçün hər birimiz qəlbimizqə bir işıq yandırmalıyıq...
Allah 20 Noyabr şəhidləri də daxil olmaqla cəmi şəhidlərimizə rəhmət eləsin!..
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər